"Azərbaycanda amansız qisasçılıq ab-havası hökm sürür" - Müsahibə

img

01-07-2014 [23:44]



Müxalifət düşərgəsində təmsil olunan partiyalar toparlanmaq üçün müxtəlif ideyalar üzərində işləyirlər. Müsavat başqanı İsa Qəmbərin yaxın ətrafı Müxalifətin Milli Düşüncə Mərkəzinin yaradılması istiqamətində səylərini davam etdirirlər. Hələlik geniş kontingenti bir araya gətirə bilməsələr də, bu yöndə müəyyən addımlar atılır.KXCP üzvü, Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli isə "Reytinq"ə müsahibəsində deyib ki, hər şeydən öncə milli qüvvələrin əməkdaşlığının fəlsəfəsi düzgün tapılmalıdır:
- Bu əməkşdaşlıq nə üçün yaranır, hədəfi nədir, hansı müddətə yaranır - bütün bunlar aydın olmalıdır. Təəssüflər olsun ki, bizim milli qüvvələrin birliyi üçün bütün yaxşı adlar istifadə olunub - Milli Müqavimət Hərəkatı, Demokratik Konqress, SİDSUH, Demokratiya Uğrunda Hərəkat, Milli Şura və s. Amma abvetura mahiyyəti dəyişmir. Əgər adla mahiyyət üst-üstə düşərsə, çox gözəl olar.
Milli Müqavimət Hərəkatından gözəl bir şey varmı? Qarabağ erməni işğalındadır, Güney Azərbaycan o tərəfdə işğaldadır, Azərbaycanın milli dövlətçiliyi təhdid altındadır, demokratiyaya keçid ciddi bir buxovla üz-üzə qalıb, milli demokratik düşərgə və Rəsulzadə ideyası, siyasi irsi təqib olunur. Bir az uzağa gedəndə, Borçalı, Dərbənd problemi də var. Yəni, milli müqaviməti təşkil eləmək üçün, millətin iradəsini onu təhdid edən qüvvələrə qarşı dirənişə yönləndirmək üçün kifayət qədər əsaslar var.
İndi də Milli Düşüncə Mərkəzi yaradırlar. Bu, strateji araşdırma mərkəzinin işi ola bilər. Gərək, elə bir strateji mərkəz qurasan ki, orda nəzəri-ideoloji əsaslar işlənə. Əgər belə bir mərkəz yaranırsa, orda ideloji diskussiyalar, strateji, taktiki planlamalar ola bilər. Amma siyasi partiyalar öz hədəflərinə doğru irəliləsələr, yaxşıdır.
Qarşıdan gələn seçkilərdə qalib olmaq, hakimiyyətə gəlmək üçün yollar aramaq yönündə əməkdaşlıq fəlsəfəsi düzgün tapılmayıb. Ən ideal forma Demokratik Konqress idi, uzun müddət davam elədi, cəmiyyətin əhəmiyyətli hissəsini dinamik vəziyyətdə saxlaya bildi. Ondan sonra da müxtəlif adlarda birliklər yarandı. Mən, yaraşıqlı adın altına girərək, eyni zamanda, köhnə sterotiplərlə yaşamağı qəbul eləmirəm.
- Bəs, hazırkı mərhələdə hansı qüvvələrin, hansı formatda bir araya gəlməsi məqsədəuyğundur?
- Milli təhlükəsizliklə bağlı ən geniş koalisiyanın formalaşması labüdür. Mənim düşüncəm onu deməyə əsas verir ki, Azərbaycan xalq hərəkatının nüvəsində formlaşan, hədəfləri çox aydın olan bir düşüncənin mahiyət etibarı ilə siyasi səhnədən sıxışdırılaraq çıxarıldığı ərəfəsini yaşayırıq. Yəni, böyük güclər - istər Qərb tərəf, istər şimal tərəf olsun, istər daxildə olsun, Rəsulzadə-Elçibəy irsinin siyasi səhnədə aparıcı xətt olmamasını hədəfə götürmüşdülər və hədəf uğrunda milyardlar xərcləndi, qurumlar yarandı. Qəzetlər, saytlar yarandı, televiziyalar açıldı. Düşünürəm ki, o dəstə "qara piar"ı daha yaxşı apar bildi. Hətta deyərdim ki, hədəflərinə çatıblar. Bu gün o bazada qurulan təşkilatların hərəsi bir cinahdadır.
Çox təəssüf ki, bu gün Azərbaycanda soyuq savaş başlayıb, amansız qisasçılıq ab-havası hökm sürür. Düşmənlərinsə hədəfi enerjini daxili çəkişmələrə yönəltməkdir. Bu, klassik metoddur. Bütün birlikləri dağıtmaq üçün, "Parçala, hökm sür!" modelini gerçəkləşdirmək üçün ya islahatçılar, ya mühafizəkarlar, ya sağçılar, ya da solçular süni şəkildə vurulur, onların rəqabəti mənasız olur, bir də baxırsan ki, insanla-rımız yorulublar. Bu dəqiqə biz o mərhələni yaşayırıq.
- Ən pisi də odur ki, xalq hərəkatından çıxan təşkilatlar, onların öncülləri loru dildə desək, bir-birlərini qırırlar. Belə olan halda, kənarda düşmən axtarışına nə hacət?
- Mən də elə bunu deyirəm. Daha parlaq liderləri daha tez vurmaq, onların ətrafındakı həlqələri daraltmaq və tənhalaşdırmaq xətti götürülüb.
Əbülfəz Eçilbəy haqqında da deyirdilər ki, qaragüruhun başçısıdır, islahatçı deyil, amma ən böyük islahatçı elə Elçibəy idi.
Müəyyən mənada qarşı tərəf ictimai rəydə buna nail ola bildi. Yəni, rəqib düz işlədi. Rəqib öz maraqlarını gerçəkləşdirə bildi, çünki seçdiyi metodologiya doğru idi.
Sonra psevdomillətçilər, psevdobozqurdçular, nə bilim nələr düzəltdilər. Bunların hamısı bir dairədən idarə olunan ayrı-ayrı hücrələrdir. Bunu da öz inhisarlarında saxlayırlar ki, bu ideyanı mənimsəyən olmasın. Amma bütün hallarda yenə də meydanda siyasi təcrübə, ideoloji yetkinlik baxımından, gərəkli olanda Azərbaycanı vəziyyətdən çıxara biləcək kifayət qədər inanlarımız var. Yəni, hələ hər şey bitməyib. Amma siyasi-ideoloji mübarizədə bir qütb uduzub. Milli demokratik düşərgə pərakəndə vəziyyətdədir və əməkdaşlıq formasını tapmaq üçün çox düşünmək lazımdır. Mənə elə gəlir ki, köhnə modellərin birinin üzərində yenidən onu dirçəltmək və bəpra etmək mümkün deyil. Ona görə ki, şimaldan təhdid kifa-yət qədər güclüdür. Qərb ordan gələcək, şimal burdan girəcək, göydən alma düşəcək, biz də onu yeyə-cəyik təfəkkürü köhnəlib. Konkret olaraq, Azərbaycan, Qafqaz təhdid altındadır və bu təhdidi aradan qaldırmq üçün milli müqavimət hərkatı müstəvisində bir format ortaya gələ və bu yöndə müzakirələr aparıla bilər. Bəzi partiyalar kənarda qala bilərlər, amma böyük əksəriyyəti bir araya gətirmək mümkündür. Bunu təmin edəcək model Milli Müqavimət Hərəkatıdır.
- Zəlimxan bəy, bir il bundan öncə böyük səs-küylə yaradılan Milli Şura barədə bəlağətli sözlər deyilsə də, ən qısa ömürlü birlik oldu. Sizcə, milli müqaviməti özündə ehtiva edən bu təşkilat niyə çox yaşamadı?
- Axırıncı parlament seçkilərindən sonra Milli Şura ideyası əskidən olan Milli Şura modeli üzərinə qurul-du. Dairələrdən seçilmiş, ancaq haqqı əlindən alınmış insanlardan ibarət bir Milli Şura formalaşdırmaq ideyası var idi. Mən də o siyahıdaydım. Çünki 33-cü seçki dairəsindən qalib mən idim. Amma sonra nə oldu? Yaradılan qurum nəzərdə tutulan olmadı. Onun dəstəsi, bunun dəstəsi kimi axmaq bir rəqabət getdi və Milli Şura ideyası mahiyyətindən uzaqlaşdı. Artıq bir siyasi bloka çevrildik. Prezident seçkiləri bizi haqlayanda siyasi blok olduq.
- Axı, parlament seçkilərindən sonra yaradılan qurum İctimai Palata idi...
- Adı İctimai Palata olsa da, mahiyyət mən deyən idi. Sonradan İctimai Palata çevrilib Milli Şura oldu. Çünki həmin ideyanın özündə parlamentar ənənələrin bərpası dururdu. Ancaq mən gördüm ki, hədəfdən yayınma oldu, ona görə də özümü alət eləmək istəmədim.
Sonrakı dönəmdə - seçki ərəfəsində Milli Şuraya dəstək verməyim mənəvi dünyamla bağlı idi. Cəmil bəyi dəstəkləmişəm, billə-bilə ki, bu oyun qaydaları ilə qələbə şansı yoxdur. Amma mənim mənəvi dünyam onu deyirdi ki, bunu belə etməliyəm, elədim. İclaslarına getməmişəm, fəaliyyətində yaxından iştirak etməmişəm. Ona görə ki, bu günə kimi gördüklərim təkrarlanırdı.
- Son günlər üzvü olduğunuz KXCP də Milli Şuradan uzaqlaşma xətti götürüb. Bu barədə nə deyə bilərsiniz?
- Mən partiyanın sıravi üzvüyəm. Sıravi üzv kimi mövqeyimi kifayət qədər açıq bildirdim. Funksionerlə-rin açıqlama verəcək bir suala sıravi üzv kimi münasibət bildirmək də istəmirəm. Hər halda, partiyada daha yetkili qurumlar, şəxslər - sədr, müavinlər var, onlar bu suala cavab versələr, daha yaxşı olar. Bü-tün hallarda, kaprizlərin üzərində siyasət yürüdəcəyiksə, iflasa uğrayacayıq, fundamental prinsiplər üzərində siyasət yürüdülərsə, gec də, çətin də olsa, qələbə qazanmaq mümkündür.
- Ötən dövrdə baş verənləri də nəzərə alsaq, indiki situasiyadan baxanda qarşıdakı dövrdə bizi nə gözləyir?
- Son dövrlər rəsmi siyasətimiz bir növ küncə sıxışdırılıb. Ukrayna prosesindən sonra bir aydınlaşma mərhələsi başlayıb. Bizim üçün mübahisəli olan, müəyyən yerlərdə haqq qazanan balans siyasətinin uzun müddət davam edəcəyi görünür. Ona görə ki, burada qütblər ayrılır. Azərbaycan Avropa ailəsinə gedir, yoxsa bu tərəfdə qurulan Gömrük İttifaqına? Bax, bu dəqiqə bu sual aktualdır.
Son zamanlar təqdir etdiyim odur ki, rəsmi kursumuzda, ölkə başçısının mövqeyində artıq Avropa ari-yentasiyası sezilir. Şükürlər ki, müstəqilliyimizi bir də cəhənnəmə yuvarlatmaq meyli yoxdur, amma təhlükə var. Yəni, rəsmi siyasi kursumuz Azərbaycan cəmiyyətini bölmək yönündə deyil. Mən bunu təhlükəsizliyimizin təminatından biri kimi görürəm. Əgər biz təkrarən hər hansı bir formada Rusiyanın buxovuna gedəcəyiksə, Azərbaycan cəmiyyətini çökdürmək imkanları daha geniş olacaq.
- Belə olan təqdirdə, müxalifət hansı addımları atmalıdır, hansı əməkdaşlıq modelini seçməlidir?
- Düşünürəm ki, müxalifətin əməkdaşlıq modelləri cəmiyyətin siyasi qüvvələrini təmərküzləşdirməyə yönəlməlidir. Bunun üçün də üçüncü qüvvənin yardımı olmadan Azərbaycanın iç siyasətində hakimiyyətlə müxalifət arasında qızıl körpünü tapmaq uğrunda bir savaş başlamılıdır. Bilmirəm, özümüz inqilab edəcəyik, yoxsa kənardan inqilab ixrac edəcəklər, amma vəziyyətin ciddiliyini anlamalıyıq. Özümüzü al-datmalı deyilik. Bütün naqisliklərə baxmayaraq, ortaq məxrəcə gəlmək lazımdır. Hakimiyyətlə müxalifət bir araya gəlib milli təhlükəsizliyimizi təhdid edən məsələləri müzakirə eləməlidir. Hakimiyyət istəməyə bilər, amma o da zaman-zaman dialoq barədə təşəbbüslərdə olub. Keçmişə baxmadan irəli getmək lazımdır. Hesab edirəm ki, bu xət Rəsulzadə-Elçibəy xəttidir, cəmiyyətdə barış və sülhə çağırışdır. Biz indiki məqamda milli təhlükəsizliyimiz naminə bir araya gəlməli, sonra qarşıdan gələn seçkilərin demokratikləşməsi istiqamətində uğur əldə eləmək üçün şanslar qazanmalıyıq. Bir sözlə, müxalifət təşəbbüsü öz üzərinə götürməli və hərəkətə keçməlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA