Prezident İlham Əliyev və birinci xanım Qobustan, İsmayılı və Ağsuya səfər ediblər (Yenilənir)

img

12-08-2022 [19:30]


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də Qobustan rayonuna səfər ediblər.

Mia.az xəbər verir ki, Qobustan rayonunda “Diri Baba” türbəsində turizm infrastrukturunun yaradılması ilə bağlı aparılan yenidənqurma işləri ilə tanış olublar.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dövlətimizin başçısı və birinci xanıma türbədə görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Bakı-Şamaxı magistral yolunun 1,5 kilometrliyində yerləşən, 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən “Diri Baba” türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir.

Türbə Azərbaycanın şimal-qərb turizm dəhlizində birinci vacib dayanacaq kimi, il ərzində xeyli sayda turist qəbul edir. Ərazidə turizm imkanlarının yaradılması yerli kiçik sahibkarlığın və icma əsaslı turizm dəyər zəncirinin formalaşmasına, bölgənin digər turizm əhəmiyyətli abidələrinin turizm potensialından istifadəyə və regional turizm klastrının yaranmasına töhfə verəcək.

Məlumat verildi ki, abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı, turizm potensialı qiymətləndirilərək, həmçinin antropogen və təbii amillərin təsiri ilə deqradasiyaya uğramasının qarşısını almaq məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb.

Ərazidə bulaq, qurbangah və söhbətgah tikilib, meydan döşəməsi yenilənib, türbəyə qalxan pilləkənlər yenidən üzlənib, ərazi abadlaşdırılaraq oturacaqlar quraşdırılıb. Eyni zamanda, türbədə gecə işıqlandırılması təmin edilib, kommunikasiya xətləri qurulub və yenilənib. Bununla bərabər, sel sularını axıdan kanal bərpa olunub, türbə kompleksinin ətrafı çəpərlənib, həmçinin 20 yerlik avtodayanacaq tikilib.

Diqqətə çatdırıldı ki, XV əsrə aid və abidənin ayrılmaz tərkib hissəsi olan tarixi qəbiristanlığın ərazisində 40 qəbir tədqiq edilib və annotasiyası hazırlanıb. Qəbiristanlığın ərazisi abadlaşdırılıb, burada şeyxlərdən birinin türbəsi aşkar edilərək arxeoloji işlər aparılıb. Abidənin ətrafındakı 8 mağara tədqiq olunub, onlardan bir neçəsi turistlərin ziyarət edə bilməsi üçün təmizlənərək hazır vəziyyətə gətirilib. Bu abidənin daş kitabəsi tədqiq edilərək rəqəmsal surəti çıxarılıb.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

Mia.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına və birinci xanıma oteldə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, dağlıq ərazidə yerləşən və səfalı meşələrlə əhatə olunan “Basqal Resort & Spa” oteli 179 otaq və lüks nömrələrdən, üçotaqlı 4 kottecdən və isidilən açıq hovuzlu 1 kottecdən ibarətdir.

Qonaqlar dünya mətbəxinin və milli mətbəximizin təamlarını təqdim edən müasir və möhtəşəm “SƏDƏF” restoranının yeməklərindən həzz alıb, dağlara və mənzərəli guşələrə açılan “MÜCRÜ LOBBY LOUNGE”da zərif və ənənəvi Azərbaycan çayından içərək dincələ bilərlər. Həmçinin “VİTAMİN BAR”da sərin hovuz ətrafında əylənərək və qəlyanaltılardan dadaraq gününü mənalı keçirəcək, meşələrlə əhatələnmiş “PALID CAFE”nin xoş mühitli söhbətgahlarında ailə və dostlarla gözəl anlar yaşayacaq və ya “RAST”ın bənzərsiz atmosferində heyrətamiz mənzərələrdən və qeyri-adi mətbəxdən zövq alacaqlar.

Qeyd edilib ki, “KIDS CLUB” hər yaşda əyləncə axtaran uşaqlar üçün qapalı məkanda və açıq havada oyun meydançaları olan ideal yerdir. Burada peşəkar animasiya komandası gün ərzində uşaqların asudə vaxtının səmərəli və əyləncəli keçirilməsini təmin edəcək. “LİMON CAFE”də balaca qonaqlara müxtəlif ləzzətli təamlar təklif olunacaq. “ECAZ” zalı bol çeşidli açıq bufetdə şirniyyatlar, yerli və dünya mətbəxinin isti yeməklərini təklif edən dəbdəbəli restoran, həmçinin toy, təntənəli günlərin keçirilməsi üçün 500-ə qədər qonağı rahatlıqla qəbul edə biləcək möhtəşəm məkandır. Otelin qonaqları “HAZE Club & Karaoke Lounge”da peşəkar barmenlərin hazırladığı məşhur kokteyllərdən və ləzzətli qəlyanaltılardan dada bilərlər.

Diqqətə çatdırılıb ki, “NİYAL SPA” geniş sahədə yerləşən 4 prosedur otağı, massaj otağı, 2 türk hamamı, 2 fin saunası, 2 buxar otağı, istirahət zonası və yay terrası ilə qapalı üzmə hovuzu təklif edir.

“Basqal Resort & Spa”nın 120 nəfərlik “Hələbi” və “Heyrati” konfrans zallarında biznes konfrans, seminar və tədbir keçirmək üçün hər cür şərait yaradılıb. Həmçinin açıq havada tədbirlərin keçirilməsi üçün burada geniş imkanlar mövcuddur.

Bildirilib ki, otelə gələn qonaqlar İsmayıllı rayonunun ərazisində çoxsaylı gəzinti, yürüş və velosiped cığırlarından yararlana bilərlər. “Basqal Resort & Spa” təbiətin qoynunda istirahət və əyləncə dolu yeni məkandır.

***

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfərdən video paylaşıb.

Mia.az xəbər verir ki, paylaşımda deyilir: “Yolumuz qədim Basqal qəsəbəsinədir”.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 12-də İsmayıllı rayonunda “Basqal Resort & Spa” otelinin açılışında iştirak ediblər.

Mia.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin Ağsu şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.

Mia.az xəbər verir ki, dövlət başçısı abidənin önünə gül dəstəsi qoyub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanış olub.

Mia.az xəbər verir ki, “Ağsu Aqropark” QSC-nin baş direktoru Atababa İsayev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, 2018-ci ildən heyvandarlıq və əkinçilik sahəsi üzrə fəaliyyətə başlayan “Ağsu Aqropark”ın ümumi ərazisi 1843 hektar olmaqla layihə dəyəri 18 milyon manatdır. Aqroparkın tikintialtı sahəsi 10 hektar təşkil edir. Yerli mütəxəssislərə önəm verən Qapalı Səhmdar Cəmiyyəti əhalinin məşğulluğunun təmin edilməsini mühüm bir vəzifə kimi öz üzərinə götürüb. Hazırda burada 200-ə yaxın daimi işçi çalışır, mövsümdən asılı olaraq 240-250 nəfər işlə təmin edilir.

Qeyd edilib ki, müəssisənin infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb, ümumilikdə 34 kilometr uzunluğunda yeni yol çəkilib, mövcud yollar yenidən qurulub. Aqroparkın elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Ərəbmehdibəy kəndi ərazisində 1 elektrik stansiyası, 2 ədəd 630 kilovoltluq, 1 ədəd 100 kilovoltluq, 1 ədəd 35 kilovoltluq, ümumilikdə isə 7 ədəd transformator məntəqəsi quraşdırılıb. Bununla yanaşı, 45,4 kilometrlik elektrik xətti çəkilib, rabitə, SİP kabelləri yenilənib, işıqlandırma işləri görülüb. Həmçinin Girdimançay üzərində müasir körpü tikilərək istifadəyə verilib, müəssisənin qazla təmin olunması məqsədilə 33 kilometr uzunluğunda qaz xətti çəkilib.

Aqroparkın əsas fəaliyyət istiqamətlərindən biri heyvandarlıqdır. Burada ümumilikdə 2200 baş iribuynuzlu südlük və ətlik heyvan bəslənilir. İl ərzində müəssisədə 4 milyon litr süd istehsal olunur.

Diqqətə çatdırılıb ki, aqroparkın ərazisindəki torpağın münbitliyinin artırılması məqsədilə orqanik və mineral gübrələrdən istifadə edilir. Torpağın üst qatında lazer səviyyələndirmə texnikası ilə hamarlama işləri aparılıb, drenaj kanalları çəkilərək şoranlıq problemi həll edilib, nəticədə 1600 hektardan artıq torpaq sahəsi əkin üçün yararlı hala gətirilib. Həmin ərazidə yüksək məhsuldarlığı olan qarğıdalı, arpa, buğda, noxud, həmçinin yonca, vələmir kimi yem bitkiləri əkilib, ot örtüyü yaxşılaşdırılıb. Əkin sahələrinin suvarılması məqsədilə Yuxarı Şirvan kanalının suyunun səmərəli şəkildə istifadəsi təşkil olunub, uzunluğu 22 kilometr olan su xətti çəkilib, 5 nasosxana və 6 artezian quyusu istifadəyə verilib, 800 hektar sahədə yüksək standartlara cavab verən pivot suvarma sistemləri qurulub. Əkinçilikdə növbəlilik sistemi tətbiq edilir. Həmçinin toplanılan silosun saxlanılması məqsədilə ərazidə 16 min tonluq beton silos quyuları və 13 min 500 kubmetr taxılsaxlama anbarları tikilib. Aqroparkda saatda 5 ton yem istehsal edən, avadanlığı Türkiyədən gətirilən zavod istifadəyə verilib.

Məlumat verilib ki, müəssisənin ərazisində toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. Toxumçuluq təsərrüfatı il ərzində 10 min ton toxum təmizləmək gücünə malikdir. Müəssisədə 38 traktor və kombayn, 133 digər kənd təsərrüfat texnikasından ibarət nəqliyyat-texnika parkı yaradılıb. “Ağsu Aqropark”ın məhsulları daxili bazarın tələbatının ödənilməsinə yönəldilir.

Qeyd edək ki, son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə inkişafı sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır.

Respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləmə-qablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb.

İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-na texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. Həmçinin aqroparklar üçün infrastruktur təminatı dövlət vəsaiti hesabına həyata keçirilir.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumilikdə 4491 işçi daimi, 6303 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerinin yaradılması nəzərdə tutulur.

Artıq ölkədə 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Bu aqroparklardan biri də Ağsu rayonunun Çiyni kəndində “Ağsu Aqropark” QSC tərəfindən yaradılmış aqroparkdır.

img img img img
Digər xəbərlər
SON XƏBƏRLƏR