Türkiyədə gecəyarı qiymət artımı...

img

17-07-2023 [00:21]


Şahin CƏFƏRLİ

***

Gecə Türkiyənin "tarif şurası" yanacağın qiymətini kəskin qaldırıb.

ÖTV-nin (özel tüketim vergisi) yüksəldilməsi nəticəsində benzin və dizelin qiymətində 6 lirə artım olub. Büdcə kəsirinə yamaq vurmaq üçün başqa sahələrdə də ciddi vergi artımları var və bu tədbirlər davam edəcək.

Seçki ərəfəsində maaş, təqaüd artımları, pul bolluğu, Mərkəzi Bankın (MB) rezervlərini əritmək hesabına mümkün qədər stabil saxlanılan məzənnə nəticəsində ölkədə yalançı bahar havası yaradılmışdı. Seçkidən sonra bunlara ehtiyac qalmadı, daha doğrusu, vəziyyəti olduğu kimi saxlamaq üçün resurs qalmadı.

Məsələnin mənfi tərəfi odur ki, ortada ciddi bir böhrandan çıxış proqramı yoxdur və Türkiyənin ehtiyac duyduğu institusional islahatlara dair siyasi iradə görünmür. Sadəcə, durumu stabilləşdirmək üçün atılan məcburi, palliativ xarakterli addımlar var. Bu isə yaxın gələcəkdə iqtisadi tərəqqinin başlayacağına ümid yaratmır. Qabar dağında kifayət qədər neft, Qara dənizdə isə yetərli miqdarda qaz çıxmır ki, bununla heç olmasa, daxili tələbat müəyyən qədər ödənsin.

Çıxış yolu bu ola bilər ki, Beynəlxalq Valyuta Fondu (IMF) ilə Stand-by proqramı üzərində anlaşıb, əlverişli şərtlərlə kredit xətti açılmasına nail olunsun. Lakin IMF Türkiyədə həm bu iqtidar, həm də bir çox müxalif çevrə tərəfindən dəhşətli şəkildə şeytanlaşdırılıb. (Türkiyə özü IMF üzvü olduğu halda.) "Borc alan əmr alar" deyimi ölkədə populyardır, halbuki ötən illər ərzində başqa mənbələrdən alınmış 460 milyard $ borc var. Düzdür, prezident Ərdoğan dünən dediyinin bu gün 180 dərəcə əksi yönündə addım atsa belə, öz seçicilərinə bunu asanlıqla qəbul etdirmək kimi bir lüksə sahibdir. Amma IMF ilə bağlı əsas problem budur ki, bu qurum razılaşdırılan proqramın icrasının hər mərhələsinə nəzarət edir və ciddi şəffaflıq tələb edir, bu isə Türkiyədə hazırkı korrupsioner sistemin çarxına çomaq soxa bilər, ona görə də hakimiyyətə sərf eləmir.

Gedişat onu göstərir ki, sonda (bəlkə bələdiyyə seçkilərindən sonra) istəmədən də olsa, IMF ilə anlaşmaq zorunda qala bilərlər. Çunki aşağı faizlə böyük miqdarda borc verəcək başqa bir struktur yoxdur.

Amma Türkiyənin dövlətə aid ərazilərinin və Varlıq Fondunda toplanmış dövlət şirkətlərinin ərəb şeyxlərinə satılması ehtimalı da az deyil...

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:22 28.04.2024

Sabah isti hava olacaq