"Bu cür adamlardan adətən ictimai-siyasi fəalların üzünə durması üçün istifadə olunur"

img

03-09-2014 [19:29]


Bu gün Ümid Partiyasının Mərkəzi Qərargahında Qarabağ Bloku növbəti toplantısını keçirilib.

Mia.az xəbər verir ki, toplantıda həftə ərzində ölkədə, regionda  və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər, ölkədə repressiyaların davamı  və Türkiyə  prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfəri əsas müzakirə mövzusu oldu.

Toplantıda   Azərbaycan hakimiyyətinin ictimai-siyasi fəallara qarşı repressiyaları davam etdirdiyi bildirildi.  Ötən həftə barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülərək, barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilmiş "Azadlıq” qəzetinin şərhçisi və siyasət şöbəsinin müdiri, "Azərbaycan saatı” proqramının aparıcısı , AXCP Rəyasət Heyətinin üzvü Seymur Həzinin həbsi bir daha pislənildi. Tədbir iştirakçıları qeyd etdilər ki, ictimaiyyət və vəkillərə Seymur Həziyə qarşı təxribat törədənin şəxsiyyətini, bundan əvvəl bu cür proseslərdə şahid qismində iştirak edib-etməməsini, edibsə neçə dəfə  və hansı işlərdə   iştirak etməsi aşdırılmalıdır. Bu araşdırma aparılarsa Seymur Həziyə qarşı törədilmiş  təxribatla bağlı  bir çox məsələlərə aydınlıq gətirilmiş olar. Bu cür adamlardan adətən ictimai-siyasi fəalların üzünə durması üçün istifadə olunur.

Blok üzvləri bir daha hakimiyyəti insan hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəliklərə əməl etməyə, ictimai-siyasi aktivlərə və jurnalistlərə qarşı aparılan repressiyalara son qoymağa, Seymur Həzi və digərlərinin barəsində seçilmiş həbs qəti-imkan tədbirinin  dəyişdirilməsinə,  istintaqın ədalətli və şəffaf aparılmasına  çağırdı.

Son dövrlər Rusiyanın Ukrayna ərazisinə açıq qoşun yeritməsinə  və orada vəziyyətin daha da gərginləşməsinə diqqət çəkən  tədbir iştirakçıları qeyd etdilər ki, Rusiya digər qonşu dövlətləri də təhdid edir  və onların haqqında aşağılayıcı tonda bəyanatlar verir. Bu yolverilməzdir. Beynəlxalq təşkilatlar Rusiyaya qarşı qəti addımlar atmalıdır. Bu addımlar Rusiyanın müharibəyə çəkilməklə yox, ciddi iqtisadi sanksiyalar tətbiq etməklə olmalıdır.

Blok üzvləri Türkiyə  prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycana gəlişini Türkiyə və Azərbaycan arasında strateji müttəfiqliyin daha da dərinləşməsi, və ölkələr arası əməkdaşlığın yeni mərhələyə qədəm qoyması  baxımından əhəmiyyətli olduğunu  bildirdilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA