GDU-da “İşgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq” mövzusunda elmi-nəzəri seminar keçirilib - FOTOLAR

GDU-da “İşgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq” mövzusunda elmi-nəzəri seminar keçirilib - FOTOLAR

CƏMİYYƏT

Bugün, 17:45

19 iyun 2026-cı il tarixində Gəncə Dövlət Universitetində “Ümumi texniki fənlər və texnologiya” kafedrası ilə “Filologiya və xarici dillər” fakültəsinin birgə təşkilatçılığı ilə “İşgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Mia.az xəbər verir ki, seminarda “Filologiya və xarici dillər” fakültəsinin dekanı Yadigar Əliyev, “Fizika və texniki fənlər” fakültəsinin dekanı, professor Muğan Quliyev, Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov, “Təcrübə və karyera” şöbəsinin müdiri, dosent Cabbar Qarayev, “Filologiya və xarici dillər” fakültəsinin elmi işlər üzrə dekan müavini Mehriban Məmmədova, humanitar məsələlər üzrə dekan müavini Arzu Babayeva, “Alman dili” kafedrasının müdiri Elvin Atakişiyev, “Qrammatika və ingilis dili” kafedrasının müdiri Elnarə Abdullayeva, eləcə də kafedraların professor-müəllim heyəti iştirak ediblər.

Seminarı giriş sözü ilə açan “Ümumi texniki fənlər və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadov bildirib ki, seminarın keçirilməsində əsas məqsəd işgüzar kommunikasiya prosesində verbal və qeyri-verbal nitqin rolunun elmi əsaslarla araşdırılması, bu sahədə mövcud nəzəri yanaşmaların təhlili, eləcə də iştirakçıların kommunikativ səriştələrinin inkişafına töhfə verməkdir. O qeyd edib ki, qloballaşan dünyada və sürətlə dəyişən əmək bazarında effektiv ünsiyyət bacarıqları peşəkar fəaliyyətin əsas şərtlərindən biri hesab olunur.

Bildirilib ki, belə seminarlar yalnız nəzəri biliklərin zənginləşdirilməsi deyil, həm də praktik bacarıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, müxtəlif fakültə və kafedralar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qeyd olunub ki, təcrübə və fikir mübadiləsi universitetdə elmi mühitin daha da inkişaf etməsinə, innovativ yanaşmaların tətbiqinə və gənc tədqiqatçıların elmi fəaliyyətə marağının artırılmasına müsbət təsir göstərir.

Seminarda “Azərbaycan dili” kafedrasının müəllimi Ayşən Nəbiyeva “İşgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, müasir işgüzar münasibətlər sistemində uğurlu ünsiyyət yalnız düzgün və məzmunlu nitqdən deyil, eyni zamanda mimika, jest, bədən dili, baxış, səs tonu və digər qeyri-verbal vasitələrdən səmərəli istifadə bacarığından asılıdır. O vurğulayıb ki, aparılan elmi tədqiqatlar insanlar arasında ötürülən informasiyanın mühüm hissəsinin məhz qeyri-verbal vasitələr vasitəsilə qəbul olunduğunu göstərir.

Ayşən Nəbiyeva bildirib ki, işgüzar görüşlərdə, təqdimatlarda, müsahibələrdə və komanda fəaliyyətində verbal və qeyri-verbal ünsiyyət vasitələrinin düzgün tətbiqi qarşılıqlı etimadın formalaşmasına, fikir ayrılıqlarının minimuma endirilməsinə və əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir. Məruzədə həmçinin rəqəmsal kommunikasiya mühitində ünsiyyət mədəniyyətinin qorunmasının, etik davranış normalarına əməl edilməsinin və nitq mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyi xüsusi qeyd olunub.

Daha sonra məruzəçi ona ünvanlanan sualları ətraflı cavablandırıb, iştirakçılarla mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Məruzə ətrafında çıxış edən “Ümumi texniki fənlər və texnologiya” kafedrasının müdiri, dosent Elçin Cavadov, “Filologiya və xarici dillər” fakültəsinin dekanı Yadigar Əliyev, Magistratura şöbəsinin müdiri Emin Yaqubov və “Təcrübə və karyera” şöbəsinin müdiri, dosent Cabbar Qarayev qeyd ediblər ki, bu cür elmi-nəzəri seminarlar müəllim və tələbələrin elmi dünyagörüşünün genişlənməsində, kommunikativ bacarıqlarının inkişaf etdirilməsində və müasir əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılmasında mühüm rol oynayır. Onlar bildiriblər ki, fakültələrarası əməkdaşlığın gücləndirilməsi, elmi müzakirələrin təşviqi və belə tədbirlərin mütəmadi təşkili universitetin elmi nüfuzunun yüksəldilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Sonda vurğulanıb ki, bu kimi tədbirlərin müntəzəm keçirilməsi Gəncə Dövlət Universitetində elmi mühitin inkişafına, fakültələrarası əməkdaşlığın daha da möhkəmləndirilməsinə və müasir akademik standartlara uyğun tədqiqat fəaliyyətinin təşviqinə mühüm töhfə verir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR