“Sabah”ın Akademiyasına seçimlər başladı

“Sabah”ın Akademiyasına seçimlər başladı

İDMAN

02.05.2026, 23:22

“Sabah” Futbol Klubu Akedemiyasına uşaqların seçimi başlayıb.

Mia.az xəbər verir ki, klub həm Bakıda, həm də regionlarda aşağı yaş qrupları üzrə istedadlı uşaqları akademiyaya toplayır. Hazırda seçimlər Zaqatalada davam etdirilir. Ağdaş, Ucar, Yevlax, Şəki, Balakən rayonlarından uşaqlar seçimlərə qoşulub.

Maraqlıdı ki, Azərbaycanda hazırda yalnız iki klub – “Turan-Tovuz” və “Sabah” regionlardan istedadlı uşaqların akademiyaya cəlb edilməsinə səy göstərir. Bundan əvvəlki illərdə “Qəbələ” və “Neftçi”də də bu fəaliyyət uğurla həyata keçirilirdi. Lakin “Neftçi”dən son vaxtlarda xəbər yoxdu, “Qəbələ” də maddi çətinliklər səbəbiylə Akademiyasını bağlayıb.

“Sabah”ın akademiya seçimləri hazırda onun Premyer Liqada çempionluğu təmin etməsinin fonunda çox uğurlu görünür. Legioner limiti ləğv ediləndən sonra yerli futbolçuların yetişdirilməsi və önə çıxarılması sual altında qalsa da, “Sabah” və “Turan-Tovuz” futbolun inkişafına töhvə verməkdə davam edir.

Yeri gəlmişkən, “Sabah” Futbol Akademiyası “Vətən” Futbol Məktəbinin bazası əsasında yaradılıb. Akademiya 2019-cu ildən təkcə öz ölkəsində yox, həmçinin Avropanın tanınmış futbol akademiyalarından olan Xorvatiyanın “Dinamo” Zaqreb Futbol Akademiyası ilə əməkdaşlıq edir.

Akademiyanın koordinatoru gürcüstanlı mütəxəssis Giorgi Minaşvilidir. Aşağı yaş qrupları üzrə koordinator isə Təbriz Həsənovdu.

​Akademiyanın diqqəti cəlb edən fəaliyyətindən biri də qadın futbolunun inkişafıdı. Bu ilki seçimlərdə qızların da akedemiyaya cəlb edilməsi həyata keçirilib. Məlumat üçün qeyd edək ki, 2023/24 mövsümündə “Sabah” ilk dəfə AFFA-nın təşkilatçılığı ilə keçirilən liqada qızlardan ibarət komanda ilə təmsil olunub. U-17 Liqasında yarışan qızlardan ibarət komanda debüt edərək qızıl medal qazanıb.

2024/25 mövsümündə isə “Sabah”ın U-19 komandası Gənclər Liqasında ardıcıl ikinci mövsüm çempionluq qazanaraq UEFA Gənclər Liqasında mübarizəni təmin edib.

U-19 komandasının üzvlərindən təşkil edilmiş “Sabah-2” ilk dəfə Əvəzedicilərin liqasında çempionluq əldə edib. U-13, U-15 və qızlardan ibarət U-17 komandası da müvafiq liqaların qalibi olub.

Zaqataladakı seçimlərdə iştirak edən uşaqların valideynlərinin mia.az-a bildirdiyinə görə, “Sabah”ın bölgə seçimləri ədalətli olub. Bir ailədən müxtəlif yaş qrupları üzrə hətta 2 uşağın seçimi qazandığı vurğulanır. Bəzi uşaqlar bundan əvvəl “Turan-Tovuz”un keçirdiyi seçimlərdə də uğurla iştirak edib: “İki klubun akademiyasından birini seçəcəyik. Yerli futbolçulara dəyər verən klub istəyirik”, - deyə valideynlər əlavə edib.

Zülfiyyə Mustafayeva

Mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR