Azərbaycan və Qırğızıstan prezidentləri görüşdü, birgə bəyanat verildi - AÇIQLAMALAR (YENİLƏNİB)

Azərbaycan və Qırğızıstan prezidentləri görüşdü, birgə bəyanat verildi - AÇIQLAMALAR (YENİLƏNİB)

GÜNDƏM

Bugün, 09:45

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Mia.az xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

Mia.az xəbər verir ki, bu barədə Prezuidentin Mətbuat Xidməti məlumat yayıb.

Daha sonra Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

İclasda çıxış edən Azərbaycan Prezidenti deyib:

“Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”.

Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib:

“Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi”.

Prezident bildirib ki, Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub: “Şadam ki, Azərbaycan-Qırğız Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək”.

***

Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Mia.az əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkə təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", – deyə Japarov bildirib.

Qırğızıstan Prezidenti qeyd edib ki, Azərbaycanın müasir nailiyyətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub:

"Bu quruculuq yolu davam etdirilir. Siz ölkənin bundan sonrakı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsinə nail olursunuz".

"Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Ortaq dəyərlərimiz hər iki xalqın zəngin mədəni irsində öz əksini tapır. Böyük Nizami Gəncəvinin müdrikcəsinə dediyi kimi, qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir. Xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar", – deyə Sadır Japarov bildirib.

O, həmçinin əlavə edib ki, Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri ölkələr arasında münasibətlərin xüsusi xarakter daşıdığını bir daha təsdiqləyir:

"Ölkələrimiz dostluq və qarşılıqlı etimadın möhkəm təməli üzərində qurulan ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələyə qədəm qoyur. Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək heç bir həll olunmamış məsələ yoxdur. Əksinə, tərəflər arasında tam etimad və açıqlıq mühiti formalaşıb ki, bu da bizə inamla irəliləməyə imkan verir. Məhz belə bir şəraitdə mühüm təşəbbüslər irəli sürülür və ikitərəfli əməkdaşlığın gələcəyini müəyyən edən qərarlar qəbul olunur".

Japarov əlavə edib ki, Qırğızıstan-Azərbaycan əməkdaşlığı nəqliyyat, iqtisadiyyat, investisiyalar, təhlükəsizlik, təhsil və digər istiqamətlərdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir: "Ümid edirik ki, bugünkü danışıqlar qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq ruhunda keçəcək"

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR