BMT-nin Bakı ofisi məlumat yaydı

img

11-07-2014 [17:34]



 BMT QAK Avropa ölkələrini Suriya böhranına reaksiyalarını gücləndirməyə çağırır.

 "Suriyalı qaçqınlar Avropada: Avropa müdafiəni və həmrəyliyi təmin etmək üçün nə edə bilər?" adlı yeni məruzədə BMT QAK dövlətləri öz ərazilərinə girişi, o cümlədən sığınacaq müraciətləri ilə bağlı ədalətli və səmərəli prosedurları, habelə adekvat qəbul şərtlərini təmin etməyə və Suriyadakı münaqişədən qaçıb xilas olmuş qaçqınların müdafiəsini və təhlükəsizliyini təmin edə biləcək digər proqramları aktiv surətdə nəzərdən keçirməyə çağırır.

 BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən Mia.az-a verilən məlumata görə, hazırda daha çox sayda suriyalı regiondan xeyli kənarda olan ölkələrdə təhlükəsizlik axtarırlar. Onların çoxu təhlükəsizliyə nail olmaq və bəzi hallarda artıq Avropada məskunlaşmış olan ailə üzvlərinə qovuşmaq üçün uzun və təhlükəli yola çıxırlar: "Münaqişə başladığı 2011-ci ildən bəri Avropada təxminən 123.600 nəfər, Avropa İttifaqında, Norveç və İsveçrədə 112.700 nəfər Suriyalı sığınacaq üçün müraciət edib. Suriyanın qonşuluğundakı ölkələrə üz tutan təxminən 2,9 milyon qaçqınla müqayisədə bu rəqəm kiçik olaraq qalır. Münaqişə başlayandan bəri Suriyalıların 4%-ə yaxını Avropa ölkələrində (Türkiyə istisna olmaqla) sığınacaq istəyiblər. 

 Bugünkü məruzədə bütün Avropadakı ölkələrə çağırış edilir ki, beynəlxalq hüquq üzrə daşıdıqları vəzifələr əsasında bu duruma reaksiya olaraq uzunmüddətli tədbirlər həyata keçirsinlər və regiondakı ölkələrlə açıq-aydın həmrəylik nümayiş etdirsinlər.

 BMT QAK Suriyalılarla davranma məsələsində bir çox Avropa dövlətlərinin müsbət təcrübələrini, o cümlədən onların Suriyaya qaytarılmasına de-fakto moratorium qoyulmasını, Suriyalıların bir çox ölkələrdə sığınacaq prosedurlarına çıxışını və onların himayə ilə təmin edilmə faizinin yüksək olmasını alqışlayır.

 Məruzədə, həmçinin, BMT QAK-ı narahat edən bəzi boşluqlar və çatışmazlıqlar vurğulanır. Buraya aşağıdakılar daxildir: quru və dəniz sərhədlərindən geri qaytarılma, sığınacaq müraciətləri ilə bağlı səmərəli prosedurlara çıxışın ləng təmin edilməsi, qeyri-adekvat qəbul şəraiti, baxılmamış saxlanılan sığınacaq müraciətlərinin çoxluğu, ailə üzvlərinin qovuşmasına maneələr yaradılması, əlverişsiz vəziyyətdə olan sığınacaq axtaranların müəyyənləşdirilməsi və onlara yardım göstərilməsi üçün mexanizmlərin olmaması və həbs vasitəsindən istifadə edilməsi.

 BMT QAK ölkələri dəvət edir ki, məskunlaşdırma; humanitar səbəblərdən ölkəyə buraxma; özəl sponsorluq əsasında ölkəyə qəbul planlarını hazırlama; və digər hüquqi proqramlardan, məsələn, tələbə və işçi vizalarından istifadə etmə də daxil olmaqla bütün variantları nəzərdən keçirsinlər.

 BMT QAK həmçinin ölkələri çağırır ki, Suriyalıların artıq Avropada müəyyən formada müdafiə ilə təmin edilmiş ailə üzvləri ilə, o cümlədən ailənin geniş tərkibdə götürülmüş üzvləri ilə qovuşmalarına aktiv surətdə yardımçı olsunlar.

 Bu günədək Avropa ölkələri Suriyadan olan qaçqınların məskunlaşması, humanitar səbəblərdən ölkəyə buraxılması və digər formalarda qəbul edilməsi üçün 31.817 yer təklif ediblər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA