-Zəlimxan bəy, Borcali Cəmiyyətinin sədri olaraq bu ictimai birliyin adına uyğun fəaliyyət prinsipi kimi nəyi göstərə bilərsiniz? Bu prinsip hansı layihələrlə özünü doğruldur?
-Son 25 ildə peşəkarlıqla Borçalı Türklərinin problemləri ilə məşğul olma dövrü 2009-cu ildən daha məhsuldar olub deyə bilərik. Görünən dağa bələdçilik gərəkmir. Cəmiyyətin şəhərin mərkəzi yerində daimi fəaliyyət göstərən ofisi, taktiki və strateji hədəflənməni ehtiva edən fəaliyyət proqramı, sistemli fəaliyyət göstərən strukturu, ideoloji hədəflənməsi aydın olan və artıq milyonlara nüfuz edən aydın xətti vardır.
-Bu cəmiyyət Borçalının problem və qayğıları ilə nə dərəcədə tanışdı? Cəmiyyətin əhatə coğrafiyasına gürcüstanın realda aidiyyəti hansı səviyyədıdir?
- Sual bir az ritorik səslənir. Böyük siyasətdə kifayət qədər təcrübəsi olan birinə bu cür sualla müraciət etmək doğru deyil. Borçalı türkləri, onun dərd səri, geosiyasi durumda yeri və rolu haqqında bilgiləri ekspertlər, KİV daha çox bizə istinad edir.
-Bəziləri cəmiyyətin işinin "Elat” bayramları ilə məhdudlaşdığını deyirlər...
- Elat bayramı çox böyük və Cənubi qafqazda alternativsiz layihədir. Zaman-zaman bunu dərk edənlər və bu layihəyə qoşulanlar sürətlə çoxalmaqdadır. Bu il jurnalist müşahidələrinə əsasən deyə bilərik ki, 30 mindən çox insan iştirak edib. Elat bir zirvə, hesabat və prespektivə səslənişdir. Sanki bütün kəndlərin, maraq qruplarının iştirak etdiyi QURULTAYdır. Bunu bəhrəsini siz də daxil bütün bölgə dövlətləri və xalqları görəcəklər. Buna şübhəmiz yoxdur. Elat arası dövrdə isə aktiv fəaliyyət göstərən ilik onluqda özümüzü görürük.
-İndi daha cox nədən danışmaq yerinə düşər: Borçalının çətinliklərindənmi, sevincindənmi?
- Borçalı türkləri Qafqazdan ayrı, anklav ola bilməz. Regionda baş verənlər onun həyatına, məişətinə təsirsiz ötüşmür. Borçalı türklərinin demokratik, Avroatlantik məkana gedən Gürcüstanda yaşaması əlavə şanslar verir. Azərbaycan türklərinin ən güvənli məskunlaşma məkanlarından biri və ya indiki zamanda birincisi Gürcüstandır. Azərbaycanın da dağ kəndləri var ki, şagird olmadığı üçün məktəbi bağlanıb və ya işsizlik ucbatından MDB çöllərinə səpələniblər. Mən Gürcüstanda baş verən proseslərə və Soydaşlarımızın durumuna və gələcəyinə pozitiv yanaşıram.
-Borçalı əsilli ziyalıların rəhbərlik etdiyiniz quruma birmənalı olmayan münasibəti və orada toplam təmsil olunmamalarını nəylə izah edərdiniz.
- Hamı mənə tabe olsun və ya hamı Borçalı Cəmiyyətinin üzvü olsun düşüncəsindən uzağam. Hətta belə fikirləşməyin özü xatalıdr. Biz yolumuzu gedirik. Təxribatları, qara yaxmaları, aşağılamaları dəf edərək gedirik. Bu yol heç kimin də üzünə bağlanmayıb. Gürcüstanda əksər bölgələrdə yaşayan soydaşlarımızın könül insanlarını əhəmiyyətli bir hissəsi Borçalı Cəmiyyətinin əsasını təşkil edir. Xeyli gürcü millətindən olan üzvlərimiz də var. Məhəlli bölücü düşüncə sahibləri, milli maraqları şəxsi marağından aşağı tutan, mənfəətçillət, ara qatan, bölgələri müxtəlif əysik hərəkət və təxtibatlarla üz-üzə qoyanlarla yollarımız ayrılır. Ancan Mövlanə düşüncəsinə uyğul olaraq qapılarımızı hər kəsə, yola gələnlərə açıq saxlamaqdayıq.
-Hətta bu qurum qarşı olan bəzi münasibətlər zaman-zaman Borçalı ilə ilgili digər tədbirlərdə və mətbuatda yer alır. Bu mənada, nəticə çıxarmaq mümkündür ki, cəmiyyətə sahiblik iddiasında bulunanlar da var.
- "Borçalı” Cəmiyyətinin tutduğu prinsipial mövqeyi bölüşməyən qüvvələr mövcuddur. Kremlin iradəsinə zidd olaraq, biz Gürcüstan Azərbaycan strateji, siyasi, hərbi tərəfdaşlığını, dostluq xəttini yürüdürük. İranın bölücü düşüncəsinə qarşı ictimai müqaviməti təşkil edirik. Eyni zamanda Azərbaycanda gözü ayağının altını görməyən, harın və təfəkkürcə birlik və bərabərlik düşüncəsindən çox uzaq olan bəzi məmurlarla da üz-üzəyik. Bundan başqa, "Borçalı” Cəmiyyəti bir qrup insanın gürcüləri söyərək çörək qazanmasına bais olub. İndi təsəvvür edin vəziyyətimizin çətinliyini. Bu qüvvələrin hədəfi sağlam milli düşüncə xəttidir - Borçalı hərəkatıdır. Ancaq arxayınıq ki, niyyətimiz də, əməlimiz də, cibimiz də, yolumuz da çox safdır. Himayədarımızın Böyük Yaradan olduğuna əminliyimiz, qələbəmizə şübhə yeri qoymur. Hər kəsi dialoqa, sağlam müzakirələrə dəvət etməkdəyik. Küçədə, çayxanada, pivəxanada bizi ələşdirənlər hər zaman olacaq.
-Belə düşünənlər də var ki, Borçalı cəmiyyəti Zəlimxan Məmmədli üçün sadəcə bir iş yeri, gəlir mənbəyi, karyera vasitəsidi...
-Bu cür düşünənlər qeybətçilər, könlü saf olmayanlar ola bilər. Allah yalançılararı sevməz. Mən böyük siyasətdə, Elçibəy kimi nəhəngin müavini, partiyanın müxtəlif səviyyəli rəhbər orqanlarında təmsil olunmuş, gördüyüm bir sıra tarixi hadisələrlə Azərbaycan tarixində yeri olan birisiyəm. Mən piştaxta arxasından bura gəlməmişəm. "Bizimkilər"bu cür destruktiv xətt tutduqları halda Türkiyə "İlin Altut Adamı" ödülünə layiq gördü.
-Borçalı Cəmiyyətinin perspektivini necə görürsünüz? Ümumiyyətlə, öz fəaliyyətinizə necə qiymət verirsiniz?
-Borçalı Cəmiyyəti bir hərakatdır və bu hərakat hər üç dövlətin- Azərbaycan-Türkiyə- Gürcüstan siyasi sistemlərinin əl qoyacaqları bir birləşdirici modeldir. Azərbaycan bizi Gürcüstan türklərinin icma təmsilçisi kimi tanıyacaq, Gürcüstan biziAzərbaycanda diaspora təşkilatı kimi tanıyacaq, Türkiyə Borçalı türklərinin daha ucalarda olması üçün gərəkənləri edəcək. Öz fəaliyyətimizi qəyərləndirmək ali orqanların, millətimizin işidir. Bizim fəaliyyətə Elat bayramında on minlər qiymət verir. Şəxsimi isə qane etməyən xeyli obyektiv səbəblərdən doğan və ya yaradılan problemlərdir. Azərbaycan siyasi sisteminin boşluqları xeyli problem mənbəyidir. Mahiyyətcə çox optimist adamam.
Ən qaranlıq yerdə işığı görürəm. Bu mənə böyük yaradanın verdiyi ən böyük nemətdir.
Arzuman Loğmanoğlu,
"Yeni Sözçü" qəzeti