"Mən bu halı şiddətlə qınayıram! Bu gün ermənilər Leyla Yunusa Ermənistanın milli qəhrəmanı adını, ya da "Artsax”ın milli qəhrəmanı adını verirlər. Əgər siz fikir verirsinizsə, Ermənistanın kütləvi informasiya vasitələri, eləcə də rəhbərliyi birbaşa Leyla Yunusun müdafiəsinə qalxıb. Bu bir reallıqdır və biz prosesləri müşahidə edərkən, heç də havaya baxıb-danışmırıq. Bu öz yerində…” Sözügedən fikirləri SİA-ya açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev bəzi Azərbaycan QHT-lərinin və radikal müxalifət partiyalarının Leyla Yunusu müdaifə etmələrinə, o cümlədən, həmin qurumların Gürcüstanın Təkəli kəndində erməni QHT-ləri ilə görüş keçirmələrinə münasibətini bildirərkən deyib.
"Ancaq gəlin, digər bir məsələyə də diqqət yetirək” -deyə, qeyd edən MMP sədri bildirib ki, bu gün Gürcüstanda nəinki Zərdüşt Əlizadə, Azərbaycanda ictimai-siyasi sabitliyin pozulması üçün adlarını QHT qoyan adamların toplaşıb ermənilərlə məsləhətləşmələr aparması, buraya aldatdıqları gəncləri cəlb etmələri, müəyyən müsabiqələr keçirmələri yolverilməz haldır: "Çünki onlar bu kimi "məsləhətləşmələr” adı altında erməni kəşfiyyatına məlumatlar ötürürlər. Bunların əllərini kəsmək lazımdır. Təəssüf edirəm ki, baş verənlər göz qabağındadır və bunlara qarşı heç bir tədbir görülmür. Bu zaman sual ortaya çıxır ki, axı sən haradan bilirdin ki, Leyla Yunus həbs olunacaq və ermənilər ona milli qəhrəman adını verəcəklər? Təbii ki, mən bunu bilirdim və gələcəkdə də bildiklərimi xalqa açıqlayacağam”.
Hafiz Hacıyev bu gün Gürcüstanda yalnız QHT-lətin deyil, siyasi partiyaların da ermənilərlə iş birliyində olduğunu bildirib: "Gürcüstanda nəinki QHT-lər, eləcə də İsa Qəmbərin özü, Əli Kərimlinin adamları, eləcə də digərləri ermənilərlə iş birliyində qalamqda davam edirlər. Onlar öz ağalarına deyirlər ki, siz Azərbaycanda sabitliyi pozun, ölkədə xalq ayağa qalxsın və biz də hakimiyyətə gələk. Sonra da Qarabağı sizə bağışlayaq. Bax, bu amilin qarşısı alınmalıdır. Alınmasa, Azəbaycanda belələri hələ çox at oynacaq. Məhz bizim humansitliyimiz, demokratik dəyərlərə hörmət etməyimiz belə itgilərə gətirib-çıxarır. Gəlin görək həmin QHT-lər kimlərdir? Onların atalarını, analarını, nəsil-şəcərələrini yoxlamaq lazımdır ki, kimlikləri ortaya çıxsın. Bəs onları ora göndərənlər kimlərdir? Təbii ki, Azərbaycanın satqın qüvvələri. Onlar məhz həmin qüvvələrdən bəhrələnirlər”.
MMP sədri Milli Şuranın sədri Cəmil Həsənlinin də xəyanətkar fəaliyyətinə münasibət bildirib: "Bu gün Cəmil Həsənlinin erməni qudası gedir Moskvaya və orada vaxtilə hörmət etdiyimiz Rüstəm İbrahimbəyovla görüş keçirir, orada müəyyən razılaşmalar əldə olunur. Həmin görüşə Cəmil Həsənli də skayp vasitəsilə qatılır. Yəni bunları görən yoxdurmu?! Bunların hamısını Hafiz Hacıyevmi deməlidir?! Hafiz Hacıyev ötən 14 ildə özünə azmı düşmən yığıbdır?! Satqınları ifşa etməklə, Azərbaycan dövlətçiliyini müdafiə etməklə. İnanın ki, daha çölə də çıxa bilmirəm, girov kimi bir şeyəm! Bəli, bunları mən deyirəm və mənim daha çox məlumatlarım var. Çünki mən dövlətimiz, xalqımız üçün özümü qurban verməyə hazıram. Siz təsəvvür edin, aparırlar bizim xəritəni Gürcüstana və orada erməni kəşfiyyatına ordumuz, hərbi hissələrimiz, onları sayı, yeri barədə məlumatlar verirlər. Həmin məlumatlara görə isə külli miqdarda pullar alırlar. Sadəcə, Allah bunların nəslini kəssin, evlərini yıxsın! Bu azərbaycanlıya yaraşan bir hərəkətdirmi?!”
"Vaxt var idi mən deyəndə ki, Milli Şurada birləşənlərin hamısı vaxitlə bu dövlətə, bu millətə xəyanət edən adamlardır, bəziləri mənim bu fikirlərimə ironiya ilə yanaşırdılar” -deyə, xatırladan Hafiz Hacıyev həmçinin qeyd edib ki, artıq onun dedikləri sübut olundu: "Bəli, onların içlərində çox güclü adamlar var. Məsələn, Nurəddin Mustafayev orada güclü totalizator rolunu oynayır. İbrahim İbrahimov kimi adamlar orada öz rollarını alıblar. Kərimov Əli (Əli Kərimli) gecələr o bankda, bu bankda öz işini görməkdədir. Onlar Gürcüstanda Sadıxlı kəndində dəfələrlə məxfi görüşlər keçiriblər. Eyni zamanda Tbilisidə Hilton otelinin yanında üç mərtəbəli şəxsi oteldə görüşlərini davam etdiriblər. Yaxşı, biz nə qədər gözləyəcəyik, bunları nə vaxa qədər malalayacağıq?! Axı bizim azərbaycanlı balalarımız cəbhədə öz canlarını bu torpaq, bu Vətən üçün verirlər, şəhidlik zirvəsizə yüksəlirlər. Belə bir zamanda insan nə qədər erməni olmalıdır ki, indi də Təkəli kəndində həmin görüşləri keçirsin! Bu gün həbsdə olan Leyla Yunusun əri çöldə qaldığı üçün xarici radiolara, informasiya agentliklərinə müsahibələr verir. Bəs biz niyə susuruq? Axı bu həqiqətən də yolverilməz haldır! Ona görə də belə halların qarşısını almaq üçün qəti tədbir görmək lazımdır. Qəti tədbir görülməsə, mən qabaqcadan da demişəm, bunlar ölkədə payıza qədər aranı qarışdırmağı qarşılarına məqsəd qoyublar. Ancaq mən bir partiya sədri kimi daim onların ifşası üçün fəaliyyətimi davam etdirəcəm, Kərimov Əli, Leyla Yunus, Zərdüşt Əlizadə və onlar kimilərinin axrına çıxacağam! Çünki belələrinə arxayın olub, səngəri boş qoymaq olmaz”.