Qubad İbadoğlunun şikayəti təmin edilmədi

img

09-09-2014 [18:37]


Sentyabrın 9-da iqtisadçı alim Qubad İbadoğlunun Beynəlxalq Bankdakı şəxsi hesabına və onun yaratdığı İqtisadi Tədqiqatlar Mərkəzinin "Bank Respublika”dakı hesabına həbs qoyulması haqda qərarlardan verdiyi apellyasiya şikayətinə baxılıb.

Bu barədə musavat.com-a Q.İbadoğlu məlumat verib. O bildirib ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçən prosesdə Baş Prokurorluğun nümayəndələri də iştirak ediblər: "Proses zamanı bizim tərəfimizdən qaldırılan məsələlər aşağı instansiya məhkəməsinin qanunsuz qərarı ilə bağlı idi. Bildirdik ki, hansı əsasla heç bir istintaq hərəkəti olmadan hesablara həbs qoyulub. Biz bunun əsassız olması ilə bağlı əsaslar göstərdik, digər əsaslar da ortalığa qoyuldu, təqdim olundu. Ancaq qarşı tərəf heç bir arqument vermədi. Onlar hakimə istintaq materialları arasından bir məktub verdilər və bildirdilər ki, bu, məxfi məktubdur. Hakim məktubu oxudu, bizə heç nə demədilər. Sadəcə məhkəmə məsləhət apardı və qərarını elan etdi ki, aşağı instansiyanın qərarını qüvvədə saxlayır. Eyni zamanda, qərar verdi ki, bizim şikayət etmək hüququmuz yoxdur. Yəqin ki, Azərbaycanda şikayət verə bilməyəcəyik. Avropa Məhkəməsində bu işi qaldırmaq niyyətindədiyk. Ədalət bərpa olununcaya qədər bu işi davam etdirəcəyik”.

Qeyd edək ki, Qubad İbadoğlunun Beynəlxalq Bankdakı şəxsi hesabına həbs Nəsimi Rayon Məhkəməsinin, İqtisadi Tədqiqatlar Mərkəzinin "Bank Respublika”dakı hesabına həbs isə Səbail Rayon Məhkəməsinin qərarı ilə qoyulub.

Apellyasiya şikayətində isə bu həbs qərarlarının ləğv olunması xahiş edilmişdi.

Qubad İbadoğlu həmçinin Müsavat Partiyasının üzvüdür. O, Müsavatın bu ay keçirilməsi nəzərdə tutulan qurultayında partiya başqanı postuna iddiaçılardan biridir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA