Müsavat Divanının toplantısı keçirilib

img

07-07-2014 [16:32]


Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. İclasda qərarların icrası, görülən işlər müzakirə olunduqdan sonra partiyadaxili məsələlərə baxılıb. 

Bu barədə partiyanın mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, yığıncaqda son zamanlar ölkədə təriqət və məzhəblər arasında qarşıdurma görüntüsü yaratmaq cəhdlərinin çoxalmasından narahatlıq və narazılıq ifadə olunub. Bu cür halların Azərbaycan cəmiyyətində ciddi problemlər yarada biləcəyi qeyd edilib. Hüquq-mühafizə orqanlarından belə qarşıdurmaların qarşısının qanunauyğun şəkildə alınması tələb olunub. Nüfuz sahibi olan din xadimlərindən bu məsələlərdə barış yaratmaq üçün səylərini əsirgəməmələri, KİV-dən isə bu məsələnin incəliklərini nəzərə alaraq, münaqişə tərəflərini qızışdıran məlumatların yoxlanılmadan yayılmaması xahiş edilib.
Divanda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik dövründə siyasi məhbusların azad edilməsi, insan azadlq və hüquqlarının qorunması istiqamətində planlı işlər görmək əvəzinə, siyasi məhbusların sayının artırılmasına etiraz edilib.
Blogger Ömər Məmmədova facebook sosial şəbəkəsindəki yazılarına görə şərlənərək 5 il həbs cəzasının verilməsi, QHT rəhbəri Həsən Hüseynliyə qondarma məhkəmə işinə görə prokuror tərəfindən 7 il həbs cəzası istənilməsi, tanınmış ictimai xadim Leyla Yunusun sənədlərinin qanunsuz olaraq alınması və geri verilməməsi ölkədə polis rejiminin daha da gücləndirilməsinə yönəlik addımlar olduğu bildirilib.
Yığıncaqda Ukraynanın qanuni hökumətinin terrorçulara qarşı həyata keçirdikləri anti-terror əməliyyatının uğurlu gedişi haqda fikir mübadiləsi aparılıb və prosesin müsbət nəticə verəcəyinə inam ifadə olunub. Ukraynanın ərazi bütövlüyünün bərpası istiqamətində gerçəkləşdirilən iqtisadi-siyasi tədbirlərin və hərbi əməliyyatların dünya birliyi tərəfindən dəstəklənməsinin vacibliyi qeyd olunub.
Müsavat Partiyası ATƏT PA-nın Bakıda keçirilən sessiaysında iştirakından sonra Krım Tatar Milli Məclisinin başqanı, Ukrayna Ali Radasının üzvü Refat Çubarovun Rusiyanın hərbi yolla işğal etdiyi Krıma daxil olmasına 5 il müddətinə qadağa qoyması Krım-tatar xalqına qarşı repressiyaların davamı kimi qiymətləndirib. Müsavat Partiyası başqanı İsa Qəmbərin Refat Çubarovla görüşü barədə məlumat verilib, Krım-tatar xalqının hüquqlarının qorunması istiqamətində səylərin gücləndirilməsi məqsədəuyğun hesab edib.
Sonda cari məsələlərə baxılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA