Ürəyini səhnədə tutan Mikayıl Mirzə: “Zəmanətim əmanətimdir, əmanətim isə oğlum..." - Dostları və ailəsi onu necə xatırlayırlar? (FOTOLAR)
04-06-2021 [14:07]
Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan romantik aktyor məktəbinin istedadlı nümayəndəsi, gur səsli, coşğun səhnə temperamentli teatr və kino aktyoru, ssenari müəllifi, qiraətçi Mikayıl Mirzənin xatirə günüdür...
Xatırlayaq. Ruhu şad olsun.
Azərbaycsn xalqının Ümumummilli lideri Heydər Əliyev: “Bugünkü cəmiyyətdə Azərbaycanın haqq sözünü deyən insanlar lazımdır. Mikayıl o insanlardan biridir. O kritik məqamlar sənətkarıdır”.
Böyük rəhbərimiz bu sözləri təsadüfən deməmişdi.
Azərbaycan Respublikasının Xalq artisti Mikayıl Mirzə istiqlalımız, Vətənin müstəqilliyi uğrunda 80-ci illərdən mübarizə apardı. İctimai fikir meydanında hər zaman öndə oldu. Heydər Əliyev ideyalarının tərənnümçüsü, Yeni Azərbaycan ideologiyasının daşıyıcısı idi. Mili teatrımızın görkəmli nümayəndəsi, içtimai xadim kimi tanınmışdı...
Kim idi Mikayıl Mirzə? - Özünü dağa-daşa çırpan dağ çayı...
Mikayıl Şahvələd oğlu Mirzəyev 1947-ci il yanvarın 1-də Şamaxının (indi Ağsu rayonunun) ərazisində yerləşən Talış kəndində doğulub.
Övladlarından ən çox kiçiyinin - Mikayılın bənzədiyi ataları Şahvələd kişi sadə kolxozçu imiş, amma sinəsi dolu nağıl, şeir, rəvayət. Əkinlə-biçinlə məşğul olarmış.
Mikayıl Mirzə də onun kimi məcrasını tapmaq üçün özünü dağa-daşa çırpan dağ çayı idi.
Anası Susay, dediklərinə görə Səfəvilərin şəcərəsindəndir. Ərdəbildən gəliblər Qubaya, sonra Şamaxıya və Ağsuya köçüblər. Qarabuğdayı, hündür qadın imiş. Mikayıl Mirzə üzdən ona bənzəyirmiş.
Qardaşları xarrat, sürücü, müəllim olublar. Mikayıl Mirzə şəhərə gedib oxumaq istədiyini bildirəndə atası etiraz edib və ona şəhərə getməsi üçün pul da verməyəcəyini deyib...
Ailədə 4 qardaş, bir bacı olublar. Əslində, iki bacı demək olar, çünki ata-anası kənddə kimsəsiz qalan bir qızı da götürüb saxlayıb.
Mikayıl uşaqlıqdan çox mütaliə edən olub. Saysız dərəcədə şeir bilirmiş. Məktəb istehsalat briqadasında qızlar onun da əvəzinə pambıq yığarmışlar ki, sən ancaq bizə şeir de, sənin də pambığını yığarıq.
Oğlu Mətin Mirzə xatırlayır: "Nənəm danışardı ki, atan İncəsənət İnstitutunun yataqxanasında qalanda kitabxananın açarının üzünü necəsə çıxartdırıbmış, gecələr girib orda şam işığında kitab oxuyurmuş..."
1969-cu ildə ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib. İnstitutun Tədris Teatrında işləyib. 1976-cı ildən 2000-ci ilə qədər (müxtəlif fasilələrlə) AMDT-də aktyor işləyib.
Mikayıl Mirzə iki dəfə Milli Məclisə deputat seçilib. 1992-95-ci illərdə Bakı Mədəni Maarif Texnikumunun direktoru olub.
Mikayıl Mirzə 2006-cı il iyunun 3-də dünyasını dəyişib.
İkinci Fəxri Xiyabanda dəfn olunub.
Xatırələrdən: Rasim Balayev, Səməndər Rzayev və Mikayıl Mirzə...
Hər üçü Ağsu rayonunda orta məktəbdə bir yerdə oxuyublar. Səməndər Rzayev artıq İncəsənət institutundə təhsil alırmış. Mikayıl Mirzəni də həmin institutda oxumağı o təklif edib. Məktəbdə bütün tədbirlərdə üçü çıxış edirmiş.
Beləcə, İncəsənət institutundan bsşlanan yolda sənət müəllimi Mehdi Məmmədov olur. Həmçinin, görkəmli sənətkarlar Müxlis Cənizadədən və Ağaəli Dadaşovdan dərs alıb.
Mikayıl Mirzə teatrda Kürd Musa, Fərhad ("Vaqif" və "Fərhad və Şirin", Səməd Vurğun), Muratov, Eyvaz ("Qəribə oğlan" və "Bizim qəribə taleyimiz", İlyas Əfəndiyev), Aslan ("Kəndçi qız", Mirzə İbrahimov), Zahid ("Fəryad", Bəxtiyar Vahabzadə), Elxan ("Od gəlini" Cəfər Cabbarlı), Cinli Mustafa ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), İxtiyar ("İblis", Hüseyn Cavid) rollarını oynayıb.
Geniş tamaşaçı kütləsi onu həm də müxtəlif ekran əsərlərindəki və televiziya tamaşalarındakı obrazlarında tanıyıb seviblər. Məsələn, "Babək"də Minbaşı, "Dədə Qorqud"da Gorqazan, "Qatır Məmməd"də Qasım, "Uzun ömrün akkordları"nda Hüseynqulu Sarabski, "Topal Teymur"da şair Girmani, "Günahsız Abdulla"da Abdulla və s.
"Həqiqət uşaqların dili ilə söylənir..."
Dostu Vilayət Quliyev: "Çox-çox illər bundan əvvəl tanıdığım unudulmaz sənətkarımız, Xalq artisti, millət vəkili Mikayıl Mirzə ilə bağlı mənə daha munis olan bir xatirəm dəqiq tarixi ilə yadımdadır. 1996-cı ilin aprel ayı idi. Qızım Humayı dərsə aparırdım. Sükan arxasında özüm idim. İnqilab küçəsində svetoforda dayananda maşının açıq pəncərəsindən şimşək kimi şaqqıldayan qeyri-adi və bənzərsiz səs salona doldu: "Dostum və qardaşım Vilayət Quliyevə eşq olsun! Axşam altıda gözləyirəm!" Ani olaraq Mikayılın nurani saqqalını və sürücüsü Aydın kişinin təbəssümünü gördüm. Bizi ötüb keçdilər.
Həmin axşam görüşüb bir məclisə getmək üçün əvvəlcədən vədələşmişdik. Mikayıl təsadüfi rastlaşmağımızdan istifadə edib bunu özünəməxsus çılğınlıq və orijinallıqla bir daha yada salırdı.
Mənim üçün burada qeyri-adi və gözlənilməz heç bir şey yox idi. Amma hələ Azərbaycanın ünlü sənətkarı Mikayıl Mirzəni tanımayan, onun çəkildiyi filmləri, oynadığı rolları görməyən kiçik yaşlı qızım təəccüblənmişdi. Heyrətlə mənə baxıb uşaq sadədilliyi və təmizliyi ilə "Ata, o kişi dəlidi?"- deyə soruşdu.
Azərbaycan türkcəsində "dəli" sözünün müsbət yükü mənfi yükündən qat-qat çoxdur. Əbəs yerə "şeir dəlisi", "eşq dəlisi", "səhnə dəlisi" və s. ifadələri işlətmirik. Əbəs yerə qorxmaz, cəsarətli adamlar haqqında danışanda "dəli-dolu" epitetindən istifadə etmirlər. Əbəs yerə Koroğlunun ətrafındakı mərd, cəsur, qətiyyətli insanlara "dəli" demirdilər. Əbəs yerə folklorumuzun həqiqət carçısı, haqq-ədalət müştaqı olan qəhrəmanlarına Dəli Domrul, Dəli Alı adını verməmişdilər. Dəlilik, məcnunluq, vurğunluq qeyri-adi və təkrarsız olmağın, kütlənin fövqünə yüksəlməyin, hər sahədə ruhi, əqli, mənəvi maksimalizmin rəmzidir.
Mikayıl Mirzə bu mənada "dəli" idi. O, Azərbaycan torpağının, şerinin, mədəniyyətinin, Azərbaycan insanının, dostluğun, səmimiyyətin, mərdliyin kişiyana münasibətlərin dəli-divanəsi idi.
O, tükənməz enerjisi ilə yatmış ürəkləri və beyinləri hərəkətə gətirməyə çalışırdı, bəzilərinə çılğın, ölçülüb-biçilməmiş görünən sözləri və hərəkətləri ilə sükunətə, ətalətə, boşluğa və bozluğa meydan oxuyurdu.
Bütün bunları ibtidai sinif şagirdi olan qızıma izah etmək o qədər də asan deyildi. Amma mənim izahatım olmasa da, hər şey aydın idi. “İncil”dəki məşhur ifadədə deyildiyi kimi, həqiqət uşaqların dili ilə söylənir..."
Oğlu Mətin Mirzə: “Atamla çox gedirdim teatra. Rollarını o qədər əzbər bilirdim ki, harda nə əlavə etdiyini, dəyişdiyini dərhal anlayırdım. Bir neçə tamaşada uşaq rollarında oynamışam da. “Dəli yığıncağı”, “İblis”, “Kəndçi qızı”... hamısının bütün məşqlərində olmuşdum, tamaşanı əzbər bilirdim...
Mən bir dar otaqda böyümüşəm. O dar mənzilə nə qədər insan gələrdi, gecə yarıya qədər şeir məclisi, söhbətlər. Hayıf ki, o vaxt yazmamışam o söhbətləri!"...
Tələbəsi, Xalq artisti Nurəddin Mehdixanlı: “Mikayıl Mirzə Tanrının Azərbaycan xalqına bəxş etdiyi dəyərli, istedadlı bir şəxsiyyət idi. Ölkəmizin mədəniyyəti tarixində, sənət salnaməsində Mikayıl Mirzənin imzası daim qalacaq. O, təkcə özü üçün yaşamayan, dostları, tələbələri üçün örnək ola bilən insan idi. Mikayıl Mirzə gözəl müəllimidi. Mən və sənət dostlarım bu gün nəyəsə sahib olmuşuqsa, Azərbaycanın teatr nəhəngləri Adil İsgəndərova, Əzizağa Quliyevə və Mikayıl Mirzəyə borcluyuq...
Bir də görürdün ki, hansısa tələbəni saxlayıb ondan qalstukunu istəyirdi, həmin qalstukdan xoşu gəldiyini deyirdi. Səhərisi günü tələbədən aldığı qalstukun yerinə təzəsini alıb gətirib ona verərdi. O, görürdü ki, tələbə həmin qalstuku iki ildir ki, taxır və artıq yenilənməsinə ehtiyac var. Bunun üçün də məhz bu cür üsulla tələbəyə köməklik edirdi. Və yaxud da televiziyada Mikayıl müəllimə poemaları canlı demək üçün 100-150 manat pul verilirdi. O, məni, rəhmətlik İlham Əsgərovu çağırıb deyirdi ki, uşaqlar mən bunu tək deyə bilmərəm gəlin iki yerə, üç yerə bölək. Biz həmin hissələri əzbərləyib deyirdik. Və o, aldığı pulu bizim aramızda bölürdü”.
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, bəstəkar Cavanşir Quliyev: “Mikayıl enerjili, dəli-dolu, güclü, içi dolu idi, elə bil içində nüvə reaktoru vardı. Yaxşı ki, Ramiz Həsənoğlu o vaxt Mikayılı çəkdi. Onun Abdulladan başqa boyuna biçilən, özünü realizə edən obrazı olmadı. Mikayıl Mirzədə olan bədii potensialın bir hissəsi belə istifadə olunmadı. Səbəbkar özüdür, həyatını elə qurdu. Allah ona elə bir istedad vermişdi ki, biz onu bu gün də axtarırıq. “Hardasan, ay Mikayıl”, kəlməsini özüm belə dəfələrlə demişəm. Həmçinin deyiblər, eşitmişəm. Onun səsi, ifası lazım olur, ehtiyac duyulur”.
Xalq artisti Rafiq Əzimov: "Axır vaxtlar səhhətindən çox şikayətlənirdi. Dini mövzuda hazırlanmış bir tamaşada tərəf-müqabili idik. Birdən ürəyini tutdu. Dedim, nə edə bilərəm sənin üçün? Dedi ki, sağ ol, heç nə lazım deyil, sürücünü çağırmışam, gəlib məni evə aparacaq^.
Milli Dram Teatrında hazırladığı “Aydın” tamaşasının premyerasından çox keçməmiş Mikayıl Mirzə xəstələnir. Həkimlər əməliyyat olunmasını bildirirlər. Eyni diaqnozu xarici ölkədəki həkimlər də qoyur.
Oğlu Mətin Mirzə atasının xaricdə əməliyyat olunmasını istəyib. Təyyarəyə minmək üçün gedəndə Mikayıl Mirzə oğluna deyir: “Bəlkə, lazım deyil, getməyək, hara qədər çatar ömrüm, qoy, ona qədər yaşayım. Ürəyi yardırmaq asan məsələ deyil”...
Oğlu razılaşmır. Əməliyyat çox uzun çəkib. Sonda həkim çıxıb və Mətinə deyib ki, mən ürəyi bir yerə yığıb tikə bilmirəm: “Təcrübəmdə belə şeylə rastlaşmamışam, ürək sapdan çıxıb, tökülüb"...
....Mikayıl Mirzə doğulduğu rayona çox bağlı olub. Bu rayonla bağlı arzularından biri də Ağsuya su çəkdirmək olub.
Deyirmiş: Ağsu - adında su, dodağında su yanğısı...
“Zəmanətim əmanətimdir.
Əmanətim oğlum Mətindir..."
Mikayıl Mirzə ömrünün axırında belə vəsiyyət etmişdi: “Zəmanətim əmanətimdir. Əmanətim oğlum Mətindir. O, mənim içimdir. Oğlumun içi müstəqil Azərbaycandır. Mən onu Azərbaycanımız üçün böyütmüşəm. Onun necə qəbul olunması isə Azərbaycanımızın öz işi olacaq. Yaşasın Yeni Azərbaycan!”.
Mikayıl Mirzənin oğlu Mətin Mirzə bildirib ki, o, atasının dövlətçilik ideyalarının genetik daşıyıcısıdır: “Mən onun dövlətçilik ideyalarının genetik daşıyıcısıyam. Bu geni diplomatik fəaliyyətimə yönəltsəm də, içtimai fikir meydanında varam. Nə qədər ki varam, dövlətçilik prinsiplərinə, Prezident İlham Əliyevə ürəkdən bağlıyam və Mikayıl Mirzə ideyalarını davam etdirəcəm!”.
Son söz yerinə:
Azərbaycan Respublikasının Xalq artisti Mikayıl Mirzə haqqında düşünəndə onun yazdığı “Döz” şeirini düşünməyə bilmirəm. Bu şeiri təkrarsız sənət nümunısi hesab edirəm.
Bu şeirin gözəlliyi bir də onun ürəyini, bütün içini parçalayaraq ifa etməsindədir.
“Döz” şeirinə Azərbaycanın Əməkdar artisti Xumar Qədimova mahnı bəstələyərək, klip çəkdirib.
Mikayıl Mirzə həmin klipə çəkilərək şeirinin son bəndini də ifa edib.
Göz yaşı axıtdım giləsi dən-dən
İlahi, dən düşdü bu dən gilədən.
Barı, həm bəhəri getdi də əldən,
Bir azca da döz...
Nə qədər sürəcək, bu vəhşət, aman
Əlindən hayana qaçaq, ay zaman.
Aman istəyənə vermirsən aman,
Elə döz deyirsən, bir azca da döz.
Gözüm görə-görə danıldı haqqım
Neçə yol qurbanı oldum nahaqqın.
Bərk tut ətəyindən tutduğun haqqın
Bir azca da döz, döz, bir azca da döz.
Döndü arzuların qanadsız quşa
Hər addım başında çırpıldı daşa
Çırpına-çırpına yaşa ha yaşa,
Bir azca da döz, bir azca ada döz.
Bu səbrin dözümün yoxmudur sonu,
Ömür qaçaraqda, kim qovur onu.
Mikayıl, sinənə əzrayıl qonub,
Bir azca döz, bir azca da döz.
Mikayıl Mirzə elə bil, ömrünün son akkordlarını vurub bu misralarla. Bir az etiraf, bir az günahkarlıq, ayrılıq hissi, bir az da “məni qınamayın” istəyi var bu misralarda.
Mikayıl Mirzə əsl sənətkar idi...
İçi dolu, həyat eşqi bitib-tükənməzdi.
Hələ qarşıda neçə-neçə oynamaq istədiyi rolları, deyiləcək sözləri qaldı...
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
Trampdan Hörmüz boğazı barədə mühüm xəbərdarlıq: "Gərəkirsə..."
İran Dubayda ABŞ konsulluğunun binasını vurub - FOTO
ABŞ və İsrail müharibəni dayandıracaq? - İran Müdafiə Nazirliyindən gözlənilməz anons verildi
İran: "ABŞ-ın ikinci THAAD hava müdafiə sistemini də vurduq"
ABŞ daha bir ölkədə səfirliyini qapatdı - İranın hücumuna görə
Tramp İran şahının oğlunun üzərindən xətt çəkdi, Avropa ölkəsini təhdid etdi: "İndi əsas məsələ..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qətər təkzib etdi: "İrana qarşı müharibəyə qatılmadıq"
Ramazanın 14-cü gününün duası: imsak və iftar vaxtı
“Qəlb cəbhəsi” kitabı təqdim olunub - FOTOLAR
"Gənclik" metro stansiyasını bulvara birləşdirəcək
REKTORLAR NİYƏ TOPLANDI? - Görüş + FOTOLAR
Pezeşkian: "Əsas sərvətimiz milli birliyimizdir"
Şamaxıdakı zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb
TRAMP İKİ GÜN ƏVVƏLKİ SÖZÜNÜ DANDI: "Dedim ki, daha çox gecdir"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Xəstə üçün toplanan pulu kartdan oğurlayan şəxs saxlanılıb
"TƏK BİR RAKETİMİZ İSRAİLƏ BƏS EDƏR" - Şimali Koreya lideri "İran istəsə, raketlər göndərəcəyik" vədi verdi
Abşeronda 38 yaşlı şəxs 15 kq narkotiklə saxlanılıb
Aktrisa direktoru məhkəməyə verdi - Töhməti ləğv etdirdi
Qar yağacaq - Xəbərdarlıq
Daha bir qrup müğənniyə efir qadağası qoyuldu - SİYAHI
BU MƏHKƏMƏLƏRƏ HAKİM TƏYİNATLARI OLDU - Sərəncam + SİYAHI
"Referans”ın baş həkimi şantajda ittiham olunub - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?
Mərkəzi Bank "Fizza Pay"in vəzifəli şəxsini cərimələyib
Daxili işlər naziri Yevlaxda vətəndəşları qəbul edəcək - Bu tarixdə
İsrail ordusu İran prezidentinin iqamətgahını da vurub: "Həmin an iclas gedirdi..."
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında - VİDEO, FOTOLAR (YENİLƏNİB)
Hüseyn Cavid - Azərbaycan romantizminin parlaq siması...
Ronaldo Səudiyyədən qaçdı - Müharibəyə görə
Arda Turanın tələbi rədd edildi - UEFA-dan qərar
İrana hücum: itkilərlə bağlı son statistika açıqlandı
İlin ilk Ay tutulması başlayıb
"Əməkdaşlar gəlib baxırdılar, lakin tədbir görülmürdü" - "Azərsu"nun qaynar xəttinə 3 dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb"
Sabah yağışlı hava olacaq - Proqnoz
ALİ MƏHKƏMƏ DAHA BİR MƏSƏLƏ BARƏDƏ VAHİD QƏRAR VERDİ - Detallar
İranda hərbi baza vurulub - On üç əsgər həlak olub
İlham Əliyev Avropa Komissiyasının komissarını qəbul edib - FOTOLAR
ABŞ Qətər, İordaniya, İraq, Bəhreyn və Küveytdəki diplomatlarını çıxarır - Qərar verildi
Kanada qorxuya düşdü - Ər-Riyaddakı səfirlik qapadıldı
İSRAİL QOŞUNU LİVANA GİRDİ: "Strateji əraziləri ilhaq edəcəyik" - Hizbullah əks hücum vədi elan etdi
Tibbi Yardım Stansiyasında qalmaqal - VİDEO
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Səbinə Əliyeva deputatlara hesabat verib