Müxalif partiyalar Demokratiyanı Müdafiə Xartiyası imzaladı

img

04-09-2014 [11:51]


Sentyabrın 3-də KXCP qərargahında ölkəmizdə baş verən son həbslərlə bağlı siyasi qüvvələrin birgə yaratdığı Birləşmiş Hüquq Müdafiə Mərkəzinin (BHMM) növbəti toplantısı keçirilib. Tədbirdə müxalifət partiyalarının liderləri, təmsilçiləri və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər.


BHMM-in sədri Mirmahmud Mirəlioğlu toplantıda 10 siyasi partiya lideri və təmsilçisinin iştirak etdiyini qeyd edib. Daha sonra çıxış edən Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn hazırda həbsdə olan bəzi vicdan məhbuslarının səhhətlərində həyatları üçün ciddi təhlükələr yarandığını bildirib. AXP sədri bununla bağlı BHMM-in yerli və beynəlxalq təşkilatlara müraciət ünvanlamasının vacibliyini vurğulayıb: "Artıq bizə həbs edilən bəzi şəxslərin səhhətlərində həyatları üçün təhlükələr yarandığı barədə məlumatlar çatır. Təklif edirəm ki, bununla bağlı Prezident Administrasiyasına, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, ATƏT-ə, Avropa Şurası və Avropa Birliyinə, Qırmızı Xaç Komitəsinə müraciət ünvanlayaq. Leyla və Arif Yunus, İntiqam Əliyev, Mövsüm Səmədov və başqa məhbusların vəziyyəti çox ağırdır. Belə məhbusların siyahısını hazırlamalıyıq. Bunların xarici ölkələrdə səhhətləri ilə bağlı müalicə olunmalarını təklif edək”.
ADP sədri Sərdar Cəlaloğlu məhbusların xarici ölkələrdə müalicə olunmaları təklifi ilə razılaşmayıb: "Dövlətin belə bir borcu yoxdur. Təklif edək ki, bu insanların həyatı baxımından təhlükə olsa, məsuliyyət aidiyyəti orqanların üzərinə düşsün”.

Müsavat başqanı İsa Qəmbər müraciətin beynəlxalq təşkilatların bu məsələyə diqqət ayırması baxımından önəmli olduğunu bildirib: "Biz bu müraciəti ona görə hazırlayırıq ki, beynəlxalq təşkilatlar bu məsələyə səmərəli yanaşmaq üçün vacib addımlar atsınlar. Çünki beynəlxalq təşkilatlar öz mövqelərini qoyan zaman iqtidar bildirir ki, bu insanların hələ məhkəmələri gedir. Onlar da məcbur olub, hakimiyyəti ədalətli məhkəmə keçirməyə çağırırlar. Hamımız bilirik ki, ölkəmizdə ədalətli məhkəmə sistemi yoxdur. Amma xəstəlik imkan verir ki, beynəlxalq təşkilatlar mövqe qoysunlar. Bu, eyni zamanda hakimiyyətə öz simasını qorumaq məqsədi ilə bəzi insanları azadlığa buraxmaq imkanı verir. Biz siyasi məhbusların azadlığa çıxmasını istəyirik. Əvvəl həbs olunanların müəyyən qədər azadlığa çıxma şansları var. Amma yeni həbs edilənlərin buraxılma şansları yoxdur. Azərbaycan hakimiyyətinin tərsliyindən hamının xəbəri var. İqtidar 1 ay həbs edilən adamı azadlığa heç zaman buraxmaz. Bu müraciətin humanist tərəfləri bundan ibarətdir”.
Daha sonra tədbirdə çıxış edən partiya liderləri edilən təkliflərlə razılaşaraq, hazırlanan sənədə öz imzalarını atıblar. Beləliklə, yerli və beynəlxalq təşkilatlara rəsmən müraciət ünvanlanıb.

Toplantının əsas mühüm hissələrindən biri "Demokratiya müdafiəsi haqqında” Xartiyanın qəbul edilməsi olub. İştirak edən hər bir partiya hazırlanan sənədə imza atıblar. Klassik Xalq Cəbhəsi, Müsavat, Demokrat, Ümid, Azadlıq, Böyük Azərbaycan, Vətəndaş və İnkişaf, İslam, Liberal Demokrat, Xalq partiyalarının sentyabrın 3-də imzaladığı Demokratiyanı Müdafiə Xartiyasında deyilir:

Bu Xartiyanı imzalayan siyasi partiyalar:
Demokratiya və insan haqları məsələsini prioritetliyini qəbul edərək,
Azərbaycan cəmiyyətinin demokratikləşməsinin ölkənin milli təhlükəsizliyi və ərazi bütövlüyünün təmin edilməsi, Qarabağ probleminin həlli üçün həyati əhəmiyyətini vurğulayaraq,
Son dövrdə Azərbaycanda insan haqları və demokratiya sahəsində vəziyyətin pisləşdiyini, siyasi məhbus probleminin kəskinləşdiyini göstərərək,
QHT-lərin hazırladığı vahid siyasi məhbus siyahısını dəstəklədiklərini bəyan edərək,
Azərbaycanda siyasi məhbusların olmasını yolverilməz hesab edərək və siyasi məhbuslarsız Azərbaycan hədəfini bəyan edərək,
Ölkənin demokratik inkişafı, əsas insan hüquq və azadlıqlarının təmin edilməsi üçün vətəndaş cəmiyyəti təsisatlarının mövcudluğu və fəaliyyətinin mühüm əhəmiyyətini nəzərə alaraq, rəsmi hakimiyyətin QHT-lər üzərinə qanunsuz və əsassız hücumlarını, fəaliyyətlərinə əngəl törədən məhdudiyyətlərin tətbiq edilməsini, təqib və sıxışdırmasını pisləyərək və bunlara son qoyulmasını tələb edərək,
Hakimiyyətin azad və ədalətli seçkilər yolu ilə formalaşdırılmasını demokratikləşmə və insan hüquq və azadlıqlarının təmini üçün əsas siyasi vasitə hesab edərək,
Azərbaycanda mövcud siyasi durumun hakimiyyətin dinc yolla əvəzlənməsini qeyri-mümkün etdiyini bildirərək və bu vəziyyətin aradan qaldırılması üçün köklü demokratik islahatlar paketi hazırlanması və gerçəkləşdirilməsini zəruri sayaraq, bu sahədə öncəlikli vəzifənin seçki islahatı həyata keçirilməsi və ictimai etimada malik seçki komissiyalarının formalaşdırılmasından ibarət olduğunu bəyan edərək,
Demokratikləşdirmə və insan haqlarının müdafiəsi sahəsində cəmiyyətin demokratik müqavimətinin təşkili üçün siyasi partiyaların səylərinin birləşdirilməsini, birgə səy və təşəbbüslərini zəruri sayaraq aşağıdakılar barədə razılığa gəlirlər:
1. Ölkədə demokratiya və insan haqlarına dair müntəzəm, sistemli və davamlı məşvərət-məsləhətləşmələrin keçirilməsi, ictimai-siyasi məsələlər barədə razılaşdırılmış mövqe və münasibətlərin ifadə edilməsi məqsədilə Demokratiya və İnsan Haqları Mərkəzi təsis edilir.
2. BDİHM-ə qanunvericiliyə müvafiq olaraq dövlət qeydiyyatından keçmiş və ya təsis qurultaylarını keçirərək, təsis sənədlərini müvafiq icra hakimiyyəti orqanına təqdim etmiş siyasi partiyalar daxil olur.
3. Özünü siyasi partiya kimi bəyan edən digər təsisatlar təsisçilərin razılığı ilə BDİHM-in tədbirlərində məşvərətçi statusla iştirak edirlər.
4. BDİHM QHT-lər, gənclik hərəkatı təşkilatları, ziyalılar, tanınmış ekspertlər, mütəxəssislər, vəkillər, jurnalistlər üçün açıqdır.
5. BDİHM-in sənədləri, qərarları məşvərətçi xarakter daşıyır və həmin sənədləri imzalamış siyasi partiyaların rəyini ifadə edir. Hər bir siyasi partiya bu məsələlər barədə öz mövqeyi, qeyd şərtləri ilə çıxış edə bilər və bunları ictimailəşdirə bilər.
Bundan əlavə, tədbirdə son həbslərə etiraz olaraq, piket, yaxud mitinq keçirmək təklifləri də səsləndirilib.
Yekunda sentyabrın 17-də saat 12:00-da ADP qərargahında son zamanlarda Azərbaycanda baş verən kütləvi həbslər, media institutlarının bağlanması, mətbuata olan hücumlar, demokratiyanın məhdudlaşdırılması ilə bağlı "Azərbaycanda Demokratiyanın vəziyyəti” adlı tədbir keçirmək qərara alınıb. BHMM-in sədri Mirmahmud Mirəlioğlu tədbirə dəvət üçün ölkədəki bütün demokratik düşərgəyə məktub ünvanlayacağını qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA