Hacıbala Abutalıbov “Yeni Müsavat”a cavab verdi - Olmaz!

img

02-07-2014 [13:26]


Məlum olduğu kimi, reportyorumuz Fərahim İlqaroğlunun döyülməsi ilə bağlı "Yeni Müsavat” qəzeti Nəqliyyat Nazirliyinin qarşısında etiraz aksiyası planlaşdırmışdı. Buna da səbəb Fərahim İlqaroğlunun həyatına sui-qəsdi təşkil edən Aynar Məmmədovun nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu olması faktdır. "Yeni Müsavat”ın iddiasına görə, bu fakt Aynar Məmmədovun istintaqdan yayınmasını təmin edir. Ziya Məmmədov gizlətmədən istintaqa müdaxilə eləyir, qardaşı oğlunun həbsini önləyir. O və qardaşı Elton Məmmədov cinayət törətdiyi halda Aynar Məmmədovu aktiv müdafiə edirlər. Bu faktı əldə əsas tutan "Yeni Müsavat” rəhbərliyi belə bir qərar verib ki, öncə Nəqliyyat Nazirliyinin qarşısında piket keçirsin, ictimaiyyətin diqqətini bu məsələyə cəlb eləsin. Daha sonra Milli Məclisin və məmmədovlar yaşayan evlərin qarşısında piketlər təşkil olunacaq.
"Yeni Müsavat” qəzeti qanunvericiliyə uyğun şəkildə Bakı Şəhər İcra Hakimiyyətinə 4 iyulda piket keçirməsi ilə bağlı xəbərdarlıq məktubu göndərmişdi. İyulun 2-də günün birinci yarısı Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zaur Ramazanovun imzası ilə "Yeni Müsavat”ın məktubuna cavab gəlib. Cavab məktubunda bildirilir: "Sizin piketin keçirilməsi haqqında 28.06.2014-cü il tarixli məktubunuz Bakı Şəhər İcra Hakimiyyətinə 01.07.2014-cü ildə daxil olmuş və ona aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, müraciətiniz "Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun tələbinə cavab vermir. Hesab edirik ki, məktubda qeyd etdiyiniz məsələ ilə bağlı aksiya keçirmək deyil, aidiyyəti orqanlara müraciət etməlisiniz. Həmçinin qeyd edirik ki, müraciətinizdə qaldırılan məsələlərə baxılmaq üçün məktubunuz tərəfimizdən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Nəqliyyat Nazirliyinə göndərilmişdir.

Qeyd olunanları nəzərə alaraq, 04 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi qarşısında piketin keçirilməsi məqsədəuyğun hesab edilmir”.


****

"Yeni Müsavat” göndərilən məktubun surətləri isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun şəxsən yazdığı müşayiətçi ərizə ilə daxili işlər naziri Ramil Usubova, nəqliyyat naziri Ziya Məmmədova göndərilib.

BŞİH-nin piketlə bağlı məktuba verdiyi cavabı şərh etmək üçün "Yeni Müsavat”ın hüquqşünası Vaqif Hüseynə müraciət etdik. Vaqif Hüseyn dedi ki, məktubun məzmunundan BŞİH-nin Sərbəst Toplaşmaq Azadlığı Haqqında Qanuna, ölkə Konstitusiyasına məhəl qoymadığı açıq-aydın görünür: "Cavab məktubunda yazılır ki, "Yeni Müsavat” qəzetinin piket keçirilməsi məqsədəuyğun hesab edilmir. Bu, özü-özlüyündə qanunsuzluqdur. Çünki hər hansı bir icra hakimiyyəti orqanının hər hansı bir dinc tədbiri məqsədəuyğun hesab edib-etməməsinə dair hüququ yoxdur. "Yeni Müsavat” qəzeti piketin keçirilməsi ilə bağlı qanunun bütün tələblərinə uyğun müraciət hazırlayıb, BŞİH-yə təqdim etmişdi. BŞİH isə qanunu açıq pozaraq bizə bu cür cavab verib”.


"Bəs bu məktub piketlə bağlı qərara təsir edəcəkmi?” sualı ilə "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna müraciət etdik. R.Arifoğlu bildirdi ki, bu barədə kollektivdə müzakirə apardıqdan sonra qərar veriləcək: "Xəbərdarlıq məktubumuza qısa müddətdə cavab verilməsi onu göstərir ki, meriya bizim qərara təsir etmək istəyir. Bu həm də ona əsas yaradır ki, jurnalistlərə qarşı da güc tətbiqini həyata keçirsinlər. Lakin bu, bizi qorxutmur. Biz qərarımızı kollektivdə müzakirə etdikdən sonra verəcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA