Milli Onkoloji Mərkəzinin mühafizəsi və ya 1 milyonluq tenderin iziylə... – ARAŞDIRMA

Milli Onkoloji Mərkəzinin mühafizəsi və ya 1 milyonluq tenderin iziylə... – ARAŞDIRMA

GÜNDƏM

Bugün, 00:05

​​​​​​​Bir neçə gün əvvəl Milli Onkoloji Mərkəzində baş verən hadisə və radioloq-həkim Asif Nəsirovun ağır vəziyyətdə yaralanması diqqəti bu quruma çəkib.

Mia.az bildirir ki, Milli Onkologiya Mərkəzində (MOM) xəstənin əlində partlayan qumbaradan yaralanan həkimin həyatını xilas etmək üçün bütün mümkün vasitələrdən istafadə olunur,...

Hadisə onsuz da adı qalmaqallı olan MOM-la bağlı bəzi maraqlı nüansları ortaya çıxarıb. Məlum olub ki, yaralanan həkim Radiologiya şöbəsinin uşaqların müalicəsi üzrə yeganə şüa həkimiymiş. Əslən göyçaylı olan A.Nəsirov bütün ölkədə uşaq onkologiyasında müalicənin bir hissəsi olan radioaktiv şüalanmanı həyata keçirən tək adam imiş. Onun əvəzinə hazırda kimin təyin edildiyi və nə dərəcədə savadlı olduğu bütün sosial şəbəkələrdə müzakirələrin əsas mövzusudu.

Müzakirələr təkcə həkimin yerinin müvəqqəti boş qalması ilə məhdudlaşmır: A.Nəsirovun başına gələnlər onsuz da cəmiyyətin yaralı yeri olan onkoloji xəstəliklərin müayinəsi və müalicəsiylə bağlı illərdi, danışılan söhbətləri yenidən alovlandırıb. Təkcə ona görə yox ki, MOM dövlət büdcəsindən maliyyələşsə də, burada müayinə və müalicənin xərclərini xəstə özü qarşılamaq məcburiyyətindədi və bu xərclər orta statistik azərbaycanlının cibinin imkanlarından xeyli kənara çıxır. Bundan başqa söhbət həm də həkim mərhəməti, insanlıq və şəfqət anlayışlarının MOM-da işləyən personalla tərs mütənasib olmasından gedir.

Sağlamlığımızı etibar etdiyimiz həkimlərin fürsət düşdüyü üçün linç edilməsinin əleyhinəyəm. Çünki səhiyyə bir sistemdi, burada baş verənlər işçilərin səlahiyyətində deyil. Problem onların maaşında, yaxud pulsuz səhiyyənin dezavantajında da deyil.

Düzdü, bəzən söhbət məhz şəxsi keyfiyyətlərin peşə səlahiyyətlərinə təsirinə dayanır. Bu, həkimləri gözdən salan yeganə səbəbdi. Yəni, insan nadürüst, acgöz, qəddardısa, o, harada işləsə, bu xarakter cizgiləri öz işinə daşıyacaq.

Bir həkimə möhtac dövlət səhiyyəmiz...

MOM-da uşaq radiologiyası üzrə cəmi 1 mütəxəssisin mövcud olması çox düşündürücüdü. Özəl tibb müəssisələrində bu sahədə peşəkar həkimlər olsa da, dövlət müəssisəsində kadr çatışmazlığı həqiqətən problem sayılmalıdı.

Şüa terapiyası onkoloji xəstəliklərin müalicəsində əhəmiyyətli yer tutur və xüsusilə, uşaqlar əməliyyat üçün riskli kontingent olduğuna görə onlar 90 faiz hallarda şüa müalicəsinə yönəldilir. Burada radioloq həkim anestezioloqla birlikdə çalışır, çünki, uşaqlar hərəkətli olduğundan, onların çox diqqətlə sedativ yuxuya getməsi həyata keçirilməlidi.

MOM-un radiologiya şöbəsinin tarixi ölkəmizdə 1941-ci ilə gedib çıxır. Radionuklid şöbə isə 2008-ci ildə yaradılıb və o zamana qədər şüa üçün qonşu ölkələrə gedənləri artıq MOM qəbul etməyə başlayıb. Bu şöbə üzrə kadrların hazırlanması Tibb Univerisiteti tərəfindən həyata keçirilir. Necə olur ki, ötən 18 il ərzində universitet yalnız bir həkim, bir mütəxəssis yetişdirib? Niyə ölkədə bütün körpələr də daxil olmaqla, uşaqların şüa terapiyasından yalnız bir həkim məsul olur?

2014-cü ildə MOM-da şüa müalicəsinin aparılması üçün ən müasir universal “TrueBeam™ STx” aparat sistemi quraşdırılıb. Sonra bu texnologiya ilə işləməyi bacaran kadrlar (həkim, mühəndis, fizik, texniklər) hazırlanb. Aparat çox avantajlı nəticələr verir, onunla hətta 3 mm ölçüdə şişləri müalicə etmək mümkündü. Amma yenə də dolanıb bu sualın üzərində dayanmağa məcburuq: o boyda şöbədə niyə yalnız bir həkim?

Azərbaycan Tibb Universitetinin (ATU) Radiologiya kafedrası var: 1930-cu ildə təşkil edilib. Düzdü, yarandığı ilk illərdə “daxili xəstəliklər propedevtikası” kafedrasının nəzdində sadəcə kurs olub. Amma 1942-ci ildə "Rentgen və Radiologiya" adlanan həmin kursa 1950-ci ildən etibarən kafedra statusu verilib.

Hazırda "Radiologiya " kafedrası ATU-nun Tədris-Terapevtik və Tədris-Cərrahiyyə Klinikalarında yerləşir. Hər il bu kafedranı onlarla tələbə bitirir, dövlət və özəl tibb müəssisələrdə radioloq kimi çalışır. Amma müasir zəmanədə onkologiyanın tələbi yalnız radioloji üsullarla problemin aşkara çıxarılmasındanmı ibarət olmalıdı? Düzdü, düzgün diaqnoz da əhəmiyyətlidi. Amma niyə bu kafedra müasir onkologiyanın az qala əhəmiyyətli hissəsinə çevrilən şüa müalicəsi üzrə mütəxəssislərin yetişdirilməsinə səy göstərmir?

Hazırda kafedrada 20 nəfər professor-müəllim heyəti çalışır: 1 professor, 4 dosent, 8 assistent, 7 baş laborant. Onlar bu illər ərzində təkcə Asif Nəsirovumu yetişdiriblər?

İnterna təhsil mərhələsində olan tələbələrin hətta xaricdə təhsilinin təkmilləşdirilməsi üçün niyə sövq edilmir? Buna maddi və texniki imkanlar yaradılmır? MOM-da o boyda aparatı uşaqlar üçün niyə yalnız bir həkim işlədə bilir? ATU-ya ayrılan vəsaitin fonunda görülən iş yetərli sayıla bilərmi?

Yeri gəlmişkən, həkimlərin təkmilləşdirilməsi fəaliyyətini MOM da həyata keçirə bilər. Onlara da kifayət qədər vəsait ayrılır fəaliyyət üçün, texniki bazanın gücləndirilməsi və hətta mühafizə üçün. Keçən ilin noyabr ayında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində Milli Onkologiya Mərkəzinin fəaliyyəti üçün 64,1 milyon manat, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası (ATU OK) üçün isə 1,5 milyon manat olmaqla, ümumilikdə 65,6 milyon manat vəsait nəzərdə tutulduğunu bilirik. Hazırda MOM və ATU OK bu büdcəylə fəaliyyət göstərir. Hər iki müəssisədə müayinə və müalicəyə xəstələrin milyonlar xərclədiyi sirr deyil. Heç olmasa, dövlətdən ayrılan vəsaiti kadr yetişdirilməsinə, həkimlərin potensialının artırılmasına sərf etsinlər.

Hələ ondan əvvəl, keçən ilin iyulunda prezidentin sərəncamıyla MOM-un maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan da 650 min manat ayrılmışdı. Bu rəqəm əvvəlki illə müqayisədə 5,2 milyon manat və ya 8,6 faiz çox idi. Sərəncamda deyilirdi ki, ayrılan vəsait onkoloji xəstələrin müalicə şəraitinin və dərman təminatının yaxşılaşdırılması, həmçinin bu sahənin maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

Ölkədə onkoloji xəstələrin sayı 62 mindən çoxdu. Təkcə 2022-ci ildə ilk dəfə diaqnoz qoyulanların sayı 13 924 nəfər olub. Təəssüf ki, biz hər bir xəstə üçün ayrılan vəsaitin məbləğini bilmirik. Açıqlanmır. O qanun ki, onkoloji xəstələrin müalicəsini nəzərdə tutur, o da illərdi, çox köhnəlib. 2006-10-cu illəri nəzərdə tutan qanundan nə gözləmək olar ki? Həmin qanunla “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” təsdiqlənib. Bu proqramla onkoloji xəstələrə təxminən 229 adda dərman və dərman preparatları pulsuz verilir. Bəs şüa müalicəsi? Bəs il-ildən mütasiya edən, dərmanlara və klassik klinik protokollara müqavimət göstərən xəstəliyin növləri? Bunlarla mübarizə orta statistik azərbaycanlı üçün nə deməkdi, bilirsinizmi? Qumbaradı, qumbara.

Pulu bir cibimizdən götürüb o birinə qoyuruq

2006-cı ildə qəbul edilən “Onkoloji yardım haqqında” Qanunun 4-cü maddəsinin 4.3 bəndində qeyd edilib ki, hər bir Azərbaycan vətəndaşı olan onkoloji xəstənin tibbi yardımı dövlət tibb müəssisələrində dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Elə həmin qanunun 12-ci maddəsinin 12.1 bəndində onkoloji xəstələrin dövlət tibb müəssisələrində müayinə və müalicəsi üzrə tədbirlərin dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirildiyi də yazılıb. Bu qanunların icrası üçün dövlət büdcəsindən 2007-ci ildən etibarən hər il 60 milyon manata yaxın vəsait ayrılır.

Hər il Azərbaycanda onkoloji xəstəliklər üzrə tədbirlərin maliyyə təminatı çərçivəsində 48,3 milyon manat vəsait xərclənir. Bundan əlavə, 2022-ci ildə ölkə başçısının təsdiq etdiyi “Azərbaycan Respublikasının 2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da qeyd edilmişdi ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS DA) Səhiyyə Nazirliyi ilə birgə 2026-cı ilədək onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanması göstəricisinin 45 faizə qaldırılmasını təmin etməlidi. Bu nə deməkdi? Pulsuz, sığorta çərçivəsində şüa və digər diaqnostik işlər!

Bəs müalicə? O da var. Bununçün hər il büdcədən Milli Onkologiya Mərkəzinə 48 milyon manatdan yuxarı vəsait ayrılır.

2024-cü ildə Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təbii ehtiyatlar, energetika və ekologiya, əmək və sosial siyasət, səhiyyə, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı demişdi ki, onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmaması anlaşılmazdı. Deputatın sözlərinə görə, 5 il əvvəl büdcədə səhiyyə xərcləri 780-800 milyon manat olub. Amma hazırda İcbari Tibbi Sığorta Fondunun (İTSF) da vəsaitləri daxil olmaqla, bu vəsait 4 dəfə artıb və 3.5 milyard manata çatıb. Ancaq onkoloji xidmətlərə ayrılan vəsait 50 milyon manat çərçivəsində qalıb. Ə.Əmiraslanov onu da qeyd etmişdi ki, xərçəng hüceyrələrinin müəyyən edilməsində istifadə olunan Pozitron Emissiya Tomoqrafiyası (PET) xərcləri də icbari tibbi sığorta təminatına alınmalıdı.

Yeri gəlmişkən, PET müayinə üsulunun hazırda qiyməti 1200-1500 manat arasındadı. Onun vasitəsilə orqanizmdə hüceyrə mübadiləsini molekulyar səviyyədə görmək mümkündü.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi keçən ilki iclasında açıqlamışdı ki, onkoloji xəstələrin müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi, dərman preparatlarına olan tələbatının ödənilməsi, bu sahənin maddi-texniki təminatının daha da yaxşılaşdırılması üçün 2024-cü il dövlət büdcəsindən 48,3 milyon manat məbləğində vəsait ayrılıb ki, bu da 2023-cü ilə nisbətən 1,5 milyon manat və ya 3,2 faiz çox olub. Həmçinin dərman, sarğı ləvazimatlarının və materiallarının alınması üçün 1,0 milyon manat, onkoloji xəstələrin müalicəsində istifadə olunan 3 yeni şüa avadanlığının və həmin avadanlıqların yerləşdirilməsi məqsədilə xüsusi bunker və köməkçi otaqların tikintisi, istismarda olan şüa və digər avadanlıqların cari təmiri və ehtiyyat hissələrinin alınması üçün dövlət büdcəsinin ehtiyat fondundan 16,8 milyon manat vəsaitin icrası təmin edilib.

Sərf edilirmi bu pul xəstələrə? Bəlkə də. Amma bu xəstəlik axı, birdəfəlik həll olunan proses deyil. Bunun residivi, yəni geri qayıdanı və metastaz verəni var. Üstəlik, hər il minlərlə insan bu diaqnozla ilk uçota durur. Xəstə sayı artır. Deməli, məsələ, sadəcə, artan statistikanın fövqündə dayana bilməmək var. Bu, sistem problemidir. Bu, proqnoz problemidi. Bu, bəlkə də resursların düzgün bölüşdürülməməsidi. Hər nədirsə, ölkə əhalisinin 70 min nəfərə yaxın qisminin əbədi və vahiməli bəlasıdı.

924 min 207 manat 50 qəpiklik mühafizəçilər

MOM-un büdcəsini araşdıranda maraqlı məqama da rast gəldik: məlum oldu ki, bu qurum əvvəla, mühüm əhəmiyyətli obyektlərin siyahısına daxil edilib və mühafizəsi dövlət hesabına maliyyələşir.

Çox qəribədi ki, xəstələrə yemək aparmağa belə icazə verilməyən Mərkəzə əl qumbarası necə keçirilib? Ölçüsü kiçik olduğu üçün gizlicə aparmaq mümkündü. Amma niyə belə vasitələrin, metal əşyaların qarşısını almağa imkan verən mühafizə qurğuları təşkil edilməyib indiyə qədər?

Partlayışdan əvvəl mərkəzin mühafizəsinin təşkili üçün 2 tender elan edilib. Dövlət satınalmaları portalından əldə etdiyimiz məlumata görə, bu ilin fevral ayının 12-də və aprelin 23-də MOM bina korpuslarının mühafizəsi xidmətlərinin satınalması üçün 2 tender elan edib.

Birinci tenderin vaxtı martın 10-da bitib. Nəticəsi barədə hələ də rəsmi məlumat yoxdur. Satınalma prosedurlarının vaxtını nəzərə alsaq, indiyə qədər tender yekunlaşmalı və qalib elan edilməliydi.

İkinci tender isə hazırda davam edir: təkliflərin qəbulu mayın 21-dək davam edəcək.

Heç şübhəsiz ki, tenderlər hələ davam edirsə və mühafizə fəaliyyəti üçün müvafiq qurum seçilməyibsə, bu, MOM-un nəzarətsiz qalması anlamına gəlməz. Düşünmək istəyirsən ki, tenderlər əvvəlki müqavilələr başa çatandan sonra elan edilməyib. Əks halda, bu o deməkdi ki, tenderlər baş tutana qədər MOM mühafizəsiz qalacaq. Bu da mümkün deyil, elə deyilmi?

Hər iki tender MOM-un bir illik mühafizəsinin təşkilini nəzərdə tutur. Tenderin qalibi MOM-un korpuslarında 13 xarici mühafizə postu (24 saat müddətində 09.00-09.00, istirahət gününü çıxmaq şərtilə) və 19 daxili mühafizə postu qurmalıdı. Ümumən 43 nəfərlik mühafizə heyətinin fəaliyyətə cəlb edilməsi həyata keçirilməlidi.  Bu xidmətin təşkili üçün MOM təchizatçıya 583 min 710 manat vəsait ödəyəcək. Bu o deməkdi ki, bir il ərzində mühafizəyə cəlb ediləcək əməkdaşlara MOM 1131 manat maaş verməyi nəzərdə tutur.

İkinci tenderin də şərtləri tamamilə eynidi. Lakin eyni fəaliyyətə və adam sayına bu dəfə 340 min 497 manat 50 qəpik təklif edilir. Bu isə adambaşına bir ildə 659 manat 89 qəpik təşkil edir.

Bu eyni mühafizələrin fərqi nədi? Niyə bir tenderdə şəxsin əməyi 1131 manat, digərində 659,89 dəyərləndirlir?

Digər tərəfdən, niyə eyni məzmunlu, eyni adlı və eyni şərtləri olan tenderlər bir elanda birləşdirilərək verilməyib? Eyni işin iki yerə bölünməsinə Antiinhisar necə göz yumub?

Bundan başqa, mühafizə qiyməti niyə bu qədər ucuzdu? MOM-da bir sutka xidmət edən şəxslərin məsuliyyət dərəcəsi necə ölçülə bilər bu halda? Üstəlik, nəzərə alaq ki, bu, hələ ehtimal qiymətdi. Təchizatçı qalib olmaq üçün qiymət avantajını sifarişçiyə təklif etməlidi, yəni, təklifini ucuz qiymətin üzərində formalaşdırmalıdı. Bu minvalla belə çıxır ki, heç yuxarıda hesabladığımız aylıq maaş da mühafizəyə ödənilməyə bilər.

Onu da unutmayaq ki, bu tenderlər yalnız MOM mühafizəsində çalışacaq insanların aylıq maaşını, yəni xidmətlərin satınalmasını nəzərdə tutur. Mühafizə üçün xüsusi avadanlıqlara dair satınalmalara dair məlumatlara isə açıq internet resurslarda hələ ki, rast gəlməmişik.

Yer gəlmişkən, bir neçə gün əvvəl MOM-da baş verən hadisənin səbəbkarı, 1988-ci il təvəllüdlü Mübariz Əliyevin həm onkoloji, həm də narkoloji problemlərdən əziyyət çəkdiyi bildirilir. M.Əliyev həkiminə ailə qurmadığını, imkansız və kimsəsiz olduğunu söyləyib. Müalicəsinə davamlı olmayıb, dərman almağa, həkimə gəlməyə pulunun olmadığını bildirib. Maraqlıdı ki, M.Əliyevin əsəbi və aqressiv xəstə olduğunu şöbədə hamı bilib. Müayinə və müalicə üçün gələndə şöbədə həmişə dava salıb, gec gəldiyiçün tibbi prosedurların vaxtını ona görə dəyişiblər. Onun qumbaranı hansı şəraitdə əldə etdiyi  müəmmadı. Yasamal prokurorluğu hazırda işi apardırır və yəqin ki, qaranlıq qalan nüanslar sonra aşkara çıxacaq.

Asif  Nəsirovun həyatda qalmasını ən çox uşaq xəstələr istəyir. Çünki çoxunun müalicəsi yarımçıq qalıb. Düzdü, prosedurlar davam edir. Amma valideynlərin gözü onu axtarır.

Yeri gəlmişkən, həkimin həyat yoldaşı da MOM-da işləyir. Əczaçıdı. Xanımı A.Nəsirovun beyninin iflic olduğunu, amma ürəyinin döyündüyünü eşidəndə, “nə qədər ki, ürəyi döyünür, aparatdan ayırmayın”, - deyə xahiş edib.

Biz bütün həkimlərin ürəyinin də, beyninin də yaşamasını istəyirik.

Yaşatdıqlarının duası qəbul olsun.

Allah şəfasını versin.

Zülfiyyə Mustafayeva

Mia.az

P.S. Yeri gəlmişkən, MOM-da əsas tenderlərə qurumun direktor müavini, deputat Kəmaləddin Qafarovun nəzarət etməsi barədə mediada indiyədək təkzibolunmaz materaillar yayımlanıb. Bu və ya digər istiqamətlərdə araşdırmamız davam edir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR