ERMƏNİ XİN BAŞÇISI TÜRKİYƏ MƏTBUATINA MÜSAHİBƏ VERDİ: "Azərbaycanla iki məsələdə fərqli yanaşmamız var"

img

07-03-2024 [12:11]


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyənin Anadolu Agentliyinə müsahibə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, Türkiyə ilə normallaşma prosesi, Azərbaycanla münasibətlər, bölgədəki vəziyyət və digər məsələlər ətrafında sualları cavablandırıb.

"Ermənistan Respublikası olaraq Türkiyə ilə dövlət sərhədlərinin ən qısa zamanda açılmasını səmimi qəlbdən istəyirik. Diplomatik əlaqələrin qurulmasını, insanlar və mədəniyyətlər arasında təmasların artırılmasını gözləyirik", - deyən Erməni XİN başçısı xatırladıb ki, Ermənistanla Türkiyə arasında normallaşma prosesi üçün xüsusi nümayəndələr təyin olunub: "Xüsusi nümayəndələrin üzbəüz və telefon əlaqəsi var. Üstəlik, prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışıqları davam edir. Yəni, tərəflər arasında daimi təmas var və bunlar prosesə müsbət dinamika verir”.

Mirzoyan deyib ki, sərhədyanı rayonlarda infrastruktur və yolların tikintisi ilə bağlı müəyyən razılaşmalar əldə olunub: "İki ölkə arasında sərhədlərin açıq olması iki ölkə və bölgə üçün faydalıdır. Bunun verəcəyi fayda göz qabağındadır. İlk növbədə, bu, sadə insanlar üçün çox vacibdir. Münasibətlərin və iqtisadi əlaqələrin inkişafı ilk növbədə insanlara çox fayda verəcək".

Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına gəlincə, Mirzoyan sülh gündəminə sadiqliklərini təsdiqləmək üçün bu fürsətdən istifadə etmək istədiklərini bildirib: “Biz Azərbaycanla sülh sazişinin imzalanması üçün danışıqları davam etdiririk".

Tərəflər arasında müəyyən problemlərin olduğunu və bəziləri ilə bağlı Azərbaycanla razılığa gəldiklərini qeyd edən Mirzoyanın sözlərinə görə, iki mühüm məsələdə tərəflərin yanaşmaları fərqlidir: "Birincisi, iki ölkənin sərhədlərinin müəyyən edilməsi prinsipləri, digəri isə regional əlaqələr və nəqliyyat xətləri ilə bağlıdır".

Mirzoyan tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını təkrarlayıb: "Bölgədəki bütün əlaqələr və nəqliyyat xətləri ilə bağlı marşrutları açmağa hazırıq. İlk növbədə, bu regional nəqliyyat əlaqələrinin açılması bizim üçün çox önəmlidir və bizə iqtisadi fayda verəcək...".

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq