"Ermənistanın işğalçı hərəkətini pisləmək əvəzinə,..." - "Ağ Yol" bəyanat yaydı

img

04-08-2014 [11:17]


"Ağ Yol” Vətəndaş Hərəkatının Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması və insan təlafatına səbəb olan hərəkəti ilə bağlı bəyanat yayıb.


Mia.az-a daxil olan bəyanatda "Ağ Yol” Vətəndaş Hərəkatı Ermənistanın atəşkəs rejimini pozaraq Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərini öldürməsinı və bununla bərabər sülh prosesini pozmasını şiddətlə qınayır:


"Ermənistanın bu vəhşiliyi fonunda ATƏT-in Minsk Qrupu həmsədrlərinin bayağı çağırışı bizi daha da təəssüfləndirir.

Ermənistanın işğalçı hərəkətini pisləmək əvəzinə, onlar ənənələrinə sadiq qalaraq, yenə də status-kvo barədə danışırlar.

Bu gün Azərbaycan anaları və bacıları gözüyaşlı qalır, cavan Azərbaycan əsgərləri yaşamını itirir. Milyondan çox Azərbaycan qaçqın və məcburi köçkünləri Azərbaycan hakimiyyətindən və Prezidentindən qətiyyətli addım gözləyir, müharibənin bağlanmasını və ermənilərin doğma yurd və yuvalarından qovulmasını tələb edir. Bütün bu daxili təzyiqlərə baxmayaraq Azərbaycan Prezidenti və xalqı sülh prosesinə sadiqlik nümayiş etdirib, ermənilərə geniş muxtariyyət vəd edib, amma yenə də məkrli düşmən öz mövqeyindən geri çəkilməyib.


ATƏT-in Minsk Qrupu həmsədrləri isə münaqişənin həllinə turizm kimi yanaşmaqda davam edirlər. VİP xidmət, biznes klass təyyarə biletləri, beş ulduz hotellər və qayğısız həyat Dağlıq-Qarabağ münaqişəsini sanki onlar üçün bir turizm marşrutuna çevirib. Belə görünür ki, onlar status-kvonun qalmasında və turizm fəaliyyətlərini davam etdirmək niyyətindədirlər. Buna çox təəssüf edirik.

 

ATƏT-in Minsk Qrupu Ermənistanı işğalçı olduğuna görə müdafiə etməkdən vaz keçməlidir. Azərbaycanla bağlı ritorikalarına isə diqqətli yanaşmalıdır. Çünki, Azərbaycan işğalçı yox, zərərçəkən tərəfdir.

 

BMT-nin qəbul etdiyi 4 qətnamə yerinə yetirilməmiş qalır. Əgər qətnamə yerinə yetirilməyəcəksə və BMT öz qərarına özü hörmət etmirsə, o zaman dünyada sülh və tərəqqidən danışmaq absurd deyilmi?

 

"Ağ Yol” Vətəndaş Hərəkatı inanır ki, beynəlxalq təşkilatlar Ermənistanın işğalçı siyasətinə və vəhşiliyinə susqun qalmayacaq və atəşkəs rejimində öldürdüyü günahsız qurbanlara görə onu cavab verməyə məcbur edəcəklər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA