BEYİN MƏRKƏZİNDƏ YENİ QURUMLAR YARADILACAQ - Prezidentdən Forum iştirakçılarına müraciət
09-09-2025 [09:57]
Azərbaycan Prezidenti İlham Əliyev "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciət ünvanlayıb.
Mia.az xəbər verir ki, müraciət mətnini Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev oxuyub.
Müraciətdə deyilir:
"Hörmətli tədbir iştirakçıları,
Sizi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasında salamlayıram. Azərbaycana xoş gəlmisiniz!
İlk dəfə olaraq Çindən kənarda keçirilən bu forumun məhz Azərbaycanda baş tutması məmnunluq doğurur.
Bu il ərzində Çinə həyata keçirilmiş səmərəli dövlət və işgüzar səfərlərim, bir çox sənədlərin, xüsusilə də strateji tərəfdaşlıq barədə iki sənədin imzalanması, qarşılıqlı viza rejiminin ləğvi Azərbaycan ilə Çin arasında sıx tərəfdaşlıq və dostluq münasibətlərinin bariz nümunələridir.
Müasir dünyada beyin mərkəzlərinin dövlətlərin və cəmiyyətlərin inkişafında rolu olduqca böyükdür. Onların müxtəlif sahələrdə apardığı araşdırmalar qlobal çağırışların – təhlükəsizlik, iqtisadiyyat, texnologiya və ekoloji problemlərin həlli üçün mühüm zəmin yaradır. Bununla da beyin mərkəzləri həm milli, həm də beynəlxalq səviyyədə qərarların daha səmərəli və düzgün qəbuluna öz töhfələrini verirlər. Bu baxımdan AQEM ölkələrinin beyin mərkəzlərinin əməkdaşlığı ölkələr və xalqlar arasında qarşılıqlı anlayışın güclənməsi və regional inteqrasiyanın dərinləşməsi üçün əlverişli perspektivlər açır.
Bu gün Asiya həm iqtisadi potensialı, həm də qlobal proseslərə təsiri baxımından dünyanın güc mərkəzlərindən birinə sürətlə çevrilməkdədir. Buna baxmayaraq, təəssüf ki, qitə ölkələrinin də daxil olduğu Qlobal Cənub əhəmiyyətli qərarların qəbulu prosesində kifayət qədər təmsil olunmur.
2019-2023-cü illərdə Qoşulmama Hərəkatında uğurlu sədrliyi dövründə Azərbaycan Qlobal Cənub ölkələrinin üzləşdiyi ədalətsizliyə qarşı çıxış etmiş, Hərəkatın beynəlxalq müstəvidə mövqelərinin gücləndirilməsi istiqamətində çalışmışdır. Təqdirəlayiq haldır ki, Qlobal Cənub QHT platformasının təsis konfransı bu il məhz Bakıda baş tutmuşdur. Eyni zamanda COP29-un sədri qismində Qlobal Cənub ölkələrinin iqlim gündəliyi ilə bağlı baxışlarının təşviqi, ən az inkişaf etmiş ölkələrin, xüsusilə də kiçik ada dövlətlərinin ehtiyaclarının təmin edilməsi prioritetlərimiz arasında yer almışdır. Ötən ilin noyabr ayında Bakıda keçirilmiş COP29-un uğurlu nəticələri "Bakı sıçrayışı" kimi tarixə düşmüşdür.
Qlobal Cənubun tarixən üzləşdiyi ədalətsizliklərdən biri də Asiya və Afrika xalqlarının taleyində ağrılı izlər buraxmış müstəmləkəçilik siyasəti olmuşdur. Azərbaycan müasir dövrdə müstəmləkəçiliyin utancverici mirasının aradan qaldırılması və neokolonializm təzahürlərinin ifşa olunması sahəsində yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Biz bu vacib məsələ ilə əlaqədar beynəlxalq həmrəyliyin səfərbər edilməsi yolunda səylərimizi bundan sonra da qətiyyətlə davam etdirəcəyik.
Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib. Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, lakin sadəcə kağız üzərində qalmış TŞ qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır.
Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyimiz sülh gündəliyi xarici siyasətimiz üçün yeni üfüqlər açır və onun daha qlobal xarakter daşıması baxımından mühüm amil rolunu oynayır. Keçən ay Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır.
Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda, şübhə etmirəm ki, Orta Dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək.
Hörmətli Forum iştirakçıları,
Ölkəmizdə regional və qlobal əhəmiyyətli mötəbər tədbirlərin təşkili artıq ənənə halını alıb. Azərbaycan cari ilin iyul ayında Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin başçılarının Zirvə Görüşünü təşkil etmiş, oktyabr ayında isə Türk Dövlətləri Təşkilatının Zirvə Görüşünə ev sahibliyi etməyə hazırlaşır. Eyni zamanda 2026-cı ildə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının və İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin təşkil olunduğu etibarlı qlobal məkana çevrildiyinin növbəti əyani göstəricisidir.
2026-cı ilin payızında Azərbaycanın sədrliyi altında AQEM Zirvə toplantısının da keçirilməsi planlaşdırılır. Asiya qitəsinin 90%-ni əhatə edən və 28 üzv dövləti bir araya gətirən AQEM regionda etimadın gücləndirilməsi və ölkələrarası əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli bir təsisatdır. Azərbaycan AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinə böyük məsuliyyətlə yanaşır. Sədrliyimizin fəaliyyəti "Daha güclü AQEM, Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı artım" mövzusu üzərində qurulur.
Biz sədrliyimiz dövründə AQEM-in təşkilati baxımdan gücləndirilməsi, onun beynəlxalq təşkilat kimi təsisatlanması, yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və təsisatın beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirməsini prioritet olaraq müəyyənləşdirmişik. Eyni zamanda, AQEM çərçivəsində Maliyyə Sammitinin keçirilməsini, Qadınlar Şurasının, Dayanıqlı Bağlantılar Şurasının, AQEM İqlim Şurasının yaradılmasını hədəf götürmüşük.
Əminəm ki, nüfuzlu beyin mərkəzlərinin iştirakı ilə keçirilən hazırkı Forum Azərbaycan sədrliyinin prioritetləri də daxil olmaqla AQEM-in gündəliyində duran qlobal əhəmiyyətli məsələlərin müzakirəsinə dəyərli töhfə verəcəkdir.
Forumun işinə müvəffəqiyyətlər arzulayır, uğurlu nəticələrin əldə edilməsini diləyirəm".
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib