“Azərşəkər”in sabiq sədrinə cinayət işi açılıb - 500 min manatdan çox... 

img

10-01-2026 [11:15]


“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

Mia.az qafqazinfo-ya istinadla xəbər verir ki, Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur.

A.Mehdiyev barəsində məhkəməyə qədər həbs deyil, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq olunan cinayət işinin təfərrüatı barədə əlavə məlumat verəcəyik.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib. O, həmçinin nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Elə “Azərşəkər” ilə birgə “Dastan Agro”da hazırki cinayət işi üzrə zərərçəkmiş kimi tanınıblar.

***

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sabiq sədri Anar Mehdiyevin cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar daha bir detal məlum olub. 

Məlumata görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yarım milyondan çox yeyinti faktı üzrə ittiham edilən Anar Mehdiyev və digərləri vurulmuş ziyanı tam ödəyiblər.

Faktla bağlı başlanmış istintaq çərçivəsində Anar Mehdiyevdən əlavə, cinayətdə iştirak edən daha iki məsul şəxs - Ruslan Ələsgərov və Əvəz Süleymanovun da qanunsuz əməlləri üzə çıxıb. Müəyyən edilib ki, təqsirləndirilən şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 800 min manat məbləğində vəsaiti mənimsəyiblər. Amma xüsusilə ağır cinayət əməli üzrə təqsirləndirilən şəxslərin heç biri həbs edilməyib. 

Bunun səbəbi isə ibtidai istintaq mərhələsində prokurorluq tərəfindən 800 min manatlıq ziyanın Anar Mehdiyev və digərlərinə tam ödətdirilməsidir.

Qanuna əsasən, xüsusilə külli miqdar təşkil edən mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işinə xitam verilməsi üçün vurulmuş ümumi ziyanın (800 min manat) 50 faizi həcmində, yəni əlavə 400 min manat dövlət büdcəsinə ödənilməlidir. Lakin hazırkı iş üzrə 800 min manatdan əlavə ödəniş həyata keçirilməyib.

Gələcəkdə məhkəmə istintaqı dövründə də əlavə 400 min manat ödənilməzsə, ittihamedici hökm çıxarıla bilər. Hazırda təqsirləndirilənlər üçü də polis nəzarətindədirlər.

Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri olub. Həmçinin o, nizamnamə kapitalı 1 milyon manat olan “Dastan Agro” MMC-nin qanuni təmsilçisidir. Hər iki şirkət hazırkı cinayət işi üzrə zərərçəkmiş kimi tanınıb/qafqazinfo.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
20:08 10.01.2026

Şamaxıda zəlzələ olub

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA