GENERAL VƏ SABİQ RƏİSLƏRİN MƏHKƏMƏSİNDƏ QALMAQAL: "Ay bədbəxt, mənim üstünə qalxırsan?" - Şıxəliyev butulkaya əl atdı, hakim isə...

img

26-05-2022 [12:00]


Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Ötən prosesdə zərərçəkmiş şəxs qismində Ələddin Əliyev sərbəst ifadə verib. Deyib ki, 2004-cü ildən “Moskva” Ticarət Mərkəzində qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olub.

O, 2012-ci ilin yay aylarında Zaur İsmayılovla tanış olub, dostluq münasibətləri yaranıb. Həmin zaman Zaur İsmayılov “Moskva” Ticarət Mərkəzinin yaxınlığında yerləşən “Can əti” adlı kafeni icarəyə götürüb işlədirmiş. Bir dəfə söhbət zamanı Zaur İsmayılov deyib ki, Dubaydan müxtəlif məişət avadanlıqları və brilyantlar gətirib satır. Zərərçəkən deyib ki, Zaur İsmayılovdan 6 min dollarlıq brilyant alıb.

2006-cı ildə isə MTN “Moskva” Ticarət Mərkəzində əməliyyat keçirib və Musabala adlı qızıl-zinət alverçisini tutub. Həmin iş üzrə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Füzuli Əliyev onu MTN-ə dəvət edib, izahatını alıb. Zərərçəkən deyib ki, o zaman ondan pul istənilməyib. 2013-cü ilin yanvarında o, Zaur İsmayılova 38 min dollar verib, ondan 33 min dollar dəyərində brilyant daşlar alıb gətirməsini xahiş edib. Yerdə qalan pul isə həmin daşların rüsumu və Zaurun qazancı olub. 9 yanvar 2013-cü ildə ona Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı Natiq zəng edib...

Natiq onu MTN-ə aparıb, orada nazirliyin əməkdaşı Füzuli Əliyevə təhvil verib:

- Orada Füzuli Əliyevdən başqa Zaur adlı MTN əməkdaşı da vardı. Mənə hədə-qorxu gəlməyə başladılar. Deyirdilər ki, qaçaqmalçılıq yolu ilə gətirilən brilyant daşlar sifariş vermisən, səni həbs edəcəyik, Zaur İsmayılov artıq etiraf edib ki, sən qaçaqmalçılıq yolu ilə brilyant daşların gətirilməsini bilirsən. Dedim ki, Zaur İsmayılova 38 min dollar vermişəm, lakin həmin daşları qaçaqmalçılıq yolu ilə gətirməsindən xəbərim yoxdur. Deyirdilər ki, yalan danışırsan, səni həbs edəcəyik. Füzuli Əliyev 1 milyon manat tələb etdi, “əgər verməsən, səni qaçaqmalçılıq etdiyinə görə həbs edəcəyik” dedi.

Həmin məbləği verə bilməyəcəyini deyən zərərçəkəndən sonda 100 min dollar alaraq, azad ediblər. Daha sonra 6 min dollar da “prokurorluğa verəcəyik” adı ilə alıblar.

Zərərçəkən məhkəmədə olduqca ilginc bir faktın üstünü açıb. Deyib ki, həmin ilin mayında Xəzər Rayon Məhkəməsi Zaur İsmayılov barəsində 2 il müddətə azadlıqdan məhrum etmə cəzası çıxarıb və cəza şərti hesab edilib:

- Hökmə əsasən müsadirə olunmuş 33 min dollarlıq brilyantlar mənə qaytarılmalı idi. Lakin prokurorluq həmin hökmdən apelyasiya protesti verdi. Bakı Apelyasiya Məhkəməsi brilyantların mənə qaytarılması barədə qərar qəbul etdi. Zaur İsmayılovla birlikdə, müstəntiq Rövşənin iştirakı ilə Mərkəzi Banka getdik, Zaur bankda depozitdə olan brilyantları qəbul elədi. Paketlər möhürlənmiş və surquclanmışdı. Zaurla mən paketləri “Moskva” Ticarət Mərkəzində açdıq. Gördük ki, 17 min dollar dəyərində brilyant daşlar yoxdur. Rövşənə zəng elədik, soruşduq ki, bu nə məsələdir. Dedi ki, istintaqa nə təhvil verilibsə, həmin daşları mən maddi sübut kimi tanıyıb banka depozitə qoymuşam. Ola bilər ki, Füzuli Əliyevin idarəsində həmin daşlar yoxa çıxıb, get onlardan istə. Mən yenidən həbs ediləcəyimdən qorxdum və onlara zəng eləmədim. Təxminən 58,9 karat, bir karatı 280 dollar alış qiyməti olan brilyant daşlar yoxa çıxmışdı. Sonradan bu məsələni aydınlaşdıra bilmədik.

Zərərçəkən ifadəsini bitirəndən sonra tərəflərin suallarını cavablandırdı.

Məhkəmədə sərbəst ifadə verən növbəti zərərçəkən Mehrac Qurbanov oldu.

Onun sözlərindən aydın oldu ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına müqavilə bağlamaqla öz adına illik 12 faizə 623 min 300 avro məbləğində əmanət qoyub. 2008-ci ilin oktyabr ayında MTN-in İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov ona zəng edib və istintaqa çağırıb:

- MTN-ə gəldim. Məni Vüsal Ələkbərovun qəbuluna apardılar. Vüsal Ələkbərov dedi ki, sən banka əmanət qoymusan, həmin puldan imtina eləməlisən. Əgər imtina eləməsən, sənin başına oyun açacağıq. Deyirdi ki, hansı yolla olursa-olsun səni tutacağıq. Mən də dedim ki, banka pul qoymaq cinayətdir? Deyirdi ki, pulu verməsən, görəcəksən ki, başına nə oyunlar gətirəcəyik. Axşama kimi qışqırıb-bağırdı. Mənə 1 stəkan su belə vermirdi. Həddindən artıq qəddar və amansız davranırdı. Elə bil böyük bir cinayət törətmişəm. Halal pulumdan imtina etməyəcəyimi deyirdim. Vüsal Ələkbərov çox qışqır-bağırdan sonra dedi ki, 300 min dollar ver, sənin əmanətinin qaytarılmasında köməklik edək. Deyirdi ki, 15 gün ərzində əmanətini sənə qaytaraq, ancaq bu pulu bizə verməsən, səni tutacağıq, bu, rəhbərliyin göstərişidir.

Məndən ifadə aldı, 10 vərəqdə imza nümunələrimi götürdü. Məni İstintaq Baş idarəsinin rəisi Mövlam Şıxəliyevin yanına apardı. O da dedi ki, Vüsal Ələkbərovun dediyini elməlisən. Biz də sənə kömək edib banka qoyduğun pulu qaytaracağıq. Mövlam Şıxəliyev mənimlə olduqca acıqlı danışırdı. Deyirdilər ki, pulu verməsən tutacağıq. Məcbur olub Vüsal Ələkbərovla 200 min dollara razılaşdım. Dedi ki, pul təcili şəkildə, sabah çatmalıdır. Vüsal Ələkbərov axşam məni MTN-dən buraxdı, pul gətirməyəcəyim təqdirdə tutacaqlarını dedi. Yaşadığım Şirvan şəhərinə getdim, tanışım İsmayıl Əhmədova öz fermamdan 30 baş qoyunu 3 min 600 manata satdım. Qardaşlarım Hüseyn Qurbanovdan 10 min manat, Heydər Qurbanovdan 15 min manat, bibim oğlu Kərim Tağıyevdən 20 min manat, bacılarımdan, Sabirabadın Həşimxanlı kəndində yaşamış Səmədağa adlı şəxsdən 50 min manat borc aldım. 50 min manat da özümdə vardı. Topladığım 200 min dolları götürüb MTN-ə getdim.

Məni Vüsal Ələkbərovun otağına apardılar. Pulu Vüsala verdim, banka qoyduğum əmanətin nə vaxt qayıdacağını soruşdum. Dedi ki, zəng edib xəbər verəcək. O günlərdə bacanağım Elşən Mədətovu da Vüsal Ələkbərov MTN-ə çağırmışdı. Onun da “Texnikabank”da əmanəti vardı. Vüsal Ələkbərov Elşəndən də 250 min dollar alıb bank hesabında olan pulu qaytaracağını demişdi. Lakin nə mənim, nə də Elşənin bankdakı pulumuzu qaytarmadı. Elşən də, mən də müflis olduq. Əlimizdə olan biznesimizi dəyər-dəyməzə satdıq. Elşən baş verənlərdən sonra infarkt keçirdi. Bizim başımıza bu quldur dəstə oyun açdı.

Zərərçəkən sərbəst ifadəsini yekunlaşdırandan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifovun suallarını cavablandırıb:

- Siz tələblə niyə razı oldunuz?

Zərərçəkən:

- Qorxuzdular.

Mövlam Şıxəliyev:

- Nə ilə qorxudublar?

- Hədə-qorxu gəliblər.

Vəkil:

- Həmin pulu banka qoyduğunuza görə sizdən rüşvət alındığını deyirsiz?

- Bəli, çağırdılar, dedilər ki, bankda hesabında olan puldan imtina elə, 300 min də ver. Sonda 200 min dollar aldılar.

- Pulu almaqda məqsədləri nədən ibarət idi?

- Bankdakı pulu qaytarsınlar.

- Hesabdakı puldan imtina etmişdiz?

- Etmədim.

- Sizdən imtina ərizəsi aldılar?

- Vüsal Ələkbərov dedi ki, yaz ki, imtina edirsən.

- Deyirsiniz ki, bildim ki, banka hesaba qoyduğum pul qanunsuz deyil. Eyni zamanda deyirsiz ki, 200 min dolları verdim ki, bankda hesabda olan pulu çıxarım. Hesabınızdakı pul qanuni idisə, niyə o pulu çıxarmaq üçün 200 min verirdiz?

- Sən düz danışmırsan. “Texnikabank”da pulu olan çox adamı incidib tutmuşdular. Pulu verməsəydim, məni də şərləyib tutacaqdılar. Bu adamlar vəzifələrindən sui-istifadə edib sahibkarları, iş adamlarını tutublar, qorxudublar, pullarını alıblar.

Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''

Zərərçəkmiş Hüseyn Səfərov da Mehrac Qurbanova bir neçə sual verib:

- Dediz ki, Vüsal Ələkbərov sizi çağırıb hədə-qorxu gəldi, o pulu sizdən aldı.

- Bəli, belə də oldu. Deyirdi ki, pulu verməsən, səni həbs edəcəyik.

Hüseyn Səfərov növbəti dəfə Vüsal Ələkbərovun həbs olunması barədə vəsatətlə çıxış edib:

- Vüsal Ələkbərov bankda müxbir hesabı olan 20-30 adama deyib ki, pullarınız batıb. Sonradan da həmin pulları alıb 50 faizini cibinə qoydu. İnkişaf etmiş “Texnikabank”ın dağılmasında Vüsal Ələkbərovun böyük rolu olub. “Texnikabank”ın müxbir hesablarında 700 milyon manat pul olub. Gözümüzün qabağında əmanətçilərin pulunu basıb yeyib. Bu gün də Allah o vəziyyətə salıb ki, həzm edə bilmir. Düz-əməlli yeriyə də bilmir. Bu adam həbs olunmalıdır.

Mehrac Qurbanov da vəsatəti dəstəkliyib, Vüsal Ələkbərovun həbsini tələb edib.

Hakim Vüsal Ələkbərovdan zərərçəkənlər Mehrac Qurbanovun sərbəst ifadəsinə və Hüseyn Səfərovun fikirlərinə münasibətini soruşub.

Vüsal Ələkbərov deyib ki, Hüseyn Səfərov yalan danışır. Təqsirləndirilən deyib ki, hətta onun işçisinin qardaşının da “Texnikabank”da hesabı olub. Həmin pulu da qaytara bilməyiblər. Məhkəmə onların iddialarını təmin edib, ziyanın ödənilməsi qət olunub. Lakin pul ödənməyib.

Hüseyn Səfərov Vüsal Ələkbərovu yalan danışmaqda ittiham edib, işçi dediyi şəxsin müstəntiq Vüqar Əliyev olduğunu açıqlayıb:

- Vüsal Ələkbərov o qədər acgöz, o qədər qəddar biridir ki, hətta öz işçisi Vüqar Əliyevdən də pul umub. Bunu mənə Vüqar Əliyev özü deyib. Vüsal Ələkbərov Vüqar Əliyevdən bankdakı pulunun qaytarılması üçün pul istəyib. Vüqar Əliyev pul verməyib deyə, Vüsal Ələkbərov da onun pulunu qaytarmayıb. Bilirsiz ki, bunlar Etibar Əliyevi tutandan sonra “Texnikabank”a öz adamlarını oturtmuşdular. Orada nə istəyirdilər, onu da edirdilər. Kimdən pul qoparırdılarsa, onun pulunun yarısını özünə qaytarıb, yarısını da ciblərinə qoyurdular.

Vüsal Ələkbərov Hüseyn Səfərovun söylədiklərinə münasibət bildirməkdən yayınıb. Zərərçəkən Mehrac Qurbanovla Bakı İstintaq Təcridxanasında onunla üzləşməsindən danışıb. Deyib ki, zərərçəkən üzləşmə zamanı onu tanımayıb. M.Qurbanov isə deyib ki, ona qarşı cinayətin üstündən 10 ildən artıq ötdüyünə görə onu tanımayıb.

V.Ələkbərov deyib ki, M.Qurbanov təcridxanada vəkilinə Vüsal deyə müraciət edib:

- Mən də dedim ki, mənəm e, Vüsal. Sonradan müstəntiq dedi ki, nə istəyirsən Vüsaldan?

Zərərçəkən Mehrac Qurbanov təqsirləndirilən Vüsal Ələkbərova belə cavab verib:

- Vüsal Ələkbərov, mən səni haradan tanıyıram? Sən məni tutmasaydın, pulumu almasaydın, səni haradan tanıyardım?

Hüseyn Səfərov isə deyib ki, Mehrac Qurbanovu illər əvvəldən tanıyıb. Buna baxmayaraq onu məhkəmə prosesinə gələndə tanımayıb:

- Möhtərəm hakim, Vüsal Ələkbərovu həbs edin, onda baş verənləri olduğu kimi danışacaq. Burada nazı ilə çox oynayırsız.

V.Ələkbərov isə deyib ki, Mehrac Qurbanovu tanımır, ondan pul almayıb.

Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov da Mehrac Qurbanova sual ünvanlayıb və bu zaman mübahisə yaranıb:

- Sən Mövlamdan pul almısan, onu müdafiə edirsən. Mövlam, sənin də kişiliyin olsun, elədiyini boynuna al! Mən Vüsalı haradan tanıya bilərdim? Mənim biznesim olub, öz işlərimlə məşğul olmuşam. Mən Vüsalı haradan tanıya bilərdim?

Ceyhun Yusifov:

- Mövlam Şıxəliyevin kabineti necə idi?

- Üstündən illər keçib, yadımda qalmayıb. Yalan deyənə lənət olsun!

Mövlam Şıxəliyev:

- Yalan deyir, mən bunun üzünü indi görürəm.

Mehrac Qurbanov:

- Yalan deyənin balası ölsün! Qeyrətin, namusun olsun! Ayıb olsun sənə! General rütbəsi sənə haramdır! Şərəfsiz, sən içəridə çürüyəcəksən!

Mövlam Şıxəliyev:

- Tərbiyəsizlik eləmə!

M.Qurbanov:

- Tərbiyəsizin ən böyüyü özünsən. Burnundan gələcək sənin də, Vüsalın da. Alçaqlar!

Hakim:

- Çıxarın zaldan. Çıxın zaldan.

Zərərçəkən M.Qurbanovu məhkəmə nəzarətçiləri zaldan çıxaranda Mövlam Şıxəliyev onun ünvanına nalayiq sözlər işlətdi.

Hakim tərəfləri sakitləşdirmək üçün zərərçəkən Zaur Əliyevi kürsüyə dəvət edərək “siz ifadə verin” dedi.

Zərərçəkən Zaur Əliyev isə çıxışa hazır olmadığını məhkəmənin nəzərinə çatdırdı.

Hakimlə zərərçəkənin dialoqu bitməmiş dəmir qəfəsdə olan Mövlam Şıxəliyev Mehrac Qurbanovun əleyhinə sözlər işlətməkdə davam edib. Hakimə üzünü tutaraq deyib:

- Əgər müstəntiq belə ifadə almışdısa, məni niyə Mehrac Qurbanovla üzləşdirmirdi? Yalan danışır gözünün içinə qədər.

Zərərçəkən Zaur Əliyev isə Mövlam Şıxəliyevi sakitləşdirməyə çalışıb. O, bu zaman Mövlam Şıxəliyevin sərt təpkisi ilə qarşılaşıb. Mövlam Şıxəliyevin əlindəki su butulkasını qaldırıb Zaur Əliyevə tərəf atmaq istəməsi məhkəmədə gərgin anlar yaşanmasına səbəb olub.

Zaur Əliyev yerindən qalxaraq Şıxəliyevə kəskin şəkildə deyib:

- Şıxəliyev, sən bir cavan övladını itirmisən, Allah rəhmət eləsin. Allahından qorx, ay bədbəxt. Var-dövləti özü ilə bu dünyadan aparan olmayıb, sən də aparmayacaqsan.

M.Şıxəliyev:

- Sən səsini kəs.

- Dünyanın malını kim özü ilə aparıb?

- Kəs səsini sənə dedim!

- Ay yazıq, kişi kimi apar özünü!

- Kəs səsini.

- Qələtini elə, sən səsini kəs!

- Səsini sən kəs, o malları ki, pulları ki, bizlərdən almısan, özünlə o dünyaya aparmayacaqsan! O mallar dünyanın malıdır. Ay yazıq, kim özü ilə aparıb?

- Yazıq da özünsən! Kəs səsini, otur aşağı.

Mövlam Şıxəliyev bir daha su butulkasını Zaur Əliyevə tərəf atmağa cəhd edib. Lakin dəmir barmaqlıqlar buna mane olub.

Tərəflər bir-birinə qarşı kəskin ifadələr işlədiblər. Zaur Əliyev Mövlam Şıxəliyevə tərəf addımlayaraq qəzəbini bu şəkildə ifadə edib:

- Ay bədbəxt, mənim üstünə qalxırsan? Ay şərəfsiz... Utanan sifətin yoxdur. Bizə qarşı etdiyin cinayətlərə görə cavab verəcəksən! Arxayın ol!

Hakim:

- Çıxarın çölə. Qurtarın bu söhbətləri!

Zalda bütün zərərçəkənlər ayağa qalxıb Mövlam Şıxəliyevin özbaşınalığına etiraz edib. Hakim prosesin təxirə salındığını deyərək məhkəmə zalını tərk edib.

Proses mayın 31-nə kimi təxirə salınıb.

“Yeni Müsavat”

Digər xəbərlər
SON XƏBƏRLƏR