Mifik təfəkkürdən süni intillekt erasına qət edilən böyük yol... - Nigar Haqverdiyeva yazır

img

04-12-2025 [21:59]


Nigar Haqverdiyeva,

ADU-nun baş müəllimi

***

Antik düşüncənin mifik təfəkkürlə başlaması fikri filoloji anlamda gün kimi aydın olan məsələdir. Ədəbi fikir dünyası, söz yaradıcılığının başlanğıcı da antik dövrü əks etdirməklə ədəbi mühitə ayaq açmışdır. Ancaq elmin rasional düşüncə tarixinə nə vaxt qədəm basması bəşər tarixində fəlsəfi fikirlərin formalaşması ilə başlandığı məlumdur.

Müasir dövrümüzü isə, qəribə səslənsə də, elmi və ədəbi fikirləri ayrı-ayrılıqda təsəvvür etmək olmur, hər ikisi fərqli sahələr olsa da, hazırda elmi fikir də, ədəbi fikir dünyası da bir vəhdət təşkil edir. İlk dəfə böyük alimimiz Azad Mirzəcanzadə, hələ sağlığında adətən tələbələr qarşısında elmi mühakimələrlə çıxış edərkən, bir çox elmi nəzəriyyələri analiz edərkən ədəbi fikirlərlə, musiqi nəzəriyyəsi ilə çoxlu müqayisələr apararardı. Uzaqgörən alim ədəbiyyatın da hətta gələcəkdə elmiləşməsi fikrini irəli sürmüşdü.

Mifik təfəkkürün aparıcı xətti olan türk dünyasının əbədi yaşar təfəkkür beşiyi sayılan “Dədə-Qorqud dastanı” akademik Kamal Abdullanın fərqli analitik tədqiqi ilə müasir dövrün qabaqcıl, qlobal elmi yanaşması olan qeyri-səlis məntiq elmi ilə yaxşı mənada toqquşdu.

KAMAL ABDULLA

Elmi nəzəriyyəyə görə materiyalar arasında toqquşma baş verərkən ilk baxışda dağılma effekti yaransa da, “toqquşma” heç də həmişə dağılma məhv olma anlamına gəlmir, yeni bir fiziki hadisənin yaranmasına səbəb olur və nəticə isə hansısa yeni bir maddənin yaranmasına gətirib çıxarır. Recycle nəzəriyyəsi ilə dünyada heç nə dağılmır, əslində bu dağılma nəticə olaraq yeni bir mahiyyətin yaranmasına səbəb olur. Bu belə olub həmişə belə də davam edəcək, lap kainatın özündə olduğu kimi. Ədəbi tənqiddə də belə oldu, Kamal Abdullanın təqdim etdiyi özünəməxsus analizləri ilə Rafiq Əliyevin davamçısı olduğu Lütfi Zadənin məhşur qeyri-səlis nəzəriyyələri toqquşdu və ədəbi fikir tarixində yeni yanaşmanın ortaya çıxmasına səbəb oldu.

Yaşayan əbədi dastan adını qazanmış ulu “Dədə-Qorqud”, Kamal Abdulla qələmi, araşdırması ilə, yeni və fərqli yanaşmada tədqiqi “Dədəm-Qorqud”u ulu fikir atamız kimi yeni dünyada yenidən dirçəltdi. Çoxdan keçmişə qovuşmuş türk əbəbi fikir Dədəsinin bizə qoyduğu söz və deyim mirasını Kamal Abdulla XXİ əsrdə yeni nəfəslə bir daha həyata qaytardı və yeni yanaşma və fərqli açıqlamaları, baxışları ilə yeni nəslə təqdim etdi. Almaz cilalandıqca daha qiymətli olar, Kamal Abdulla da “Dədəm- Qorqud”u novator fikirləri ilə cilalayaraq ədəbi camiyyəyə təqdm etdi. Bu baxımdan “Kitabi-Dədə Qorqud və Qeyri-səlis məntiq” kitabı dastanın dil quruluşunun, dil sisteminin fərqli anlamda araşdırılmasının məntiqi nəticəsidir.

Dil təfəkkürün maddi təzahürü olduğu üçün dilin daşıdığı böyük bir yaddaş funksiyası da olması elmi faktdır. Bu cür yanaşmadan çıxış edərək bildirmək olar ki, dilin malik olduğu bu qeyri-adi özəllik xüsusiyyətləri elə qeyri-səlis məntiqlə düz münasibdir. Axı təfəkkür özü də qeyri-səlis məntiqin daşıyıcısı kimi dilə təsirsiz ötüşməyə bilməz. Məntiqi yanaşmamız Kamal Abdulla və Rafiq Əliyev kimi ustad alimlərin birgə ərsəyə gətirdiyi “Kitabi- Dədə Qorqud və Qeyri-səlis məntiq” kitabı dastanın yeni tərzdə araşdırılmasında müstəsna rol oynayır. İlk dəfədir ki, filoloji mətn praqmatik aspektdə və dəqiq elmi məntiq nəzəriyyəsi kimi qeyri-səlis məntiq anlayışı ilə tədqiq edilir.

Müəlliflər yazır:

“Bəri başdan qeyd edək ki, qeyri-səlis məntiq hər şeydən əvvəl şübhələrin, tərəddüdlərin, bəlkələrin məntiqidir. Axtarışların məntiqidir. Cəhdlərin və canatmaların məntiqidir. Yeni üfüqlərin aranmasının və kəşf edilməsinin məntiqidir. Bu məntiq elə-belə ortaya çıxmır. O həm də öz dərinində gizlənən və bütün bu “bəlkələr”üçün özündə seçim imkanı saxlayan dərindəki, gizlindəki ideolojisi ilə üzə çıxır (sanki atası Zevsin başından tam hərbi əlbisəsini əyninə geyinmiş Afina Pallada doğulur)və beləliklə, binar qarşıdurmalar hakimiyyətinə son qoyulur.” Dərin düşüncə ilə yanaşılanda həqiqətən bu insanı bütün doğuşdan yaşama qədər əhatə edən hadisələrin məntiqi əsasını təşkil edir. Bu məntiq əsasında qeyri-mumkünün mümkün olduğu qeyd edilir.

Digər bir yerdə isə belə bir fikir emalına rast gəlirik:

“Qeyri-səlis çoxluqlar bədii mətnin təhlilində linqvistik informasiyanın üzərinə qoyulan məhdudiyyətləri ehtiva edən tutarlı bir vasitədir. Mətndə təsvir edilən hərəkət və hadisə ilə bağlı natamam məlumat verildikdə bu ona olan inamı azaldır. Beləliklə, linqvistik informasiyanın emalı zamanı biz hərəkətin və ya hidisənin necə baş verdiyini və ya necə olacağını göstərən felin modallığına xüsusi diqqət yetirməliyik. ”

Başqa bir yerdə isə deyilir:

“Bu aspektdə təbii dil perseptiv informasiyanın, yəni bilavasitə ölçülə bilməyən informasiyanın təsvir sistemi kimi qəbul olunur. Bu sütunun özülündə ehtimal nəzəriyyəsi yox, mümkünlük nəzəriyyəsi durur...”

Bu kimi qiymətli analitik fikirlər “Kitabi- Dədə Qorqud və Qeyri-səlis məntiq” kitabında olduqca zəngindir.

Maraqlısı budur ki, tədqiqat kimi bu əsər dastanın özü qədər həm zəngin, həm də dərin analitik fikirlərlə doludur və insanın qarşısında düşündürücü ənginliklər, üfüqlər açaraq bizi bir daha dastanı və eləcə də, qədim türk fikir tarixini dərindən öyrənməyə vadar edir.

“Kitabi- Dədə Qorqud” dastanı dil elementləri və strukturu baxımından dilin dərin köklərinə malik olduğundan qeyri-səlis məntiq nəzəriyyəsi ilə aydın və səlis analizə oluna bilir. Dədə Qorqud dastanı qeyri-səlis məntiqi ilə təhlil edilərkən daha fərqli anlaşımla təzədən canlanır və dastanı daha aktual edir.

Türkiyədə dərc olunmuş dərgilərdə Dədə-Qorqud dastanını nahaq yerə “Yaşayan bir sistem kitabı” adlandırmırlar. Bu fikirdən çıxış edərək deyə bilərik ki, dastan- özündə antik türk dil ünsürlərini bu günümüzə qədər daşıyan bir sistem kimi bəşər övladının tək dilə münasibəti deyil, dillə birgə əvvəllərin özündə daşıdığı qədim düşüncə tərzinin, qədim mədəniyyətin yaşayan təcəssümüdür.

Görkəmli alimlərimiz Kamal Abdulla və Rafiq Əliyevin birgə ərsəyə gətirdiyi yeniliyə imza atmış bu əvəzsiz novator kitabı ilə böyük alim Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsinin sosial və humanitar elm sahələrində də tətbiq olunması arzusunu da həyata keçirtmiş olublar.

Bir oxucu kimi əminliklə deyə bilərəm ki, Kamal Abdulla antik düşüncəni muasirləşdirən, cavanlaşdıran, yeni tərzdə həyata qaytaran və gələcək ədəbi irsə çevirən görkəmli ədib və alim kimi tarixdə qalacaq!

Kamal Müəllim ahıl və müdrik ömrünü olduqca zəngin yaşayıb. Ədibin dərc olunmuş kitablarına həm elmi, həm də ədəbi əsərləri aiddir. K.Abdulla "Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri", "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" , "Dilçiliyə səyahət və yaxud dilçi olmayanlar üçün dilçilik", "Azərbaycan dilində mürəkkəb sintaktik bütövlər" , "Azərbaycanca danışaq" , "Müəllif – əsər – oxucu" , "Əvvəl – axır yazılanlar", "Gizli Dədə Qorqud" , "Sirriçində dastan və yaxud Gizli Dədə Qorqud – 2" , "Kitabi-dədə Qorqud" dastanının poetikasına giriş" , "Yarımçıq əlyazma", "Sehrbazlar dərəsi", "Unutmağa kimsə yox…", "Sirlərin sərgüzəşti", "Laokoon, Laokoon..." "Tarixsiz gündəlik" və bir çox digər kitabların müəllifidir.

Kamal Abdullanın bədii əsərləri – pyesləri, hekayələri, romanları, esseləri və şeirləri Azərbaycanda və xarici ölkələrdə çap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, fransız, alman, ispan, polyak, portuqal, italyan, ukrayna, fin, ərəb, yapon, monteneqro, litva, bolqar, qazax, qırğız və başqa dillərə tərcümə olunub və nəşr edilib. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarında səhnəyə qoyulub.

Ancaq onu da qeyd etməliyik ki, Kamal Müəllim həm də gözəl insani keyfiyyətlərə malikdir. O, ali təhsil ocağının rəhbəri kimi müəllimləri, tələbələri daim diqqətdə saxlayır və köməyini əsirgəmir, hamıya xoş münasibət göstərir, həmişə hər bir əməkdaşa qayğıkeşliyi ilə diqqət çəkir. Kamal Müəllimin rəhbərliyi dövründə universitetimizdə bir çox yeniliklər edilmiş, təzə mədəni mərkəzlər yardılmış, təhsilə töhvə verən bir çox işlər görülmüşdür.

Hörmətli rektormuza can sağlığı, elmi və ədəbi yaradıcılıq uğurları, yeni-yeni əsərlər arzulayırıq!

75 illik yubileyiniz mübarək hörmətli Kamal Abdulla!

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA