Bir foto, çox sual və ya sabiq nazirə məxus restorandan verilən sətiraltı mesaj...

Bir foto, çox sual və ya sabiq nazirə məxus restorandan verilən sətiraltı mesaj...

SİYASƏT

Bugün, 11:10

Aprelin 26-da Ramiz Yunus özünün sosial şəbəkə hesabında foto paylaşaraq, onu “Мозговой центр Азербайджана снова вместе!” (Azərbaycanın beyin mərkəzi yenidən bir arada) adlandırıb. O, fotodakı şəxslərin “Azərbaycanın beyni” olduğunu iddia edir.

Bəribaşdan qeyd edim ki, R.Yunusun rəhbərliyi ilə siyasi ekspertlərin ənənəvi-qeyri rəsmi görüşü bu dəfə “Şirvanşah” Muzey Restoranında keçirilib və lentə alınıb. Paytaxtın ən dəbdəbəli və bahalı məkanlarından sayılan bu restoran sabiq xarici işlər naziri Elmar Məmmədyarova məxsusdur.
Yeri gəlmişkən, E.Məmmədyarov 2019-cu ilin dekabrında Bakıya səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu da məhz bu restoranda fəxri qonaq qismində qəbul etmişdi.
Bir neçə gündür ki, foto məhdud çəvrələrdə, ölkədə gedən proseslərə az-çox bələd olan adamlar tərəfindən müzakirə olunmaqdadır.
Fotodakı iki şəxs - Fərhad Məmmədov (ayaqüstə, soldan birinci) və Rizvan Hüseynov (ayaqüstə, sağdan ikinci) kifayət qədər savadlı, ağıllı, lazımlı adamlardır. Bu iki şəxsin heç birinin hədsiz iştahdan əziyyət çəkdiyinə qətiyyən inanmıram və heç vaxt boylarından böyük iddiaların müəlliflərinə çevrilməyi qəbul etmədiklərinə də əminəm. Yəni, özü də daxil olmaqla, 11 nəfər ekspertin fotoqraflanmasının və ölkənin şəriksiz beyin mərkəzi adlandırılmasının da müəllifi məhz Ramiz Yunusdur.
Heç şübhəsiz, fotoda yer alan şəxsləri birləşdirən ortaq cəhətlər də var;
- Bu şəxslərin hər biri rusdillidir, ailədə və dostları ilə çox nadir hallarda Azərbaycan dilində danışırlar. Heç bir Azərbaycan dilli ekspert bu çevrədə təmsil oluna bilməz.
- İstisnasız olaraq, bu şəxslərin hər biri eyni siyasi düşüncənin sahibləridir. Məsələn, Rusiya-Ukrayna müharibəsində Kiyevi, ABŞ/İsrail-İran müharibəsində isə tərəddüdsüz Vaşinqtonu, Təl-Əvivi dəstəkləyirlər. Özlərini Azərbaycanın əsas beyin mərkəzi adlandıran bu şəxslər arasında fikir alternativliyi yoxdur. Eyni havanı çalıb, eyni cür də oynayırlar.
- Bu şəxslərin əksəriyyəti Azərbaycanda yalnız bir-iki yerli kanaldan digər heç bir efir platformalarında çıxış etmirlər. Xarici platformalardakı çıxışları da eyni kanallar üzərindən həyata keçirilir.
Bəli, fotonun iddialı başlıqla yayımlanmasının daha merkantil səbəbləri də var, yuxarılara mesaj verirlər -
“biz komandayıq, birlikdə işləyirik, bizə xərclənən pullar hədər getmir, digər politoloqlardan fərqli olaraq, işdən sonra çayxanalarda yox, tarixi restoranda toplaşırıq, ekspertlər arasında da elitarlıq var və o elitarlar da bizik” və sair və ilaxır...
Bu şəxslərin hər birinin ayrı-ayrılıqda hansı beyin yükünə sahib olduğunu təhlil etməyə ehtiyac görməsəm də, bir neçə şəxsin üzərində dayanmağa məcburam.
Məsələn; 
Murad Saddədinov - vaxtilə bu adam Azərbaycanda ən çox müzakirə olunan şəxslərdən biri idi. Ötən əsrin 90-cı illərində Müdafiə Nazirliyində idarə rəisi vəzifəsini tutan M.Sadəddinov mərhum prezident Heydər Əliyevə qarşı sui-qəsd hazırlamaqda ittiham olunurdu və məhz buna görə də 10 il həbs həyatı yaşayıb. Onun azadlığa çıxması üçün həyat yoldaşı Rəna Sadəddinovanın Avropa ölkələri olan əməkdaşlıqları, xüsusilə Fransa prezidentinin ailəsi olan danışıqları da yaddan çıxmayıb. Həbsdən sonra çox uzun illər yoxa çıxan M.Sadəddinov II Qarabağ Müharibəsindən sonra efirlərdə görünməyə başladı. Kim və necə hesab edə bilərdi ki, İlham Əliyevin atasına qarşı sui-qəsd planında iştirak edən şəxs bundan sonra dövlət, xalq üçün, ən nəhayət Prezident İlham Əliyev üçün faydalı ola bilər!? O, oğurluq, xuliqanlıq etməmişdi ki, islah etmək də asan olsun. Bu, bir ölkənin rəhbərini öldürmək istəyən adamın daha dərin, patoloji, genetik, təhtəlşüur məsələlərini və portretini ortaya çıxarır. Bu gün onun siyasi ekspert kimi faydalılılıq əmsalını hesablamaq elə də çətin deyil.
Eldar Namazov - 2012-2013-cü illərdə Rusiyanın projesi olan və ölkədə hakimiyyəti devirməyə yönəlmiş “Milyarderlər İttifaqı”nın əsas strateji təşkilatçılarında biri idi. Vaxtilə iqtidaryönlü qəzetlərdə düşmən obrazı yaradılan E.Namazov bu gün iqtidar nümayəndələri üçün də əlçatmaz şəxsə çevrilib. 1993-1999-cu illərdə Prezidentin katibliyinin rəhbəri və köməkçisi vəzifələrini tutan E.Namazov 30 ildir ki, ölkənin ən ziddiyyətli, eləcə də üzüyola şəxslərindən biridir. Onun ekspert kimi formalaşdırılan yüksək imici əsasən təqdimat və reputasiya üzərində qurulsa da, o, emosional, məntiqsiz, mütaliəsiz çıxışları ilə seçilən Ədalət Verdiyev tipajından fərqli olaraq, daha soyuqqanlı, etik çərçivəni qoruyan və ünvanına yönələn ən kəskin tənqidlərə belə təmkinlə yanaşan biri kimi diqqət çəkir.
Arif Yunusun qardaşı, Leyla Yunusun qaynı Ramiz Yunusun kimliyini, Azərbaycana, dövlətə və hökumətə olan münasibətini isə şərh etməyə ehtiyac yoxdur. Mətbuatda qalaq-qalaq hökmlər, məqalələr, çıxışlar var. M.C.Bağırovun təbirincə desək, görünür, siyasi xətt dəyişib. Və bu dəyişikliyin qurbanı olanlar da var, yüksələnlər də…
Bu şəxslərin heç biri Fridman, Bjezinski, Kessincer, Jirinovski deyil, hətta Ramiz Yunusun özünü necə hiss etməsindən aslı olmayaraq…
Bəs, əslində ölkənin həqiqi "beyin mərkəzi" kimi xarakterizə oluna biləcək şəxsləri kimlərdir?
Qərarların formalaşdığı, dövlətin uzunmüddətli maraqlarının hesablandığı ali və strateji qurumlar adətən görünən vitrindən daha dərində fəaliyyət göstərir. Bu strukturlarda təmsil olunan bəzi fiqurların kimliyi ictimaiyyətə məlum olsa da, bir çoxları vəzifə gərəyindən görünmürlər. Və nəticələr danışır - Qarabağın azad olunmasından tutmuş hazırkı mürəkkəb geosiyasi proseslərə qədər Azərbaycanın güclü və dayanıqlı çıxmasını təmin edən strategiya, dövlət ağlı var. Bunun arxasında praqmatik Prezident ağlı və arxasında institusional yaddaşa malik bir komanda var.
Müəllif: Samir Feyruzov
P.S. Yazı müəllifin Feysbuuk-daklı səhifəsindən götürülüb!
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR