"Həkim insanlara günəş qədər lazıımdır" - Akademik Zərifə Əliyevanın zəngin həyat yolu (FOTOLAR)
16-04-2021 [19:45]
Azərbaycanın görkəmli ziyalısı, ictimai xadim, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xanımi, Ümummilli Liderimiz Heydər Əliyevin ömür-gün yoldaşı, tibb elminə dəyərli töhvələr vermiş nəcib insan ZƏRİFƏ XANIM ƏLİYEVAnın xatirə günüdür.
Mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir.
Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da belə seçilmiş insanlardan olmuşdur. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi.
Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün gəlmişdi Zərifə xanım Əliyeva.
O, Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin qızıdır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər, Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan xalqına Qələbə sevincini yaşadan, böyük Zəfərin dadını hiss etdirən Respublikamızın dördüncü Prezidenti İlham Əliyevin anasıdır.
Azərbaycanın oftalmoloqu, Azərbaycan SSR Əməkdar Elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi Zərifə xanım Əliyeva 28 aprel 1923-cü ildə həkim Əziz Əliyev və Leyla Əliyevanın ailəsində dünyaya göz açmışdır. Həkimlər Tamerlan Əliyev və Cəmil Əliyevin bacısı olan Zərifə xanım 1932-1942-ci illərdə orta məktəbdə təhsil almışdır.
Zərifə xanım 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmiş, 1948-ci ildə Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İstitutunda oftalmologiya ixtisası üzrə kurs keçmişdir.
1949-1950-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi kimi çalışmışdır.
1950-1953-cü illərdə aspiranturanı başa vurmuşdur. 1960-cı ildən tibb elmləri namizədi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, 1977-ci ildən tibb elmləri doktoru olmuşdur.
O, 1982-1985-ci illərdə görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmışdır. Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır.
Zərifə xanım Əliyeva 1954-cü ildə Heydər Əliyevlə ailə qurmuş, 1955-ci il 18 oktyabr tarixində övladı Sevil xanım Əliyeva, 1961-ci il 24 dekabr tarixində bu gün adını hörmətlə çəkdiyimiz Azərbbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyaya gəlmişdir.
Xidmətləri:
Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Azərbaycan və dünya oftalmologiya elminə böyük töhfələr bəxş edən Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik məktəbidir.
Azərbaycan ziyalı qadınının ən gözəl simalarından olan Zərifə xanım Əliyeva Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi.
Zərifə xanım Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Bu yükü kövrək çiyinlərində böyük mətanət və fədakarlıqla daşıyırdı. Eyni zamanda, övladlarını vətənin layiqli övladları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirirdi. Üstəgəl gərgin iş və elmi fəaliyyət…
Sıravi həkimlikdən akademikliyə qədər yüksəlmiş Zərifə xanım oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib, bu sahə üzrə yüksək ixtisaslı kadrlar yetişdirilməsinə böyük əmək sərf edib. Akademik Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.
Həmin dövrdə Azərbaycanda bir sıra göz xəstəlikləri geniş yayılmışdı, traxoma deyilən dəhşətli bəla tüğyan edirdi. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problem olan gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib hazırlamaq lazım idi.
Zərifə xanım Əliyeva məhz belə bir vaxtda Moskvadan vətənə qayıdır və Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlayır. Gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı. Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu tezliklə geniş təcrübi tətbiqini tapdı və nəticədə respublikada traxoma bir xəstəlik kimi ləğv olundu.
Görkəmli alim sonra fəaliyyətini Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasında davam etdirir. Burada dosent, professor, kafedra müdiri vəzifələrində işləyir, oftalmologiyanın aktual problemlərinə həsr edilmiş çoxprofilli tədqiqatlar aparır. Həmin dövrdə Zərifə xanım oftalmologiyanın aktual problemlərinə xüsusi diqqət yetirirdi. Bu problemlər arasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tutur. Onun diqqətini oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyası cəlb edir. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub.
Görkəmli alim dünyada ilk olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Bakı Məişət Kondisionerləri Zavodunda təşkil edilmiş bu laboratoriyada elmi-tədqiqat işləri ilə yanaşı, həmin zavodun və digər iri sənaye müəssisələrinin işçilərinə müalicə köməyi də göstərilib. Zərifə xanım Əliyeva bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək Moskvada, M.Helmholts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru alimlik dərəcəsi verilib.
Zərifə xanım uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparıb. Bu tədqiqatların nəticələri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə akademik Zərifə Əliyevaya keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafat verilmişdi. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.
Məşhur oftalmoloq M.Krasnov Zərifə xanımın görmə orqanının peşə patologiyasının öyrənilməsinə həsr etdiyi tədqiqatları yüksək qiymətləndirərək qeyd edib ki, Zərifə Əziz qızı yaşasaydı, oftalmologiya elmi sahəsində yeni kamil bir məktəbə rəhbərlik edə bilərdi.
Zərifə xanım bir sıra dərs vəsaiti və monoqrafiyaların da müəllifi olub. Onların arasında “Kəskin virus konyuktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” əsərləri xüsusi yer tutur. Alimin göz yaşı xəstəliklərinə həsr etdiyi “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri tibb ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları da ilk dəfə Zərifə xanım Əliyeva yazıb.
Görkəmli oftalmoloqun tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində ətraflı əks olunub. Bu əsərdə həkim və xəstənin qarşılıqlı münasibətlərinin həssas məqamları, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolu, tibb işçilərinin yalnız təhsilinin deyil, həm də tərbiyəsinin vacibliyi ön planda verilib.
Təsadüfi deyildi ki, Zərifə xanımın birbaşa rəhbərliyi altında gənc elmi işçilərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmiş, o özündən sonra dəyərli məktəb qoymuşdu.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyeva haqqında həmişə yüksək fikirdə olublar.
Akademik A.Nesterov deyirdi: “Zərifə Əliyeva böyük professional idi. Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm”. Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunun direktoru K.Trutneva Zərifə xanımın elmi-tədqiqatlarının səciyyəvi xüsusiyyətlərini yüksək dəyərləndirərək yazırdı: “Bu cür tədqiqatlar həcminə və vacibliyinə görə seçilsə də, çox zəhmət tələb etsə də, sosial-iqtisadi baxımdan əvəzsizdir. Bu nadir tədqiqatlar nəticəsində zərərli istehsal sahələrində çalışanların iş şəraitini yaxşılaşdırmaq üçün metodiki tövsiyələr işlənib hazırlanmış, istehsalata tətbiq edilmişdir. Zərifə xanımın apardığı tədqiqatların əsas mahiyyəti də məhz bundan ibarətdir”.
Tibb elmləri doktoru, professor Z.Skripniçenko alimin elmi fəaliyyətinə belə qiymət verirdi: “Zərifə xanımın elmi maraq dairəsi çox geniş idi. O, bir ümumi dəftərə yeni kitab üçün nəzərdə tutduğumuz fikirləri qeyd etmişdi. Bunlar əsasən toksik kataraktalara və toksik qlaukomalara həsr olunmuş elmi işlərdən, tələbələr və oftalmoloq həkimlər üçün nəzərdə tutulan məruzələrdən ibarət idi”.
Təbabətdə öz dəst-xətti olan novator alimin oftalmologiyanın müxtəlif sahələrində yorulmadan apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər müasir dövrdə də aktuallığını itirməyib. Böyük alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gün də davamçılarının yolunu işıqlandırır.
Zırifə xanımın simasında, həm də nəcib Azərbaycan qadını, böyük bir nəslin layiqli övladı, vəfalı ömür-gün yoldaşı, ləyaqətli, uca, şərəfli bir Ana obrazı görürük.
Akademik Zərifə xanım Əliyeva cəmiyyəti ucalığa aparan, ailə və cəmiyyət birliyində qadın şəfqətini, qayğıkeşliyini nümunəvi olaraq təcəssüm etdirən insanlıq, qadınlıq və ləyaqət rəmzi olan bir İnsandır.
Deyirlər, göz Tanrıdan xəbər verir. Zərifə xanım Əliyeva öz zəkasının nuru ilə məhz insanlara təkcə qəlblərinin gözü ilə deyil, həm də onlara bəxş edilmiş göz nuru hesabına ilahi gözəllikləri görməyi nəsib etdi. Minlərlə insanın nur qazanmış gözləri Zərifə xanım Əliyevanın şəfqətli əllərinə minnətdardır, qayğısına duaçıdır.
Zərifə xanım Əliyeva, bu mənada, mübaliğəsiz olaraq demək olar ki, minlərlə insanın nəzərində onlara işıq, nur, xoşbəxtlik, yenidən yaşamağa ümid və sevgi gətirən işıq İlahəsidir.
Yüksək intellekt, geniş erudisiyaya, zəngin mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər isə Zərifə xanımın portretini tamamlayır.
Elə o andaca Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmindən baş qəhrəmanın – Ulu Öndər Heydər Əliyevin həyəcanlı səsini eşidirik: “Mən həqiqətən onu çox sevirdim. Onun da mənə olan məhəbbətini hiss edirdim. Düşünürəm ki, bizim bir-birimizə olan məhəbbətimizin köklərinin nə qədər dərində olduğunu sübut etməyə ehtiyac yoxdur”.
Hər dəfə bu filmə baxdıqda qəlbimizdə kövrək hisslər baş qaldırır. Ümummilli Liderin öz həyat yoldaşına bəslədiyi müqəddəs məhəbbət ürəyimizi riqqətə gətirir. Görünür, ayrılıqlar kimi, qovuşmalar da tale işidir. Məhəbbətlə dolu iki ürək on səkkiz ildən sonra yenidən görüşdü.
Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi.
Yüksək elmi nailiyyətlərinə görə 1980-ci ildə Azərbaycan Əməkdar Elm xadimi, 1981-ci ildə isə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk Qadındır.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.
Zərifə xanım Əliyevanın Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır.
Bakıda Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını daşıyır.
Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun qarşısında akademik Zərifə xanım Əliyevanın barelyefi var.
Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Bakı və Naxçıvanda küçə Zərifə Əliyevanın adını daşıyır.Bundan başqa Yasamal rayon ərazisində Zərifə Əliyevanın adını daşıyan lisey fəaliyyət göstərir.
... Bu gün Fəxri xiyabanda iki qranit abidə ucalır. Hər gün onlarla, yüzlərlə, bəzən minlərlə azərbaycanlı bu məzarların önündə baş əyib, xeyir-dua alır.
Zərifə xanım kövrək çiyinlərində böyük məsuliyyət və fədakarlıqla Ümummilli Liderilə çiyin-çiyinə getmək, onun dayağı olmaq, qayğısına qalmaq və ağır günlərdə dərdinə şərik olmaq yükünü daşıdı. Övladlarını vətənin layiqli vətəndaşları kimi, öz nəslinin yüksək mənəvi dəyərlərinin varisi kimi yetişdirdi.
Tanınmış həkim, alim, qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanım Əliyevanın əziz xatirəsi daim ürəklərdə yaşayacaqdır.
Nurlanə Əliyeva,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
MİA.AZ
İmamoğlu ilə AKP-çı dilləşdi: "Sus, tərbiyəsiz!
Livan yenə bombardman olunub - 18 nəfər ölüb, 26 nəfər yaralanıb
Ordubad rayonunda zəlzələ olub
Müəllimlər birgünlük etiraza başlayıb - Büdcəyə görə
Prezidentin köməkçisi, şöbə müdirləri... - PA-nın vəzifəli şəxslərinin qəbulu cədvəli açıqlandı
Qar yağacaq
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Açıqlama (FOTOLAR)
DEPUTATLAR TOPLANIR: daha 15 qanun dəyişəcək - SİYAHI
"Güldür Güldür"ün məşhur aktyoru: "Nəzərdən çox qorxuram"
Bu rayonlara qar yağır - Siyahı
İsrail hərbçiləri daha ikisi uşağı həbs edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kəmaləddin Heydərov rəisi vəzifədən azad edib - Yeni təyinat
Azərbaycan və İranın birgə hərbi təlimi başa çatıb - FOTOLAR
MSK bu DSK-lərin hüdudlarında dəyişiklik edib - SİYAHI
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
“Taliban"la əlaqə saxlamaq vacibdir” - Peskov
Kremlin mətbuat katibi: "Ukraynaya nüvə silahı vermək..."
Hikmət Hacıyevdən növbəti paylaşım: ""Politico" nəşri dezinformasiya yaymaqda davam edir"
AFFA "Səbail" klubunu cərimələyib
Qəzzada savaşın 417-ci günü: ölənlərin sayı 44249-a yüksəlib
Borrell: "Müharibəni dayandırın..."
Prezident İlham Əliyev sərəncam imzaladı
Məhkəmə hakimi təqaüdə göndərilib
“Kontakt Home” kredit bataqlığında - MİNLƏRLƏ MƏHKƏMƏ İŞİ VƏ...
BAKIDA DAHA BİR TİKTOKER HƏBS OLUNDU - Məhkəmə 60 sutka cəza kədi
Deputat Milli Məclisdə: "...bunu heç cür ötüşdürmək olmur"
Rəis, yoxsa Baş mühəndis? - Həbs xəbəri yayılan idarə rəisi deyil
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
Məmur, yoxsa biznesmen? - ARB KANALININ BİNASININ SAHİBİ BARƏDƏ ELƏ İDDİALAR YAYILDI Kİ...
BİR QRUP VƏZİFƏLİ ŞƏXS QANDALLANDI - Milyonlarla manatlıq əməliyyatların TƏFƏRRÜATLARI
Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb
İstanbulda terrorçulara qarşı daha bir əməliyyat: saxlanılanlar var
İnstituta direktor əvəzi təyin olunub
Yarımcan olan xəstəyə niyə əlilik verilmir? - Şirvan sakini özbaşınalıqla bağlı Prezident və xanımına üz tutub