"Azəriqaz"da dövlət içində dövlət?! - "Bir şöbənin yerinə iki departament, altı şöbə yaradılıb, ancaq..."  

\"Azəriqaz\"da dövlət içində dövlət?! - \"Bir şöbənin yerinə iki departament, altı şöbə yaradılıb, ancaq...\"  

İQTİSADİYYAT

Bugün, 20:14

"Optimallaşdırma, təşkilati sağlamlaşdırma, və s.yollarla kütləvi ixtisarlar aparan (əsasən aşağı kateqoriyalı işçiləri) SOCAR və "Azəriqaz"ın sahə üzrə rəhbər şəxsləri, işçi bilmək istəyir; idarəetmənin inkişafı dediyiniz budurmu?"

Mia.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, vaxtilə "Azəriqaz" İB-də cəmi bir Mühasibatlıq şöbəsi var idi:

"Nə qədər qəribə olsa da, əmək haqqı hər ayın ilk 3 iş günü ərzində əməkdaşların hesabına köçürülürdü. İndi isə maliyyə sahəsində aşağıdakı möhtəşəm struktur fəaliyyət göstərir:

• Maliyyə Planlaması və Təhlili Departamenti

• İqtisadiyyat və Uçot Departamenti

• Mühasibat Uçotu Şöbəsi

• Maliyyə Nəzarəti Şöbəsi

• Maliyyə Hesabatları Şöbəsi

• Əmək Haqqının İdarə Olunması Şöbəsi

• Büdcə və Planlama Şöbəsi

• Xəzinədarlıq Şöbəsi

Adlara baxanda adam düşünür ki, burada əmək haqqı yox, ölkə iqtisadiyyatının taleyi idarə olunur:

-Maliyyə Planlaması və Təhlili Departamenti planlayır,

- İqtisadiyyat və Uçot Departamenti hesablayır, 

-Mühasibat Uçotu Şöbəsi uçota alır, 

-Maliyyə Nəzarəti Şöbəsi nəzarət edir,

 -Maliyyə Hesabatları Şöbəsi hesabat hazırlayır, 

-Əmək Haqqının İdarə Olunması Şöbəsi əmək haqqını idarə edir, 

- Büdcə və Planlama Şöbəsi büdcəni planlayır, Xəzinədarlıq Şöbəsi isə xəzinəni idarə edir.

Bütün bunlardan sonra sadəcə bir sual qalır: maaşı kim verir?"

Komitə sədri bir daha xatırladır ki, bir vaxtlar bütün bu prosesi cəmi bir şöbə - Mühasibatlıq şöbəsi layiqiylə bacarırmış:

"Görünür, struktur böyüdükcə maaş da, departamentlər və şöbələr arasında elə bir marşruta düşüb ki, əməkdaşın kartına çatana qədər bir neçə mərhələdən, razılaşdırmadan, təhlildən, hesabatdan və nəzarətdən keçməli olur. Nəticədə əvvəllər bir şöbənin 3 günə gördüyü işi indi iki departament və altı şöbə birlikdə həyata keçirir.  

İdarəetmənin inkişafı dedikdə yəqin ki, məhz buna deyirlər: maaşı ödəməkdən çox, maaşın niyə hələ ödənilmədiyini izah edə biləcək struktur yaratmaq..."

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR