"Sən dövlət büdcəsindən milyonları xərcləyə-xərcləyə bu günə qədər Elat miqyasında hər hansı tədbir təşkil edə bilmirsən və...”
"...bir QHT-nin-Borçalı cəmiyyətinin şəxsi imkanları hesabına təşkil olunan tədbirə də biganəlik göstərirsən...”

"Sən dövlət büdcəsindən milyonları xərcləyə -xərcləyə bu günə qədər Elat miqyasında hər hansı tədbir təşkil edə bilmirsən və bir QHT-nin- Borçalı cəmiyyəti üzvlərinin şəxsi imkanları hesabına təşkil olunan tədbirə də biganəlik göstərirsən”
Avqustun 3 də Gürcüstanın Başkeçid (Dmanisi) rayonunun Armudlu yaylasında sayca 6-cı Borçalı Türklərinin Elat Mədəniyyət günü keçirildi.Tədbirin keçirilməsi üzrə Təşkilat Komitəsində Ümid Partiyasının İctimaiyyətlə əlaqələr və Xaricdə yaşayan soydaşlarımızla iş üzrə sədr müavini Rüfət Muradlı da vardı. Ondan Elat təəsüratlarını öyrəndik.
- Rüfət bəy, siz keçən il də Elat günündə iştirak etmişdiniz. Bu il fərqli nüanslar vardımı?
- Keçən il qonaq kimi qatıldığım tədbirə bu il Təşkilat Komitəsinin üzvü və aparıcı kimi qatıldım. İlk nüanslara elə bundan başlayaq. Əlbəttə bununla bağlı suallar da doğa bilər? Amma cavab çox sadədir. Məgər biz siyasilərin fəaliyyəti birliyimiz,regionda sülh, soydaşlarımıza sahib çıxmaq,Gürcüstan və Türkiyə ilə strateji əməkdaşlıqların inkişafı, türk xalqlarının birliyi, məzlum millətlərə sahib çıxmağa söykənmirmi? Baxın, Borçalı cəmiyyətinin artıq 6 cı dəfədir düzənlədiyi Elat günündə bütün bu sadaladıqlarım öz əksini tapır. Bəs bu xoşməramlı, bəzən heç siyasilərin belə həyata keçirə bilmədiyi fəaliyyətdən niyə kənarda qalmalıyıq? Bu ilki Elat gününün yaddaqalan əsas nüanslarından biri də məhz bizim firqə maraqlarından kənar, milli birliyimizə yönələn əməkdaşlığımız, iş birliyi həyata keçirməyimiz oldu. Əlbəttə, bu yöndə dəyərli qardaşımız Zəlimxan Məmmədlinin niyyəti alqışalayiq və nümunəvi hesab olunmalıdır. Şübhəsiz ki, 6-cı Elat əvvəlkilərlə müqayisədə daha izdihamlı, daha coşqulu idi. Yəni ən azı keçən ilki Elatla müqayisədə iştirakçı baxımından iki dəfə artım müşahidə olunurdu.
- Başqa ölkələrdən təmsilçilik hansı səviyyədə idi?
-Bu əsnada qardaş Türkiyə təmsilçilərinin tədbirə qatılımını xüsusi qeyd etmək lazımdır. Ayrı-ayrı siyasi düşərgələrə mənsub olmalarına baxmayaraq Elat deyib Borçalı yoluna çıxan və tədbirə özəl rəng qatan qardaşlarımızı bir arada görmək gerçəkdən fərəhləndirici idi. Özəlliklə Qars bələdiyyə başkanı Mürtəza Qaraçanta, Gürsu bələdiyyəsindən Salettin Turan, MHP MK nin üzvü, Sərhəd boyları dərnəyi sədri Məhərrəm Yıldız, əziz qardaşım, İstanbul Türkiyə Azərbaycan Kültür Evi başkanı Hikmət Elp, tanınmış tele-jurnalist Seyfullah Türksoy, Bursadan Zəkəriyyə Kutlucan, İstanbul Karapapaq dərnəyinin sədri Engin Aybirdi və müavini Mustafa Yıldızla bərabər onlarla digər soydaşlarımızı Elatda görməkdən məmnunluq hissi keçirdim. Güney Azərbaycan aşıqları Muxtar və Mehman Qayabaşı qardaşları da Qaradağın sədasını Borçalıdakı soydaşlarına çatdırdılar. Rusiyadan, Pribaltika ölkələrindən, Ukraynadan Elata qatılanlar vardı. Və təbii ki, Azərbaycandan yüzlərlə insan, o cümlədən elm, sənət adamları Elat təntənəsini müşahidə etmək üçün həmin gün Armudlu yaylasında idi. Tanınmış qələm ustalarımız Oqtay Rza, Abbas Abdulla,akademik Ramiz Məmmədov,professor Nəsib Nəsibli, tanınmış sənət ustası Solmaz Kosayeva, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili və başqaları öz çıxışları ilə Elat iştirakçılarının rəğbət və alqışlarını qazandılar. Azərbaycan pəhləvanı Laçın Əbdülhuseynovun Elat səhnəsində dünya rekordunu təzələməsi isə bizlərə böyük qürur yaşatdı.
- Sizcə Elat günlərinin mesajları nə qədər təsirlidir?
- Elat öz missiyasına sadiqdir. Cənubi Qafqazda barış, Azərbaycan-Gürcüstan- Türkiyə dostluğu, hər üç dövlətin ərazi bütövlüyünə hörmət, Borçalıda əski türk mədəniyyətinin, o cümlədən toponimlərimizin qorunması, soydaşlarımıza sahib çıxmaq, habelə dünyaya sülh çağırışı son illərdə dəyişməyən, əslində daha da inkişaf etdirilən şüarlar olmuşdur. Təbii ki, bu təntənəyə,bu zəfərə qarşı çıxanlar da tapılacaq. Çünki Elat günü hər il əvvəlkindən daha güclü təsir bağışlayır . Bu da müəyyən dairələrin korporativ, ya da elə siyasi maraqlarına uyğun gəlməyə bilər. Azərbaycan hakimiyyətinin , özəlliklə Diaspora ilə iş komitəsinin Elata biganə münasibəti isə gerçəkdən təəsüf doğurur. Sən dövlət büdcəsindən milyonları xərcləyə xərcləyə bu günə qədər Elat miqyasında hər hansı tədbir təşkil edə bilmirsən və bir QHT-nin- Borçalı cəmiyyətinin üzvlərinin şəxsi imkanları hesabına təşkil olunan tədbirə də biganəlik göstərirsən. Nəzərə alsaq ki, Borçalı insanının bir araya gəlməsi üçün yaranan bu qızıl fürsətə məlum qonşu ölkələrdən də kölgə salmaq istəyənlər az deyil. Elata gəlmirsənsə də , barı ondan daha möhtəşəmini ortaya qoymağı bacarmalısan. Amma bununla yanaşı Mövlananın da bu deyimini unutmuruq:"Gəl! Kim olursansa ol, yenə də gəl, İstər xristian, istər məcusi, istər bütpərəst ol, istər yüz dəfə tövbəsini pozmuş ol, yenə də gəl! Bizim qapımız ümid qapısıdır! Necəsən, elə gəl!”
Yeri gəlmişkən, bəzən bu günü, bu törəni niyə dağlarda keçirirlər?- deyə sorur dostlarımız. Əzizlərim, peyğəmbərlərimiz tanrıdan vəhy qəbul etmək üçün dağlara çıxmadılarmı? Övliyalar xalqın güzaranı üçün imdad diləmək məqsədilə dağlara pənah aparmadılarmı? Şairlər dərdlərini dağlara söyləyib, ondan nicat diləmədilərmi? Dağlar bizim üçün hər zaman müqəddəsliyini qorumuş və mahiyyətində igidlik də olan Elatla birləşərək köklü, əsrlərdən axıb gələn bir mədəniyyəti köksündə yaşatmağa qərar vermişdir. Və 6 ci Elat Mədəniyəti günündə hamımız bu təntənənin bir daha şahidi olduq.Ən önəmli olan isə budur ki, bu tədbir ildən ilə tərəqqi etməkdədir və bu, milli birliyimiz adına atılan önəmli bir addım kimi dəyərləndirilməlidir...