İsveç NATO-nun 32-ci üzvü oldu - Blinken açıqladı, Stoltenberq "İsveç artıq NATO-nun 5-ci maddəsinin himayəsi altındadır" dedi

img

07-03-2024 [22:18]


ABŞ-ın paytaxtı Vaşinqtonda İsveç xüsusi mərasimlə rəsmi olaraq NATO-nun 32-ci üzvü olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken və İsveçin baş naziri Ulf Kirstersson Vaşinqtonda görüşdən sonra birgə mətbuat konfransı keçiriblər.

İsveçin NATO ittifaqında iştirakına dair rəsmi giriş protokolunu mətbuata göstərən Blinken deyib: "Bu üzvlük sənədi ilə İsveçi Vaşinqton Sazişinin (NATO-nun təsis müqaviləsi) tərəfi və NATO-nun 32-ci üzv kimi salamlayıram. İsveçlə NATO daha da güclənəcək. Bu, İsveç üçün tarixi bir an, ittifaqımız üçün tarixi bir an və NATO müttəfiqlərimizlə transatlantik əlaqələrimiz üçün tarixi bir andır".

NATO-nun baş katibi Yens Stoltenberq isə sosial media hesabında yazıb: "İsveç NATO-nun 32-ci üzvü oldu və masamızda öz layiqli yerini aldı. Bazar ertəsi NATO qərargahında onun bayrağının dalğalanmasını səbirsizliklə gözləyirəm.  İsveç artıq NATO-nun 5-ci maddəsinin himayəsi altındadır...".

Xatırladaq ki, martın 11-də NATO-nun Brüsseldəki qərargahında rəsmi mərasim keçiriləcək və orada İsveç bayrağı qaldırılacaq.

Lamiyə Əhmədli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR