Dağlıq Qarabağla bağlı yeni məruzəçinin təyin olunması nə vəd edir?

img

03-10-2014 [23:17]


Xəbər verildiyi kimi, oktyabrın 1-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Siyasi məsələlər komitəsinin iclasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib. Yeni məruzəçi britaniyalı deputat Robert Volter təyin olunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təqdim etdiyi qətnamə layihəsi ilə bağlı AŞPA Bürosunun 2 sentyabr tarixində qəbul edilmiş və 29 sentyabr tarixində plenar iclasda təsdiqlənmiş qərarı əsasında "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin olunub.


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin (BMAM) sədri Rufiz Qonaqov isə bildirdi ki, yeni məruzəçinin təyin olunması Azərbaycan diplomatiyasının uğurudur: "Sözsüz ki, biz Qarabağla bağlı yeni məruzəçinin təyin olunmasına nail olmuşuq. Azərbaycan diplomatiyasının uğurları son zamanlar artıb. Ermənistanın mediası, politoloqları və sosioloqları dəfələrlə ifadə ediblər ki, rəsmi İrəvanın Azərbaycana qarşı xarici siyasəti iflasa uğrayıb. Yeni məruzəçinin təyin olunması ölkəmizin xarici siyasətinin uğurlu olmasından və doğru siyasi istiqamət götürməsindən xəbər verir. Diaspor ilə fəaliyyət uğurla qurulub və inkişaf xətti ilə davam etməkdədir".

R.Qonaqov Avropada uzunmüddətli problem olan Dağlıq Qarabağ probleminin həll olunması üçün qərarların sərtləşdirilməsini arzulayır: 

"Çox istərdik ki, Qarabağla bağlı təyin olunmuş yeni məruzəçi həqiqətləri Avropa parlamentarilərinin diqqətinə çatdırmağı bacarsın. Avropa Şurasının üzv dövləti olan Ermənistan digər üzv dövlətin - Azərbaycanın ərazilərini işğal altında saxlamaqda davam edir. Arzulayırıq ki, Ermənistan üzərinə götürdüyü konvensiyalara və qətnamələrə əməl etsin, işğalçı ölkə buna məcbur edilsin. Xüsusi ilə, super dövlətlər olan ABŞ və Rusiya Ermənistanı buna məcbur etməlidir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA