DEPUTAT NAZİRLƏ BAKI TƏHSİL İDARƏSİNİN RƏHBƏRİNİ "TOPA TUTDU: "Böyük intriqalarla məşğuldurlar, direktor təyinatları..." - MÜSAHİBƏ

img

19-05-2022 [23:50]


Son vaxtlar orta məktəblərdə baş verən hadisələr medianın əsas mövzularından biridir. Bu problemlərin nədən qaynaqlanması haqda ən müxtəlif fikirlər var.

Millət vəkili Etibar Əliyev zaman-zaman bu hadisələrin səbəblərini həm Milli Məclis tribunasından, həm də sosial şəbəkə hesabında ictimailəşdirib.

Milli Məclisin deputatı, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü olan Etibar Əliyev “Yeni Sabah”ın məsələ ilə bağlı müsahibə almaq müraciətini müsbət cavablandırıb.

Mia.az deputatın təhsil sahəsi ilə bağlı tənqidlərlə zəngin müsahibəsini təqdim edirik:  

- Orta məktəb direktorlarının rüşvətlə vəzifəyə təyin olunması haqda açıqlama vermisiniz. Azərbaycanda artıq neçə ildir ki, direktorlar imtahanla təyin olunur. Əgər imtahanladırsa, o zaman rüşvət mexanizmi necə işləyir? 

- Mən qapalı və mübhəm direktor təyinatlarının geniş vüsət almasını demişəm. Orta məktəblərdə direktorların rüşvətlə təyinatı barədə mətbuatda xeyli sayda yazılar dərc olunub. Mənə xeyli sayda insanlar direktor təyinatı zamanı süni maneələrə rast gəldikləri barədə müraciətlər edirər. Təyin olunmuş direktorların əksəriyyətinin məktəbdə davranışları onların təsadüfi şəxslər olmaları barədə dərhal təəsürat yaradır. Uşaqlar arasında ayrıseçkilik yaradırlar, 10-11-ci sinifdə uşaqların dərslərdə iştirak etməməsi üçün valideynlərlə sövdələşirlər. Məktəbə şəxsi kommersiya obyekti kimi baxırlar… İnsanlarla qaba rəftar edirlər. 

- Sizin direktorların təyinatında rüşvət olması haqda açıqlamanıza, sorğularınıza Təhsil Nazirliyindən hər hansı cavab verilibmi: rəsmi və ya qeyri-rəsmi formada? 

- Təhsil Nazirliyi çox vaxt cavab vermək haqqını Bakı şəhər təhsil idarəsinin üzərinə qoyur. Onların verdiyi cavablar isə 164 nömrəli məktəbdə baş verən “Georgi lenti” hadisəsinin cavabına bənzəyir. Məktəb direktorlarının təyinatında qruplaşmalar mövcuddur və bu qruplaşmanın ən böyüyünün başında Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyeva durur ki, onun 40-a yaxın məktəb direktoru var, indi də ona hesabat (və hesab) verirlər. Hətta onun məktəb direktoru təyin etdiyi adamlar belə, digər məktəblərə direktor təyin etdirirlər. Orta təhsildə rüşvətin dərinləşməsində və təhsil mühitinin darmadağın edilməsində bu qadının müstəsna rolu var. İndiki Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva onun təlimatları əsasında işləyir və böyük bir idarəni intriqa məkanına çevirib. Heç şübhəniz olmasın ki, Məhəbbət Vəliyeva hansısa antiazərbaycan şəbəkələrinin birinin üzvüdür. Və arxasında duranı da hamı tanıyır… 

Bu xanım orta məktəbdən topladığı milyonlar hesabına 2021-ci ilin sonunda Moskvada bir neçə mərtəbəli “Estetik Mərkəz” açıb.  Görün vəziyyət nə həddədir ki, bu mərkəzin açılışında iştirak etmək üçün Mehriban Vəliyeva 2021-ci ilin dekabr ayında bir həftəlik məzuniyyət götürür. Sonra da rəfiqəsinin Moskvadakı obyektinin açılışına qatılır. 

Bir məsələ də var. Hətta Məhəbbət Vəliyeva üçün Təhsildə İnnovativ Texnologiyalar və Əlavə Təhsil Mərkəzi deyilən bir department də yaradıblar. Bu mərkəzə heç bir əhəmiyyəti olmayan təlimlər üçün yüzminlərlə vəsaitlər köçürülür.

- Siz TN yanında İctima Şuranın üzvüsünüz. Bu problemi ictimailəşdirmədən əvvəl Şurada müzakirə etmisinizmi? Etmisinizsə, reaksiya necə olub? Nə üçün ictimailəşdirməyə məcbur oldunuz? 

- Mən İctimai Şuranın iclaslarında belə məsələləri dəfələrlə qaldırmışam. Konkret olaraq adlar da çəkmişəm. İctimai Şuranın iclaslarında nazirliyin Mərkəzi Aparatında yüksək vəzifə tutan şəxsləri də kəskin tənqid etmişəm. Nazirliyin mərkəzi aparatında Dünya Bankının milyonlarla dollar vəsaitini talayıb, indi də yüksək vəzifə tutan şəxsindən tutmuş, nazir müavini birisinin yarıtmaz fəaliyyətini kəskin şəkildə tənqid etmişəm. 

Yeri gəlmişkən, Dünya Bankının vəsaitinin dibinə daş atan Elvin Rüstəmov indi də məktəb qrantlarına ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. Özü də açıq-aşkar, heç kimdən çəkinmədən. Mən Pesablama Palatasından bu işin auditinin aparılmasını xahiş etmişəm, lakin nəticə yoxdur. 

Əgər “Şura” sözünün qarşısında “İctimai” sözü dayanırsa bu məslələr ictimailəşməlidir. Təhsillə bağlı heç bir məsələ qapalı qala bilməz. İdarəetməni dəstəbazlıq və şəbəkə prinsipi üzərində quranlar, İctimai Şurada da parçalanma yaratmaq istəyirlər. Ancaq ümid edirəm ki, buna nail ola bilməyəcəklər. Düşünürəm ki, Şurada kifayət qədər təcrübəli şəxslər təmsil olunur və məqsədləri təhsilin inkişafına mane olan halların aradan qaldırılmasıdır.

- Bildirmisiniz ki, bir biznesmenin 10 müavini direktor təyin edilib. Biznesmenin məktəb direktoru olmaq arzusu nədən qaynaqlanır? Orta məktəb direktorluğu biznesdən o qədərmi gəlirli sahədir ki, öz iş yerlərini dəyişməyə həvəsli olurlar? 

- Həmin biznesmen adam direktor təyinatlarında qruplaşmaların birinin rəhbəridir. Onun təyin etdirdiyi direktorların əksəriyyəti müavinləri olub. Bu, təsadüfi deyil. Biz qüsurları işıqlandırdıqca bunlar daha da saymazyana hərəkətlərini genişləndirirlər. Məktəb dəyərlərini aşındırmaq, qrup maraqlarına qurban vermək olmaz. Ölkənin gələcəyi məktəblərdə formalaşır. Təhsili idarə etmək iddiasında olanlar bu cür qrup maraqlarından çıxış edənlərə hədsiz səlahiyyət verməklə məktəbi onların bayağı biznes (alverçi) təfəkkürünün qurbanına çevrilirlər. 

Elə bayaq verdiyiniz sualın cavabı kimi onu da deyim ki, direktor seçimi imtahanlarına müdaxilə edənlərdən biri də bu biznesmendir, Fuad Babayev…

Həssas Paytaxt ümumtəhsilinin idarəedilməsində vəzifə tutan və birbaşa məktəblərə nəzarət edən şəxsin adı və ünvanları göstərilməklə neçə-neçə biznes obyekti ictimailəşirsə və daha səlahiyyətli şəxslər buna reaksiya vermirsə, deməli törədilən əməllər özfəaliyyət deyil. 

- Bəzi şəxslər sizin TN-ni tənqid etməyinizi nazirliyin rəhbərliyi ilə şəxsi problemlərinizdən qaynaqlandığını iddia edirlər. Nazirlə və ya nazirliyin rəhbərliyindəki digər şəxslərlə hər hansı probleminiz varmı? 

- İctimaiyyət mənim illərdir ki, tənqidi fikirlərimə şahidlik edir. Və zaman da göstərdi ki, biz neqativlərə qarşı mübarizəmizdə haqlıyıq. İndiki halda da yalnız ictimai mənafedən çıxış edərək ən qabarıq problemləri göstəririk. Konkret olaraq mənim nazirliyin rəhbərliyi ilə heç bir problemim yoxdur. Və nazirlə görüşlərdə də kifayət qədər tənqidi fikirlər səsləndirmişəm. İnsafən o da bir çox halda bunlarla razılaşıb. 

Nazir baxçadan tutmuş, ali təhsil müəssilərinə qədər rasional idarəetmə mexanizmi qurmalıdır. İdarəetmənin təkmilləşməsi Nazirliyin Mərkəzi aparatından başlamalıdır. Təhsildəki qruplaşmalar, dəstəbazlıq və kənar müdaxilələr nazirin işinə ciddi maneçiliklərlər törədir. Ola bilsin ki, o, müqavimət göstərir, lakin ciddi dəyişiklik nəzərə çarpmır. Dialoq mühiti sıfırdır. Zaman isə bizi gözləmir, bizim nəsilləri itirmək haqqımız yoxdur… 

- Bu problemlərin, rüşvətin, korrupsiyanın olmaması üçün təklifiniz nədir? Yəni siz nazir olsaydınız, hansı tədbirləri görərdiniz? Necə sistem qurardınız ki, təhsil sahəsində neqativlər olmasın? 

- Şagirdlərin məktəbdən yayınmasının qarşısı alınmalıdr. Şagirdlərin bilərəkdən məktəbdən yayınmasını təşkil edib, bundan milyonlar qazananlar bu millətin gələcəyinə çox ağır zərbələr vururlar. Uşaqlar məktəbdə təkcə biliklər qazanmırlar, tərbiyə alırlar, fiziki və hərbi hazırlıq keçirlər. 10-11-ci sinif şagirdlərinin kütləvi şəkildə məktəbdən yayınmaları onları bu dəyərləri qazanmaqdan məhrum edir. Uşaqları məktəblərrə qaytarmaq lazımdır. 

Qəbul prosesinin sadələşdirilməsi hesabına başa gəlsə də bunu etmək lazımdır. Orta məktəbə direktoyr təyin olunanların bioqrafiyası cəmiyyətə təqdim olunmalıdır. Bunu gizlətmək olmaz. Mən Akademiyada çalışdığım illərdə xeyli istedadlı gənc alimlər tanımışam. Onların içərisindən marağı və müvafiq kompetensiyaları olanları məktəb rəhbərliyinə cəlb etmək lazımdır. Onlar indiki təyin olunanların əksəriyyətindən daha böyük fayda verə bilərlər. Son zamanlar təyin olunan məktəb direktorları içərisindən bir nəfər də olsun himayədən kənar namizəd göstərmək demək olar ki, mümkün deyil. Hazırki vəziyyətdə şəffaflıq anlayışı seçim aparanların istəyinin təmin olunmasına don geyindirməkdən başqa bir şey deyil. 

- Azərbaycanda ali təhsilin keyfiyyəti sizi qane edirmi? 

- Ali təhsilin inkişafı Nazirlikdən çox rektorlar cavabdehlik daşıyırlar. Rektor təyin olunan şəxslər tədrisi və elmi tədqiqatlardan baş çıxardan şəxs olmalıdırlar. Təhsil sahəsində yeni paradiqmalardan və trendlərdən xəbərdar olmalıdırlar. Kollektivdə ayrıseçkiliyə, traybalizmə yol verməməlidir. 

Təəssüflər olsun ki, belə hallarla tez-tez rastlaşırıq. Ali təhsil ölkədə insan kapitalını formalaşdırır. İndiki dövr insanı bütün bəlalardan qurtarmaq və ya daha böyük imkanlara sahib olmaq dövrüdür. Və Universitetlər bu dövrün mərkəzində dayanırlar. Universitetlər yeni dövrün baş müəssisələridir. Rəqabətə davamlılıq, sürət, məhsuldarlıq, innovasiya və az qala hər fayda oradan gəlir, təhsildən gəlir. 

Ancaq postsənaye cəmiyyətinə qədəm qoysaq da, universitetlərimizin əksəriyyəti sənaye dövründə qalıblar. Universitetlərə maliyyə və idarəetmə müstəqilliyi verilməyib. Yeni dərs vəsaitləri demək olar ki, yazılmır və dünyada tanınmış dərs vəsaitlərinin tərcüməsi təşkil olunmur. Bunlarsız keyfiyyətli təhsilə nail olmaq çox çətindir. Biliyin illüziyası çox təhlüləkəlidir. Karyeranın başlanğıcında bütün məzunlara eyni sual verilir. “İxtisasınız nədir və nəyi bitirmisiniz? Sizin bitirdiyiniz ali məktəb sizin təfəkkürünüzün strukturunu anlamağa kömək etməlidir.” Görürsünüz, təfəkkür məsələsi önə çəkilir.

- İndi dünyanın əksər ölkələrində ali təhsildə İnformasiya Texnologiyalarının tədrisi ən önəmli yerlərdən birini tutur. Azərbaycanda isə hələ də bu sahə istənilən səviyyədə inkişaf etməyib. Ciddi kadr çatışmazlığı hiss olunur. Niyə dünya ilə ayaqlaşa bilmirik? 

- Müasir dövrün qlobal çağrışlarına cavab verən yeni ixtisaslar və bilik sahələri üzrə kadr hazırlığına ehtiyac yaranmışdır. Bu bilik sahələri və ixtisasların əksəriyyəti riyaziyyatın və informatikanın geniş tətbiqi ilə xarakterizə olunur. Xaricdə təhsil üzrə dövlət proqramında yeni ixtisaslara xüsusi diqqət ayrılmalıdır. İnformasiya Texnologiyaları sahəsində sanballı mütəxəssislərimiz var. Lakin çox vaxt onları prosesdən kənarda saxlayırlar. 

Yeni texnologiyaların tənzimlənməsi üçün ictimai və qanunvericilik normaları yenidən formalaşmalıdır. Dördüncü Sənaye İnqilabının çağrışlarında biri budur: “Bizim imkanlarımız var ki, yeni texnologiyaları ümumi mənafeyimizə yönəldək.” Yəni Rifah dövlətinin qurulması qarşıya məqsəd kimi qoyulur. Və bu yolda İnformasiya Kommunikasiya texnologiyalarının rolu əvəzsizdir. Fizikanın, riyaziyyatın, informatikanın tədrisinə yenidən baxılmalıdır. Elmin populyarlaşdırılması sahəsində çox geridə qalmışıq. Təəssüflər olsun ki, bu istiqmətdə yazılmış sanballı əsərlərin tərcüməsində də xeyli ləngiyirik. Daha doğrusu hərəkət yoxdur. 

- Həmçinin İT sahəsində öz hesabına yaxşı mütəxəssis olanlar da ölkəni tərk edirlər. Yeganə problem isə maaşın azlığı, qazancın minimal olmasıdır. İT dövlətin ən strateji sahələrindən biridir. Ölkədə bu sahənin inkişafı üçün nə etmək lazımdır? 

- Yeni onlayn dünya yaxud bunu “kiberməkan” da adlandırırlar, yarananda bunun təhlükəsizliyi barədə heç kim düşünməmişdi. Kiber hücumlar yeni istiqamətlər yaradıb. Kibertəhlükəsizlik, yaxud informasiya təhlükəsizliyi paradiqmaları yaranıb. Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab özünün “Dördüncü sənaye inqilabının texnologiyaları” adlı sonuncu kitabında yazır:  

“Dördüncü sənaye inqilabı ilk mərhələdə olduğundan bizdən asılıdır. Biz bunu insan ləyaqətinin qorunması və ətraf aləmin mühafizəsinə yönəltməliyik. Bu da ayrı ayrı fərdlərə, cəmiyyətlərə və hökumətlərə birbaşa təsir edən texnologiyaların dərindən əxz olunmasını və yeni təfəkkür tərzini tələb edir.” 

Söhbət yeni təfəkkür tərzinin formalaşmasından gedir. Ali təhsildə də eyni problem yaşanılır. Yeni təfəkkür tərzi...  

- Artıq xeyli müddətdir Ramiz Mehdiyev AMEA-da yoxdur. Necə düşünürsünüz, Mehdiyev xofu tam olaraq çəkilibmi? 

- Ramiz Mehdiyev Akademiyaya prezident təyin olunduğu gündən naşı idariçiliyini göstərdi. Etdiyi struktur dəyişiklikləri və irəi çəkdiyü kadrlar bunun əyani sübutudur. AMEA-nın müxbir üzvlərinin birini Əmək Məcələsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad etmişdi ki, digərlərini də qorxutsun. İctimai təpki olmasaydı bunun davamı olacaqdı. İnstutut direktorları ilə icra başçıları kimi davranırdı. 

Etiraf edim ki, ona yaxın olan bəzi institut direktorları onun idarəçiliyini sevirdilər. İctimai və sosial elmlərdən yazılan dissertasiyalara baxsanız görəcəksiniz ki, başdan ayağa Ramiz Mehdiyevlə Əli Həsənovun əsərlərindən iqtibaslardır. İndi isə onların adlarını yox etməklə məşğuldurlar. 

- Ümumiyyətlə, necə düşünürsünüz, AMEA bizim arzuladığımız, qabaqcıl ölkələrdə gördüyümüz, xəbərlərini eşitdiyimiz elm ocaqları kimi böyük naliyyətlərə imza atmaq iqtidarındadırmı, yoxsa yazıçılarımızdan birinin təklif etdiyi kimi, AMEA-nı bağlayıb yerində kababxana açmaq lazımdır?

- Bu gün AMEA-nın Rəyasət Heyətinin üzvləri də bu qurumdan böyük elmi nailiyyətlər gözləmirlər. Yaşlı nəsil yerini gənclərə vermək istəmir. Xaricdə yetişdirilmiş alim potensialımız da yoxdur. Texnologiyalar böyük vəsaitlər tələb edir. Təbiət elmlərində bunsuz ciddi tədqiqatlar aparmaq mükün deyil. Ötən əsrin 50-ci illərində böyük fizik P. Kapitsa təcrübə qoymaq üçün İngiltərədə Kavendiş laboratoriyasına getmişdi. Getməsəydi, kəşf etməzdi və Nobel də ala bilməzdi. Akademiya çox miskin bir durumdadır. 

Düşünürəm ki, Elm və Təhsil nazirliyinin yaradılması günün tələbidir. Vəziyyətdən çıxış yolu üçün müxtəlif modellər axtarılır. Təmiz elmlə məşğul olanlar siyasətə qoşulmurlar. Əziz Sancar kimi. 40 illik tədqiqatları onu Nobel mükafatına gətirib çıxardı. Bizdə isə elmi dərəcə alan kimi əksəriyyətinin könlündən vəzifə tutmaq keçir. Buna görə də elmi məktəblər yoxdur. İntriqalar isə Azərbaycan elmini çökdürüb.

Elnur Məmmədli

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:04 14.08.2022

XIN-dən Pakistana - Mesaj