"Ermənistan ciddi cəzalandırılmalıdır" - Rufiz Qonaqov bəyanat verdi

img

04-08-2014 [11:06]


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və Mərkəzin rəhbəri Rufiz Qonaqovun işğalçı Ermənistanın atəşkəs rejimini pozaraq son günlər Azərbaycan Ordusuna basqın etməsi ilə bağlı bəyanatı yayılıb. 

 

Mia.az-a daxil olan bəyanatda deyilir ki, məlum olduğu kimi, işğalçı Ermənistan Respublikasının silahlı qüvvələri son günlər ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın etmiş, kəşfiyyat-təxribat qrupları cəbhə xətti boyunca qoşunların təmas xəttini bir neçə dəfə keçməyə cəhd göstəriblər. 

 

Bəyanatda vurğulanır ki, Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına və çoxlu sayda insan tələfatına səbəb olub. Yaranmış təhlükəli vəziyyətin bütün məsuliyyəti bu cür təxribatçı addımların atılmasına göstəriş verən rəsmi İrəvanın və ona bu azğınlığı etməyə imkan verən beynəlxalq qüvvələrin, 20 ildən artıq işğala və beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulmasına göz yuman BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi kimi nüfuzlu beynəlxalq və regional qurumların, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, RF və Fransa kimi böyük dövlətlərin üzərinə düşür.

 

Bəyanatda daha sonra deyilir:

 

"Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub saxlanmasında maraqlı olan və həmçinin Madrid sülh planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi, qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyondan artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər. Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinə müraciət edərək, gərginliyin azaldılması üçün təcili tədbirlər görməyə və atəşkəs sazişinə hörmətlə yanaşmağa çağırıblar. Ancaq nədənsə 22 ildir təsis edilən bu qurumun  həmsədrlərinin regiona səfərləri tamamilə səmərəsiz və boş bəyanatlar verməkdən ibarət olmuşdur. Həmsədrlər verdikləri bəyanatda bildirirlər ki, "zorakılığın davam etdirilməsi davamlı sülhün əldə olunmasını çətinləşdirəcək”. Lakin heç bir qəti nəticəyə nail olmayan bu həmsədrlər unudurlar ki, sülh prosesinə ən böyük təhlükə elə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması və beynəlxalq birliyinin bununla bağlı qəti addımlar atmamasıdır. Buna görə də, ilk növbədə Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir, həmsədr ölkələr də bu məsələdə işğalçı dövlətə təzyiqlər etməlidirlər.

 

ABŞ Dövlət Departamentinin rəsmisi Marie Harfın yaydığı bəyanatda isə tərəflər təcili olaraq gərginliyi azaltmağa və atəşkəsə riayət etməyə çağırılıblar. Azərbaycanla bağlı hər zaman qərəzli mövqe sərgiləyən ABŞ Dövlət Departament müharibə alovları qızışan bir anda bildirir ki, "münaqişənin hərbi yolla həlli mümkünsüzdür, qisasçılıq və zorakılıq münaqişənin dinc yolla həllini yalnız çətinləşdirir”. Lakin bu çoxstandartlı münasibət göstərən Dövlət Departamentinə xatırlatmaq lazımdır ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin hər zaman vurğuladığı kimi torpaqlarımızı hərb yolu ilə azad etmək hüququnu biz hər zaman özümüzdə saxlayırıq, bu bizim suveren hüququmuzdur. Əgər ABŞ Dövlət Departamenti burada "qisasçılıq” deyərkən, Azərbaycan Ordusunun bitməmiş müharibə zəminində öz torpaqlarını azad etmək və mövqelərimizə xəbis diversiya əməliyyatları cəhdi edən düşmənə sərt cavab verməyi nəzərdə tutursa, o zaman Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi olaraq bildiririk: Hər zaman Azərbaycan dövlətini insan hüquqları və demokratiya məsələsində qaralamağa çalışan ABŞ Dövlət Departamentinə xatırladırıq ki, 1 milyondan artıq azərbaycanlının mülkiyyət hüququ 20 ildən çoxdur ki Ermənistan dövləti tərəfindən pozulmaqda davam edir. Həlak olmuş minlərlə vətəndaşımız, iqtisadiyyat, sənaye, ekologiya, təbiət və mədəniyyətimizə dəyən milyardlarla manat zərərin cavabdehi də işğalçı dövlətlə yanaşı vəziyyət kritikləşən kimi Ermənistanı deyil, Azərbaycan Respublikasını sülhə çağırmaqda təkid edən ABŞ Dövlət Departamenti və onun kimi ədalətsiz mövqeyə sahib olan qurumlardır. Biz bir daha beynəlxalq qurum və qüvvələrdən 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalarını, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırılmasını və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmasını tətbiq edirik».

 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA