Xocalı soyqırımı qurbanlarının xatirəsi Pakistanda anılıb

img

26-02-2024 [16:09]


Xocalı soyqırımı qurbanlarının xatirəsi Pakistanda anılıb.

Azərbaycanın Pakistandakı səfirliyindən Mia.az-a bildirilib ki, Müslüm İnstitutu ilə birgə Pakistan Milli Kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan seminar təşkil olunub.

Tədbirdə Pakistan Senatının Müdafiə Komitəsinin sədri senator Müşahid Hüseyin Seyid, İnsan Hüquqları komitəsinin sədri senator Valid İqbal, xarici ölkələrin səfirləri və diplomatları, Pakistanın müxtəlif beyin mərkəzlərinin və universitetlərinin rəhbər heyətləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Xocalı soyqırımı ilə bağlı geniş məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov tədbirdə çıxış edərək bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımının 32-ci ildönümünün anıldığını qeyd edib.

Azərbaycan xalqının erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinə məruz qaldığını bildirən səfir Xocalı soyqırımından söz açıb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün beynəlxalq hüquq normalarını pozaraq keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalıya hücum edərək bu şəhəri yerlə-yeksan etdiyini vurğulayıb.

Dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyini, 487 nəfərin şikəst edildiyini, 1275 sakinin girov götürülərək amansız işgəncələrə məruz qaldığını, girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyinin bu günədək məlum olmadığını diqqətə çatdırıb.

X.Fərhadov məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Azərbaycan Milli Məclisinin 1994-cü ildə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verdiyini, 26 fevral tarixinin “Xocalı Soyqırımı Günü” elan olunduğunu və faciə haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıldığını vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına toxunan səfir bu istiqamətdə Fond tərəfindən dünyada aparılan genişmiqyaslı fəaliyyətdən bəhs edib və Xocalı faciəsinin Pakistan daxil olmaqla, bir sıra dövlətlər və müxtəlif beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanındığını qeyd edib. Səfir çıxışı əsnasında həmçinin Xocalı faciəsini törədənlərin və səbəbkarların məsuliyyətə cəlb olunmasının vacibliyini diqqətə çatdırıb.

X.Fərhadov 44 günlük Vətən müharibəsindən, eləcə də 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş antiterror əməliyyatlarından danışaraq Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun erməni işğalına son qoyduğunu, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdiyini diqqətə çatdırıb.
Səfir 2023-cü ilin 15 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı şəhərinə səfərini və orada Azərbaycan bayrağını ucaltmasını xüsusilə qonaqların diqqətinə çatdırıb.

İşğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalıda aparılan bərpa və quruculuq işlərinə toxunan səfir “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı sakinlərinin 2024-cü il ərzində öz evlərinə qayıdacağını vurğulayıb.

Pakistan Senatının Müdafiə Komitəsinin sədri Müşahid Hüseyin Seyid və İnsan Hüquqları Komitəsinin sədri Valid İqbal tədbirdə çıxış edərək 1992-ci ilin fevral ayında Ermənistan tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımdan danışıb və insanlığa sığmayan bu dəhşətli cinayət əməllərini qəti şəkildə pisləyiblər. Senatorlar Pakistan Senatı tərəfindən Xocalı soyqırımı ilə bağlı müxtəlif qətnamələrin qəbul edildiyinə toxunaraq Azərbaycan ilə həmrəylik nümayiş etdirdiklərini vurğulayıblar.

Azərbaycanın artıq öz torpaqlarını işğaldan azad etdiyini bildirərək Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, eləcə də milli maraqları naminə apardığı müdrik siyasətə heyran olduqlarını dilə gətiriblər. Çıxışlarının sonunda Xocalı qurbanlarının xatirəsini ehtiramla yad etdiklərini ifadə ediblər.

Türkiyənin Pakistandakı səfiri Mehmet Paçacı, Müslüm İnstitutunun rəhbəri Sahibzadə Sultan Əhməd Əli, Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin prezidenti ehtiyyatda olan general mayor Xalid Əmir Cefri, ekspert Tuğral Yamin seminarda çıxış edərək Xocalı soyqırımı barədə danışıb, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etdiklərini bildiriblər.

Dinc insanlara qarşı törədilmiş bu soyqırımının təkcə Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu vurğulayan məruzəçilər beynəlxalq ictimaiyyəti bu mənfur əməllərə görə Ermənistanı qınamağa çağırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq