RƏİSLƏR GENERAL VƏ SABİQ XİDMƏT RƏİSLƏRİNİ "BAQAJA" QOYDU: “Bu puldan 335 min manat mənə çatıb, qalanını..."

img

17-02-2024 [13:38]


Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid Fariz Nəbiyev bildirib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə rəisi işləyib. Hazırda bölmə rəisi işləyir. İşlədiyi hərbi hissədə 2017-2022-ci illər arasında 740 min manata yaxın pul mənimsənilib:

“Bu puldan 335 min manat mənə çatıb, qalanını korpusun maliyyə rəisi Yaşar Rzayevə vermişəm. Rəis gəlib deyirdi ki, pulun 50 faizini mənə verməlisən. Mənimsənilən pulun mənə aid olan hissəsindən 243 min manatını büdcəyə ödəmişəm, qalanını da yaxın müddətdə ödəyəcəyəm”.

Həmin vaxt Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində maliyyə rəisi və Müdafiə Nazirliyində baş təftişçi işləmiş şahid Nazim Süleymanov bildirib ki, ümumilikdə 2 hərbi hissənin maliyyə yoxlamasında iştirak edib. Onun sözlərinə görə, həmin hərbi hissələrin birində 1 milyon çatışmazlıq aşkar olunub: “Çatışmazlıq aşkar olunanda özümüzə düşən payı götürüb gedirdik. Pulları Rafael Xələfovun göstərişi ilə onun dediyi adamlara vermişik. Cəmi 350 min manata yaxın pul mənə qalıb. İkinci hərbi hissədə 649 min manat çatışmazlıq aşkar edilmişdi. Mənə bu puldan 420 min manat çatıb. Dövlətə dəymiş ziyandan öz payıma düşəni tam ödəmişəm”.

O əlavə edib ki, 2019-2021-ci illərdə korpusda maliyyə xidmət rəisi olub. Maliyyə və büdcə idarəsinin təftiş şöbəsini rəisi Rafail Xələfova 1 milyon 80 min manat pul verib. R.Xələfovla üzləşəndə o, öz üzərinə düşən məbləğdən boyun qaçırıb.

Hazırda hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyən şahid Emin Hüseynov təftiş dövrü ərzində 3 hərbi hissədə işlədiyini deyib. Birinci hərbi hissədə 169 min manat, digər hərbi hissədə isə 505 min çatışmazlıq olub, 300 min manata yaxın pulu Cəlal Kazımova verib: “İşlədiyim digər hərbi hissədə 690 min manat çatışmazlıq aşkar olunmuşdu. Cari hesabda qalan 105 min manatı Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Həsən Paşayevə vermişəm”.

O əlavə edib ki, qalan pulun 65 faizini Cəlal Kazımova verib, 35 faizi isə özünə qalıb. Ümumilikdə işlədiyi bütün hərbi hissələrdə mənimsənilən pullardan 350 min manat ona qalıb: "Dəymiş ziyandan 17 min manatı ödəyib, qalanını da yaxın müddətdə ödəyəcəyəm".

Şahid Cəmil Quliyev bildirib ki, hadisə vaxtı maliyyə xidmət rəisi işləyib. İşlədiyi hərbi hissədə yoxlama zamanı 1 milyona yaxın çatışmazlıq aşkar olunub: "Pulun 60 faizini həmin vaxt korpus komandiri işləmiş Yaşar Rzayev və Nazim Süleymanova vermişəm, 290 min manat pul isə özümə qalıb. Həmin məbləğdən 10 min manatı büdcəyə ödəmişəm, qalanını da yaxın müddətdə ödəyəcəyəm" .

Proses fevralın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində saxlanılıblar.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.

İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb(Report)).


Digər xəbərlər
SON XƏBƏRLƏR