Azərbaycan və Qırğızıstan prezidentləri görüşdü, birgə bəyanat verildi - AÇIQLAMALAR + FOTOLAR (YENİLƏNİB)

Azərbaycan və Qırğızıstan prezidentləri görüşdü, birgə bəyanat verildi - AÇIQLAMALAR + FOTOLAR (YENİLƏNİB)

GÜNDƏM

31.07.2026, 15:15

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.

Mia.az xəbər verir ki,  əvvəlcə Qırğızıstan Prezidenti bəyanatla çıxış etdi.

Prezident Sadır Japarovun bəyanatı

-Hörmətli İlham Heydər oğlu.

Hörmətli media nümayəndələri.

Bu gün Azərbaycan Prezidenti, hörmətli İlham Heydər oğlunu və Azərbaycan nümayəndə heyətinin üzvlərini qonaqpərvər Qırğız torpağında böyük məmnunluqla salamlayırıq.

Qırğız Respublikasına dövlət səfəri ilə bağlı dəvətimi qəbul etdiyinizə görə Sizə minnətdaram.

Əminəm ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır.

Biz cənab Prezidentlə Qırğızıstan-Azərbaycan əməkdaşlığına dair məsələlərin bütün kompleksi üzrə ətraflı və etimada əsaslanan danışıqlar apardıq. Bizim sədrliyimiz ilə Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi və Qərar imzalandı. Şuranın qərarlarının həyata keçirilməsinə dair informasiyanı dinlədik və birgə təşəbbüslərin yerinə yetirilməsinin gedişatını, o cümlədən Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyətini müzakirə etdik.

İkitərəfli qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini nəzərdən keçirdik və tərəfdaşlığımızın inkişafına dair yeni addımları müəyyən etdik. Bugünkü danışıqların mühüm yekunu müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması oldu. Bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur. Bundan başqa, energetika, nəqliyyat, kibertəhlükəsizlik, təhsil, maliyyə bazarının tənzimlənməsini, həmçinin qiymətli metalların dövriyyəsini əhatə edən ikitərəfli sənədlərdən ibarət sanballı zərf imzalanıb. Qarşılıqlı iqtisadi-ticari fəaliyyətin davamlı inkişafını və əmtəə dövriyyəsinin dayanıqlı artımını qeyd etdik. Gələcəkdə də işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində 3 birgə layihənin açılışı oldu və 8 təşəbbüsün həyata keçirilməsinə start verildi.

Nəqliyyat dəhlizlərinin inkişafı və ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirdik. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas bəndi kimi mühüm rolunu qeyd etdik. Həmçinin energetika sahəsində perspektivli istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Bu gün İssık-Kul gölü sahilində Azərbaycanın inşa etdiyi ilk 5 ulduzlu hotelin təntənəli açılışı olacaq.

Əminəm ki, bu layihə xalqlarımız arasında möhkəm dostluğun daha bir rəmzi olacaq və turizm potensialının inkişafına mühüm töhfə verəcək.

Beynəlxalq təşkilatlar çərçivəsində bizim səmərəli qarşılıqlı fəaliyyətimizi xüsusi qeyd etmək istərdim. Hörmətli İlham Heydər oğlunu VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində, "ŞƏT+" Sammitində, həmçinin 2027-ci il oktyabrın 21-23-də keçiriləcək "Bişkek+25" ikinci Qlobal Dağ Sammitində iştiraka dəvət etdim.

Çıxışımın sonunda bugünkü danışıqların yekunları ilə bağlı məmnunluğumu ifadə etmək istərdim.

Hörmətli İlham Heydər oğlu, məzmunlu fikir mübadiləsinə, Qırğızıstan-Azərbaycan münasibətlərinin inkişafına şəxsi diqqətinizə və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə daimi sadiqliyinizə görə Sizə minnətdaram. Əldə olunan razılaşmalar Qırğızıstanın və Azərbaycanın müttəfiqlik münasibətlərinin gələcəkdə də dərinləşməsinə qarşılıqlı səyləri təsdiqləyir.

Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

Prezident İlham Əliyevin bəyanatı

-Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Hörmətli cənab Prezident, əvvəlcə, Qırğızıstana dövlət səfərinə dəvət etdiyinizə, mənə qardaş Qırğızıstan torpağında göstərilən ənənəvi qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Bu gün biz Sizinlə dövlətlərarası münasibətləri ən yüksək səviyyəyə qaldırdıq, qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə birgə səyləri bir daha nümayiş etdirdik.

Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.

Siz qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.

Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir.

Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan "Bakı" hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və "Bakı" adını daşıyır.

Biz, həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün daim minnətdarlığımızı ifadə edirik. Sizinlə birlikdə Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.

Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.

Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da birgə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.

Bu gün bizim danışdığımız humanitar əlaqələr – Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət ab-hava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.

Həmçinin Sizə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürümü bildirmək istərdim. Hazırda o, "Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü" adlanır. Növbəti görüş bir müddətdən sonra keçiriləcək. Belə xoş münasibətə və bu yüksək mükafata görə bir daha təşəkkürümü bildirirəm.

Öz tərəfimdən Sizi uyğun hesab etdiyiniz vaxtda Azərbaycana yenidən dövlət səfərinə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

***

Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə iyulun 31-də Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Mia.az xəbər verir ki, Sadır Japarov iclasda çıxış edib.

Prezident Sadır Japarovun çıxışı

-Hörmətli İlham Heydər oğlu.

Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri.

Bizim incimiz olan İssık-Kul gölünün sahilində Sizi salamlamaqdan səmimi-qəlbdən şadam.

Qırğızıstana dövlət səfəri barədə dəvətimi qəbul etdiyinizə görə minnətdarlığımı bildirirəm. Qırğızıstanda Sizə - qardaş Azərbaycanın liderinə və qırğız xalqının əziz dostuna böyük hörmət bəsləyirlər. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bu gün ölkə böyük təəssürat doğuran nəticələr nümayiş etdirir, ardıcıl olaraq genişmiqyaslı islahatlar həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir. Bu son nailiyyətlər Azərbaycan xalqının Ümummilli Lideri, atanız hörmətli Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub. Bu quruculuq yolu davam edir. Siz ölkənin gələcək inkişafını təmin edir, regional və beynəlxalq proseslərdə onun rolunu möhkəmləndirirsiniz.

Qırğızıstan ilə Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvinin dediyi kimi: "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir". Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb.

Hörmətli İlham Heydər oğlu, Sizin səfəriniz Qırğızıstan-Azərbaycan münasibətlərinin xüsusi xarakterini bir daha təsdiqləyir. Biz möhkəm dostluq və qarşılıqlı hörmət təməlinə əsaslanan ikitərəfli qarşılıqlı fəaliyyətin inkişafında yeni bir mərhələyə qədəm qoyuruq. Qırğızıstan ilə Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək həll edilməmiş heç bir məsələ yoxdur. Əksinə, tam etimad və açıqlıq mühiti yaranıb ki, bu da bizə inamla irəliləməyə imkan verir.

Məhz belə bir ab-havada ikitərəfli əməkdaşlığın gələcəyini formalaşdıran mühüm prinsiplər və təşəbbüslər yaranır, qərarlar qəbul edilir. Əldə edilən bütün razılaşmaların birgə inkişafa və ortaq məqsədlərə çatmaq üzrə səmimi səylərə əsaslanması xüsusilə vacibdir. Qırğız-Azərbaycan əməkdaşlığı nəqliyyat, energetika, investisiya, təhlükəsizlik, təhsil və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da genişlənməsi üçün əhəmiyyətli potensiala malikdir.

Hesab edirəm ki, bugünkü danışıqlar ənənəvi olaraq etimad və konstruktiv ab-havada keçəcək. Danışıqların yekunlarına dair ikitərəfli əlaqələrin daha da inkişafına yönəlmiş mühüm razılaşmalar əldə ediləcək. Onların ardıcıl həyata keçirilməsi ümumi məqsədimizə - Qırğızıstanın və Azərbaycanın qardaş xalqlarının rifahının yüksəldilməsinə töhfə verəcək. Əsas siyasi nəticə isə müttəfiqlik münasibətləri haqqında Müqavilənin imzalanması olacaq.

Hörmətli İlham Heydər oğlu, Sizi və Azərbaycan nümayəndə heyətinin bütün üzvlərini qonaqpərvər Qırğız torpağında bir daha səmimi-qəlbdən salamlayıram.

Möhtərəm İlham Heydər oğlu, buyurun, sözü Sizə verirəm.

x x x

Sonra Azərbaycan Prezidenti çıxış edib.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Sadır Nurqojoyeviç.

Əziz dostlar.

Əvvəlcə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə, mənə və nümayəndə heyətinin üzvlərinə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bu, gözəl ölkənizə ilk səfərim deyil, amma təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Sizin rəhbərliyinizlə təkcə bu bölgədə deyil, bütün ölkədə gedən inkişaf məndə böyük təəssürat yaradıb. Əvvəlcə, Sizi və bütün qardaş Qırğızıstan xalqını sosial-iqtisadi inkişaf, ölkənin iqtisadi potensialının möhkəmləndirilməsi, beynəlxalq məsələlərdə rolunun artırılması üzrə əldə olunan böyük nailiyyətlər münasibətilə təbrik etmək istərdim.

Sizin dostlarınız və qardaşlarınız olaraq, hər bir uğurunuza daim sevinirik və həm inşaat sektorunda, həm də vəsaitlərin xalqın və ölkənin rifahına xərclənməsinə imkan verən maliyyə, büdcənin doldurulması sahəsində Sizin fəaliyyətinizin nəticələri aydın şəkildə görünür. Bu, bizdə sevinc hissi doğurur. Çünki biz dost, qardaşıq, xalqlarımızı ortaq köklər birləşdirir və qardaş ölkənin uğurunu öz uğurumuz hesab edirik.

Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, orada uşaqlar artıq təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər. Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir: bu yaxınlarda Azərbaycanda keçirilən Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi.

Siz müxtəlif sahələrdə əməkdaşlığı qeyd etdiniz. Əlbəttə, mən bütün sahələrdə qarşıya qoyduğumuz məqsədlərin hamısına nail olunacağına əminəm. Şadam ki, Qırğız-Azərbaycan Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək.

Sevinirəm ki, Azərbaycan, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirak edib. Bu gün həmkarlarımızla birlikdə beşulduzlu "Bakı" hotelini açacağıq. Bu da dost-qardaş münasibətlərinin təzahürüdür, həmçinin Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına kiçik töhfəsidir. Dünən Sizinlə aeroportdan gələndə gördüklərim - həm inşaat, həm də infrastruktur layihələri çox böyük təəssürat yaratdı.

Dünən birlikdə qolf oyunu üçün hər cür şəraitin yaradıldığı əraziyə baş çəkdik. Bu şərait beynəlxalq səviyyəlidir. Sizi bu nailiyyətlər münasibətilə təbrik etmək istərdim. Bütün bunlarda məhz Sizin xalqınıza və ölkənizə şəxsi sədaqətiniz, inkişafı sürətləndirmək səyləriniz hiss olunur. Siz buna nail olursunuz. Biz buna səmimi-qəlbdən sevinirik. Əlbəttə, Siz artıq qeyd etdiyiniz kimi, münasibətlərimizi müttəfiqlik səviyyəsinə yüksəldirik. Bu, qarşılıqlı fəaliyyətin ən yüksək səviyyəsidir. Bu, həm münasibətlərimizin xarakterini, həm də ruhunu əks etdirir.

Qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və əminəm ki, mənim dövlət səfərimin nəticələri qardaş münasibətlərimizin bundan sonra da möhkəmlənməsinə xidmət edəcək. Sağ olun.

x x x

Prezident Sadır Japarov: Hörmətli İlham Heydər oğlu, mühüm dəyərləndirmələrə və Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin yüksək səviyyəsini qeyd etdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

***

İyulun 31-də Çolpon-Ata şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə təkbətək görüşü olub.

Mia.az xəbər verir ki, bu barədə Prezuidentin Mətbuat Xidməti məlumat yayıb.

Daha sonra Çolpon-Ata şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

İclasda çıxış edən Azərbaycan Prezidenti deyib:

“Qarabağın bərpasında köməyə görə təşəkkürümü bildirmək istərdim. Ağdam bölgəsində Sizinlə birlikdə açılışını etdiyimiz məktəb Manasın adını daşıyır, artıq orada uşaqlar təhsil alırlar. Bu məktəb qardaşlığımızın daha bir rəmzidir, həmçinin xalqlarımızın birliyinin abidəsi kimi daim qalacaqdır. Təkcə Qarabağın deyil, bütün Azərbaycanın sakinləri bunu qiymətləndirirlər”.

Prezident İlham Əliyev Azərbaycan və Qırğızıstanın humanitar sahədə əlaqələrinin uğurlu inkişafını qeyd edib:

“Mən, həmçinin şadam ki, humanitar sahədə əlaqələrimiz uğurla inkişaf edir. Bu yaxınlarda keçirilən Azərbaycanda Qırğızıstan Mədəniyyəti Günləri və Qırğızıstanda Azərbaycan Günləri mədəniyyətimizin necə zəngin olduğunu və xalqlarımızın yaradıcılıq potensialını tam şəkildə üzə çıxaran belə tədbirlərin vacibliyini bir daha nümayiş etdirdi”.

Prezident bildirib ki, Azərbaycan-Qırğız İnvestisiya Fondunun vəsaitlərinin artırılması barədə qərar qəbul olunub: “Şadam ki, Azərbaycan-Qırğız Fondu uğurla fəaliyyət göstərir. Fondun vəsaitlərinin artırılması barədə qərar qəbul etdik və bir neçə layihə artıq həyata keçirilir. Əminəm ki, Fond inkişaf etdikcə, layihələrin sayı da artacaq. Bu, ortaq məqsədlərimizə xidmət edəcək”.

***

Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir və regionda sülhün və sabitliyin təmin edilməsində mühüm rol oynayır.

Mia.az əməkdaşı xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.

"Qırğızıstanda sizi qardaş Azərbaycanın lideri və qırğız xalqının əziz dostu kimi böyük hörmətlə qarşılayırlar. Sizin rəhbərliyinizlə Azərbaycan inamla inkişaf edir, beynəlxalq arenada mövqelərini möhkəmləndirir, regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu gün ölkə təsirli nəticələr nümayiş etdirir, genişmiqyaslı islahatları ardıcıl şəkildə həyata keçirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", – deyə Japarov bildirib.

Qırğızıstan Prezidenti qeyd edib ki, Azərbaycanın müasir nailiyyətləri Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməl üzərində qurulub:

"Bu quruculuq yolu davam etdirilir. Siz ölkənin bundan sonrakı inkişafını təmin edir, onun regional və beynəlxalq proseslərdə rolunun daha da möhkəmlənməsinə nail olursunuz".

"Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir. Ortaq dəyərlərimiz hər iki xalqın zəngin mədəni irsində öz əksini tapır. Böyük Nizami Gəncəvinin müdrikcəsinə dediyi kimi, qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir. Xüsusi qürur hissi ilə qeyd etmək istəyirəm ki, Qırğızıstan və Azərbaycan bir-birində etibarlı dost tapıblar", – deyə Sadır Japarov bildirib.

O, həmçinin əlavə edib ki, Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri ölkələr arasında münasibətlərin xüsusi xarakter daşıdığını bir daha təsdiqləyir:

"Ölkələrimiz dostluq və qarşılıqlı etimadın möhkəm təməli üzərində qurulan ikitərəfli əməkdaşlığın inkişafında yeni mərhələyə qədəm qoyur. Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığımızın inkişafına mane ola biləcək heç bir həll olunmamış məsələ yoxdur. Əksinə, tərəflər arasında tam etimad və açıqlıq mühiti formalaşıb ki, bu da bizə inamla irəliləməyə imkan verir. Məhz belə bir şəraitdə mühüm təşəbbüslər irəli sürülür və ikitərəfli əməkdaşlığın gələcəyini müəyyən edən qərarlar qəbul olunur".

Japarov əlavə edib ki, Qırğızıstan-Azərbaycan əməkdaşlığı nəqliyyat, iqtisadiyyat, investisiyalar, təhlükəsizlik, təhsil və digər istiqamətlərdə qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensiala malikdir: "Ümid edirik ki, bugünkü danışıqlar qarşılıqlı etimad və konstruktiv əməkdaşlıq ruhunda keçəcək"

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR