Qlobal QİÇS böhranına qarşı tarixi görüş - Zülfiyyə Mustafayeva: “Köhnəlmiş mübarizə modellərini dəyişmək vaxtıdır”

Qlobal QİÇS böhranına qarşı tarixi görüş - Zülfiyyə Mustafayeva: “Köhnəlmiş mübarizə modellərini dəyişmək vaxtıdır”

CƏMİYYƏT

Bugün, 13:08

Rio-de-Janeyroda 26-cı Beynəlxalq QİÇS Konfransı (AIDS 2026), Braziliyanın Rio-de-Janeyro şəhərindəki məşhur “Riocentro” mərkəzində və eyni vaxtda virtual formatda uğurla işinə davam edir.

Bu tədbir İİV və QİÇS-lə qlobal mübarizədə həlledici dönüş nöqtəsi ola bilər.

“Ona görə yox ki, konfrans İİV əleyhinə peyvənd çağırışlarını önə çəkib”, - deyən “Hüquqi İnkişaf və Demokratiya” Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayeva Mia.az-a açıqlama verib.

O bildirib ki, dünyanın ən böyük səhiyyə forumlarından biri olaraq, maliyyə ixtisarları və proqram böhranlarının yaşandığı kritik bir dönəmdə qlobal birliyi bir araya gətirib: "Çoxdan gözlənilən peyvənd kəşflərinin uğuruna dair açıqlamalarsa konfransın işindən gözləntiləri daha da yüksəldib”.

Z.Mustafayevanın sözlərinə görə, hazırda bütün dünyada QİÇS, vərəm və malyariya üzrə qabaqlayıcı proqramların tətbiqi üçün yeganə maliyyə institutu olan Qlobal Fondun yaşadığı maliyyə böhranı bir sıra kasıb ölkələri çətin vəziyyətə salıb. Antiretrovirus (ARV) preparatları ala bilməyən ölkələrdə insanların həyatı təhlükədə qalıb. Qlobal Fondun (QF) maliyyələşməsinə söz verən böyük ölkələr susur. Maliyyə böhranı üzündən QF ölkələrə maliyyəsini azaldıb: “İİV-lə mübarizənin əsasını təşkil edən ARV terapiyada fasilə isə virusun mutasiyasna, aqressivliyinə və sonda insanın ölümünə səbəb olur. Belə demək mümkünsə, əvvəllər “sağlamlığı pulla almaq olmaq”, - misalı var idisə, indi onu dəyişərək əminliklə demək olar ki, İİV-lə mübarizədə sağlamlıq məhz pulla alınır”.

Böhran dövrünün şüarı isə maliyyə çatışmazlığı fonunda daha effektiv mübarizə metodlarının seçilməsini özündə əks etdirir: "Yenidən düşün. Yenidən qur. Yüksəl" ("Rethink. Rebuild. Rise"):  “Təşkilatçılar bildirir ki, İİV əleyhinə proqramları büdcə çatışmazlığı ilə üzləşdiyi bir vaxtda köhnəlmiş mübarizə modellərinə yenidən baxmaq, səhiyyə sistemlərini insan mərkəzli qurmaq və qlobal həmrəyliyi artırmaq mütləqdir”.

Qeyd edək ki, tədbirdə dünyanın müxtəlif  ölkələrindən 10 minə yaxın alim, siyasətçi, tibb işçisi və İİV-lə yaşayan icma nümayəndələri iştirak edir.

BMT-nin İİV əleyhinə birləşmiş proqramı olan UNAIDS-in son hesabatı və 2030 hədəfləri də konfransda səslənib: “UNAIDS dünyadakı real vəziyyəti əks etdirən son HİV məlumatları ilə zəngin "United to End AIDS" adlı xüsusi hesabatını ictimaiyyətə təqdim edib. Sənəddə HİV epidemiyasını 2030-cu ilə qədər ictimai sağlamlıq təhdidi olmaqdan tamamilə çıxarmaq üçün ölkələrin üzərinə düşən maliyyə və siyasi öhdəliklər xüsusi vurğulanır. Əsas müzakirə mövzuları ilə yanaşı tibbi yeniliklərə dair məlumatlar da diqqəti cəlb edir. Məsələn, uzunmüddətli təsirə malik müalicə metodları, ildə cəmi iki dəfə vurulan HİV-dən qorunma iynələri və həftədə bir dəfə qəbul edilən yeni oral dərman formalarının kliniki sınaq nəticələri bəzi hallarda icma nümayəndələrinin mübahisəsinə çevrilir. Təbii ki, ən çox mübahisə dayanıqlı maliyyələşmə probleminə aid olur: insanlar qlobal fondların və yerli hökumətlərin səhiyyə büdcələrini artırması yollarını üzərində baş sındırır”.

Maraqlıdı ki, dünya ölkələri İİV-lə yanaşı digər infeksiyaların, məsələn, sifilis və s. də artımından narahatdı və birgə mübarizə strategiyalarının hazırlanmasını önə çəkir: “Bu konfransın əsas əhəmiyyəti həm də ondadı ki, qlobal elmi yenilikləri hər kəs üçün əlçatan etmək və virusa yoluxmuş insanların hüquqlarını qorumaq üçün növbəti beş illiyin əsas yol xəritəsi müəyyən ediləcək. Qlobal maliyyə böhranı və HIV proqramlarında ixtisarlar bütün ölkələri daha mükəmməl metodları sınaqdan keçirməyə məcbur etdiyiçün biz yaxın illərdə innovativ yanaşmaların şahidi olacağıq. Məsələn, süni intellektin HIV müalicəsi və profilaktikasında rolu hazırda müzakirə mövzusudu”.

Maliyyə böhranı fonunda HİV proqramlarına dəstək “Qlobal HİV Strategiyası”nın (2026–2031) hədəfləri sırasındadı. Azərbaycanda da 2005-ci ildən fəaliyyət göstərən Qlobal Fond proqramları indiyədək vətəndaş qurumları tərəfindən uğurla həyata keçirilir. Zərərin azaldılması proqramları İİV-lə mübarizədə bütün dünyada effetktiv usul olduğu üçün riskli davranışa malik insan qrupları (inyeksion narkotik istifadəçiləri, qeyri-ənənəvi həyat tərzi keçirən qadınlar və kişilər) arasında həm QF-un, həm də dövlət büdcəsinin dəstəyilə reallaşdırılır: “Bizim təşkilatımız risk qrupları ilə 2006-cı ildən işləyir. Onların arasında İİV-in yayılması il-ildən azalır”.

Z.Mustafayevanın sözlərinə görə, gənclərin arasında narkotik əleyhinə və İİV ilə bağlı aparılan maarifləndirmə işləri dövlət qurumlarıyla əməkdaşlıq çərçivəsində həyata keçirilir:

- Məsələn, idman sahəsi, xüsusilə futbol geniş auditoriyaya malikdi. Biz çox maraqlıyıq ki, belə tədbirlərdə İİV əleyhinə mesajlar verilsin, insanların məlumatlılıq səviyyəsi artsın. İndiyədək bir sıra idman qurumları bizə kütləvi maarifləndirmə işlərində yardım edib. Bu xüsusda Azərbaycan Peşəkar Futbol Liqasının dəstəyini xüsusi qeyd etmək istəyirəm. Futbol üzrə Azərbaycan kubokunun final görüşündə, "Sabah" -"Zirə" futbol klublarının qarşılaşması zamanı, təşkilatımız Respublika QİÇS-lə Mübarizə Mərkəziylə (RQMM) birlikdə Palms Sport Arenaya toplaşan izləyiciləri İİV/QİÇS-lə bağlı informasiya materialları ilə təmin edib. Oturacaqların üzərinə bukletlər düzülüb, Arenanın fan zonasında maarifləndirici bannerlər quraşdırılıb. İzləyicilər paylanan bukletlər vasitəsilə İİV-ə yoluxma yolları, risk faktorları, İİV-ə müayinənin vacibliyinə dair ətraflı məlumat əldə edib. Fan zonada azarkeşlərin sualları cavablandırıb. Bundan başqa, final görüşü zamanı stadiondan oyunun şərhi zamanı, keçirilən aksiya barədə məlumat açıqlanıb, azarkeşlərə İİV barədə qısa məlumat verilib, bu virusla birgə mübarizənin və müayinənin əhəmiyyəti vurğulanıb. Ümumillikdə aksiya 7045 nəfəri əhatə edib və RQMM əməkdaşları, könüllülər iştirak edib.

Bu tipli tədbirlərdə məqsəd daha çox əhali qrupunun virusla bağlı məlumatla təmin edilməsi, mövcud informasiya səviyyəsinin artırılması, müayinələrə cəlbetmənin təşviqi və beləliklə, davamlı və keyfiyyətli profilaktikanın həyata keçirilməsidi.

- Bəs risk qripları arasında hansı tədbirlər görülür?

- Profilaktika işlərinə şprislərin dəyişdirilməsi, qoruyucuların paylanması, İİV barədə məlumatın verilməsi daxildi. Eyni zamanda, sosial müşayiət, ARV terapiyaya sadiqliyun təbliği, hamiləliklərin idarə olunması və s. bizim təşkilatın hazırda həyata keçirdiyi zərərin azaldılması proqramlarının əsasını təşkil edir.

Hüseyn

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR