İsa Qəmbərdən Əli Kərimliyə mesaj – “Sağlıq olsun”

img

16-07-2014 [11:14]


Müsavat başqanı İsa Qəmbər AXC-nin yaranmasının 25 illiyi münasibətilə partiyanın qərargahında keçirilən toplantı ilə bağlı fikirlərini öz facebook səhifəsində paylaşıb.

İsa Qəmbər 16 iyulun həyatının ən önəmli günlərindən biri olduğunu qeyd edib: "25 il əvvəl məhz 16 iyulda xalqımızın ən möhtəşəm təşkilatlarından birinin-Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında iştirak etmişəm. 4 il sonra isə- 1993-cü ilin 16 iyulunda Əliyev rejimi tərəfindən parlament binasında həbs edilmişəm. Lakin həbs də mənim 16 iyula münasibətimi dəyişməyib, əksinə, elə həbs edildiyim gün parlament tribunasından AXC-nin ilk və son sədri Əbülfəz Elçibəy başda olmaqla bütün cəbhəçiləri və xalqımızı AXC-nin 4-cü ildönümü münasibətilə təbrik etmişəm.

Ötən gün Müsavat qərargahında AXC-nin 25 illiyi münasibətilə yubiley tədbiri keçirdik. Çox maraqlı və səmimi keçən bayram tədbirində AXC-nin ilk idarə heyəti üzvlərindən Pənah Hüseyn və Hikmət Hacızadə, ilk MNTK üzvlərindən Ağacavad Salamzadə, ilk Ali Məclis üzvlərindən Mirbaba Babayev, AXC Ali Məclisinə ən məsuliyyətli dövrdə sədrlik etmiş Arif Hacılı, xalqımızın görkəmli ziyalılarından prof. Cəmil Həsənli, prof. İsmayıl Musa, TURAN İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, o dönəmin gənc AXC üzvü Hacı İlqar İbrahimoğlu və digər dəyərli şəxsiyyətlər çıxış etdilər, xatirələrini, mülahizələrini, təklif və təbriklərini səsləndirdilər.

Təəssüf ki, dəvətlilərin bəziləri –o cümlədən Leyla Yunus, İskəndər Həmidov, Əli Kərimli yəqin ki, üzrlü səbəblərdən iştirak edə bilmədilər. Sağlıq olsun!”.

Müsavat başqanı bildirib ki, dünyanın şər imperiyası adlanan Sovetlər Birliyi ötən əsrin 80-ci illərində elə bir dərin, çıxılmaz siyasi- iqtisadi və mənəvi böhran mərhələsinə daxil oldu ki, artıq bu imperiyanı öz ənənəvi idarəçilik üsulu olan yalan, qorxu və zorakılıq vasitəsilə də qoruyub saxlamaq mümkünsüz idi: "Belə bir şəraitdə Kreml rəhbərliyinin rejimi kosmetik islahatlar yoluyla xilas etmək cəhdləri də əks effekt verdi və az müddət ərzində bütün imperiyanı kütləvi etiraz dalğaları bürüdü. Həmin vaxt Azərbaycanda da respublikanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda milyonların hərəkatı başladı. Öz miqyasına və sanbalına görə digər respublikalardakı hərəkatların əksəriyyətindən üstün olan bu nəhəng xalq hərəkatını idarə etmək üçünsə xalqın maraqlarını ifadə etməyi bacaran bir təşkilat lazım idi. 1989-cu il iyulun 16 da bir qrup vətənpərvər ziyalının təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Cəbhəsi xalq maraqlarının təmsilçisi, hərəkatın avanqardı və rəhbəri oldu. Sovetlər Birliyi məhz AXC-nin və uzaq Baltikyanı respublikalarda, Ukraynada, Moldovada, qonşu Gürcüstanda, eləcə də Rusiyanın özünün və ucsuz-bucaqsız SSRİ-nin başqa diyarlarında yaranan və onunla eyni ideallar uğrunda mübarizə aparan digər anoloji qurumların fəaliyyəti, onların milyonlarla öncüllərinin, on milyonlarla üzvülərinin və tərəfdarlarının fədakar mübarizəsi nəticəsində dünyanın siyasi xəritəsindən silindi. Xalqımızın bütün sosial kəsimlərini, əksər ideoloji xətt tərəfdarlarını bir çətir altına toplamağa müvəffəq olan AXC iyirminci əsrdə Azərbaycan tarixinin ikinci və bu dəfə artıq sonuncu müstəqillik səhifəsini yazdı. Bu qoşa müstəqillik səhifəsinin yalnız bir adı var: Müsavat-AXC və Rəsulzadə-Elçibəy səhifəsi. Nə ən qəddar avtoritar rejim, nə də ən mahir saxtakarlar bu tarixi gerçəyi dəyişə bilməyəcək, bu səhifənin üstündən xətt çəkə bilməyəcək, hansı "arqument” libasına bürüdülsə də, heç bir siyasi konyuktura bu həqiqətin üzərinə kölgə sala bilməyəcək. Rəsulzadə-Elçibəy yolu ölkəmizin və xalğımızın müstəqillik, azadlıq və firavanlıq yoludur. Müstəqilliyimizə qovuşmaqla biz bu yolun yarısını qət etmişik. Lakin 1993-cü ilin iyun hərbi qiyamı nəticəsində azad, demokratik vətəndaş cəmiyyəti qurmaq yönündəki islahatlar yarımçıq qaldı. Kommunistlər ilk dəfə XI Ordunun köməyilə ölkəmizin müstəqilliyinə qəsd etdilər, ikinci dəfə isə öz keçmiş liderlərini yenidən hakimiyyətə gətirməklə ölkəmizi demokratik inkişaf yolundan döndərdilər. Amma mən inanıram ki, Azərbaycan cəmiyyəti tezliklə özündə güc taparaq toparlanacaq və xalqımız bütün strateji hədəflərinə çatacaq. Mən sizi Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 25 illiyi münasibətilə təbrik edir, hamınıza xoş gələcək və firavan həyat arzulayıram. Heç şübhəsiz, AXC-nin qurucularının, bütün üzvlərinin, təəssübkeşlərinin və tərəfdarlarının, xalq hərəkatının bütün iştirakçılarının həyatlarının bu möhtəşəm səhifələri onların hər birinin qəlbində daim qürur və iftixar mənbəyi olaraq qalacaq. Tanrı Azərbaycanımızı qorusun!”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA