İyulun 15-də "Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun istintaqı 4 ay uzadılıb. Ardınca Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi jurnalistlə bağlı birgə açıqlama yayıblar. Hər iki qurum istintaq zamanı yeni təfərrüatlar meydana çıxdığına görə, ictimaiyyətə geniş açıqlama verməyi məqsədəuyğun olduğunu bildiriblər.
Bəyanatda istintaq zamanı əldə edilmiş diskə baxış keçirərkən, jurnalistin Laura Baqdasaryan və Araik Şirvanyan adlı şəxslərlə iş birliyinə girərək, dövlətimiz əleyhinə çıxdığı, casusluq etdiyi bildirilib. Bundan əlavə, açıqlamada göstərilir ki, Rauf Mirqədirov 2008-ci ildə "Fridrix Nauman” Fondunun təşkilatçılığı ilə Türkiyədə Gürcüstanın və Ermənistanın nümayəndələrinin də iştirak etdikləri konfransda olan zaman Ermənistanın sabiq mili təhlükəsizlik naziri David Şahnazaryan onunla qapalı görüş keçirib. Həmin görüşdən sonra Rauf Mirqədirovun öz internet yazışmalarında Laura Baqdasaryana Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı David Şahnazaryanın fikirləri ilə razılaşdığını bildirdiyi deyilir.
"Rauf Mirqədirov 2008-ci ildən başlayaraq yuxarıda adıçəkilən Baqdasaryan Laura Stepanovnanın rəhbərlik etdiyi ”Region" Tədqiqat Mərkəzi ilə əməkdaşlığa başlayıb. "Region” Tədqiqat Mərkəzi tərəfindən jurnalist fəaliyyəti pərdəsi altında 2002-ci ildən başlayaraq, Leyla Yunusovanın təsisçisi və direktoru olduğu, hüquqi qeydiyyatı olmayan Sülh və Demokratiya İnstitutu adlı qurumla əlaqələr yaradılıb" kimi sözlər açıqlamada yer alıb".
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus sözügedən bəyanatla bağlı musavat.com-a bunları dedi: "Bildiyimiz kimi, Baş Prokurorluq və MTN Rauf Mirqədirovun işi ilə bağlı açıqlama yayıb. Guya ki, Mirqədirov ermənilərə bizim hərbi, energetik-texniki sahələrdə koordinatları, sxemləri barədə bilgilər verib. Bəyanatda gülməli məqamlardan biri odur ki, guya Azərbaycan hakimiyyəti ABŞ-a icazə verib ki, bizim ərazidən İranı vursun. Raufun quru, hava, donanma haqqında məlumatlar ötürdüyü bildirilir. Bütün bunlar heç bir reallığa uyğun deyil”.
"Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev açıqlamanın siyasi sənəd olduğunu bildirdi: "Mənim üçün hər iki qurumun yaydığı sənəd siyasidir. Hüquqi sənəd deyil. İctimai-siyasi vəziyyət haqqında hansı gizli məlumat var ki, onu demək olmaz? Ümumiyyətlə, ictimai-siyasi durumun dövlət sirrinə heç bir dəxli yoxdur. Kimsə bu barədə tədqiqat apara bilər. İndi onları kəşfiyyatçı adlandırmalıyıq? Bu bəyanatı oxuyanda adama elə gəlir ki, hansısa jurnalist bir məqalə yazıb, onu da açıqlama adı ilə mətbuata veriblər”.
Açıqlamanın əsas maraq yaradan hissəsi Rauf Mirqədirovun ölkəni tərk etməsi ilə bağlıdır. Baş Prokurorluqla MTN-in birgə bəyanatında deyilir: "Casusluq fəaliyyətinin ifşa edildiyini güman edərək 2010-cu il iyulun 29-da təcili olaraq Azərbaycanı birdəfəlik tərk etməklə Türkiyəyə getməsi, həmin ölkədə yaşaması və işləməsini təmin etmək məqsədilə əməkdaşı olduğu ”Ayna-Zerkalo" qəzetinin rəhbərliyinin vasitəsilə Türkiyədə akkreditasiya olunması və 2014-cü il 19 aprel, yəni Türkiyədən deportasiya olunduğu tarixədək Azərbaycana qayıtmayıb. Hətta Türkiyənin müvafiq qurumları tərəfindən akkreditasiyası ləğv edildikdən sonra belə Azərbaycana qayıtmaq niyyətində olmayıb. David Şahnazaryanla əlaqə saxlayaraq ailəsinin qayğısına qalınmasını xahiş etməsi əməkdaşlıq etdiyi erməni dairələrinə sığındığını ehtimal etməyə əsas verir".
Uzun illər Rauf Mirqədirovla bir yerdə işləmiş siyasi şərhçi Azər Rəşidoğlu açıqlamada "Ayna-Zerkalo”nun əməkdaşının Azərbaycanı tərk etməsi ilə bağlı göstərilən fikirlərlə razılaşmadığını bildirərək, onun ölkəmizi tərk etməsi ilə əlaqədar heç yerdə olmayan faktlar açıqladı: "Rauf Mirqədirovun Azərbaycandan getməsi ”casusluq fəaliyyətinin ifşa edildiyini güman etməsi" ilə bağlı deyil. 4 ildir ki, bu barədə susuram. Lakin indi ortada ciddi ittihamlar olduğu üçün açıqlama verməyə məcburam. Rauf ikinci dəfə ailə həyatı qurmuşdu. Bu zəmində müxtəlif ailə münaqişələri olurdu. Rauf istəmirdi ki, söz-söhbətlər uşaqlarının psixi durumuna təsir göstərsin, övladları bu söz- söhbətdən əziyyət çəksin. Odur ki, ikinci ailəsi ilə birlikdə ölkəni tərk elədi. Onun Türkiyəyə getməsinin yeganə səbəbi bu idi. Bunu dəqiq bilirəm".
"Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı R.Mirqədirovun 2010-cu ilin iyulunda Azərbaycanı tərk etməsi ilə bağlı açıqlamada göstərilən fikirləri mənasız hesab etdiyini bildirdi: "Mən açıq şəkildə etiraf edirəm ki, bilavasitə mənim razılığımla Rauf Mirqədirov ölkəni tərk edib. Razılığım olmadan o, gedə bilməzdi. Dünən yayılan açıqlamada isə guya Raufun əvvəlcədən ifşa ediləcəyini bildiyinə görə ölkəni tərk etdiyi göstərilir. Hər kəsi əmin edirəm ki, bunların hamısı boş söhbətlərdir”.
Onu da qeyd edək ki, Baş Prokurorluğun və MTN-in yaydığı açıqlama ilə bağlı iyulun 17-də Rauf Mirqədirovun müdafiəçiləri bəyanat veriblər. Bəyanatda hər iki qurumun verdiyi açıqlama dəlil sübutlarla ifşa edilib. Bəyanatın əsas diqqət çəkən hissəsi bunlardır: "Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə Azərbaycan Respublikasına qarşı şikayətlər üzrə İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Konvensiyanın 6 (2) maddəsinin, yəni təqsirsizlik prezumpsiyası hüququnun pozulmasını müəyyən etmişdir. Buna əsas ölkənin hüquq-mühafizə orqanlarının məhkəmə hökmü olmadan insanları müxtəlif cinayətlər törətməkdə təqsirli göstərən bəyanatlar verməklə, ictimaiyyəti yanıltma, işə gələcəkdə baxacaq məhkəmələrə isə nəticənin hansı şəkildə olacağına dair ismarışlar vermələri olmuşdur. Dəlil və sübutların vətəndaşların təqsirliliyini deyil, təqsirsizliyini təsdiq etməsini görən prokurorluq və başqa orqanlar öz səhvlərini etiraf etmək, aylarla, bəzən illərlə əsassız məhbus həyatı keçirən şəxsləri azad etdirərək onlardan üzr istəmək əvəzinə tez-tez bu yola - insanı məhkəmədən öncə faktiki məhkum etmə yoluna üstünlük verirlər”.
R.Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Əvvəlcə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilsə də, iyulun 15-də bu müddət daha 4 ay uzadılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bu maddə üzrə onu ömürlük, yaxud 15 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.(musavat)