Müxalifət son həbslərlə bağlı toplanır

img

10-08-2014 [23:29]


Son həbs olunan hüquq müdafiəçilərinin müdafiəsini ölkə müxalifəti öz üzərinə götürür. Bununla bağlı avqustun 11-də, saat 16.00-da KXCP-nin qərargahında tədbir keçiriləcək. Tədbirlə bağlı təşəbbüs Müsavat başqanı İsa Qəmbərdən gəlib. O, sosial şəbəkədə hüquq müdafiəçisi İntiqam Əliyevin həbsi barədə yazdıqdan sonra hüquq müdafiəçilərinin müdafiəsi məsələsi bir daha qabardılıb. "İntiqam Əliyev Azərbaycanımızın ən ləyaqətli insanlarından biridir. Hələ gənc yaşlarında 1993-1995-ci illərdə mənim vəkilm olub, Heydər Əliyev-Surət Hüseynov tandeminin ilk repressiya dalğasında məni və digər siyasi məhbusları yüksək cəsarət və yüksək peşəkarlıqla müdafiə edib. İntiqam bəy bu gün də mənim vəkilimdir, AİHM-də mənim və seçki hüququ pozulmuş onlarla başqa insanın haqlarımızı qoruyur. İndi bizim onun haqlarını qorumaq növbəmizdir. Əgər İntiqam bəyin hüquqlarını müdafiə komitəsi yaradılacaqsa, məni də unutmayın. Bu məqam digər fədakar insanlarımıza da aiddir: Leyla xanım və Arif Yunus, Rəsul Cəfərov, Emin Hüseynov... Bəlkə də ümumi bir müdafiə komitəsi yaratmaq daha düzgün olar?”,- deyə İ.Qəmbər "facebook”da yazıb. Bundan sonra isə həbs edilən hüquq müdafiəçilərinin müdafiə komitəsi yaratmaq barədə müzakirələrin aparılması qərara alınıb. KXCP sədri Mirmahmud Mirəlioğlu məsələ ilə bağlı Musavat.com-a bildirib ki, son həbslər artıq cəmiyyətin səbrini daşdırıb və ciddi müzakirələrin aparılması zəruridir: "Təbii ki, son həbs olunanlar bizim artıq cəmiyyətimizdə bugünkü vəziyyətimizin yaxşı olmadığını göstərir və səbrimizi daşdırıb. Xüsusilə İntiqam Əliyevin həbsi cəmiyyəti sarsıdıb. İnsanların haqqını və hüququnu qoruyanların demək olar ki, hamısı təhdid altındadır. Aparıcı insanların, hər kəsin müdafiəsinə qalxan insanlar özləri təqibə məruz qalır və həbs olunurlar. Bu hallara qarşı birgə mübarizə aparılmalıdır. İsa bəyin də bununla bağlı bir fikri vardı. Biz məsləhətləşdik ki, həbs edilən hüquq müdafiəçilərini tək-tək yox, bir yerdə müdafiə edək. Bunun üçün baş verənləri müzakirə etmək və müdafiə etmək üçün komitə yaratmaq lazımdır. Onlar bizim hüquqlarımızı təkcə Azərbaycan daxilində yox, geniş sferada müdafiə edən hüquqşünaslardır”. M.Mirəlioğlu son baş verən həbsləri pisləyib və bu həbslərin davamlı olacağını istisna etməyib: "30-cu illərdə məşhur "troyka” vardı, indi o, başqa formadadır. Respublika Prokurorluğu, MTN və Vergilər Nazirliyi- indi də bu "troyka” meydana çıxıb. Baş verənlərə qiymət vermək və məsləhətləşmələr aparmaq lazımdır. Həbs edilənləri ciddi şəkildə müdafiə etmək lazımdır. Biz boynumuza düşəni etməliyik. Bu gün ölkədə hər kəsin haqqı, hüququ pozulur. Azərbaycan böyük bir həbsxanaya çevrilməkdədir. Addımbaşı hər birimizin hüququ pozulur. Həbs edilən hüquq müdafiəçilərini müdafiə etməklə nəyə nail olmağımızı zaman göstərəcək. Biz insanlıq borcumuzu, vətəndaşlıq vəzifəmizi yerinə yetiririk və ümid edirəm ki, bunu bacaracağıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA