Pərviz Həşimli özünə qəsd etmək istəyib

img

13-12-2013 [12:54]


Bu gün Səbail Rayon Məhkəməsində Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilərək, MTN-in istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı iddiaya baxılır.

Bizimyol.info-nun əməkdaşının verdiyi məlumata görə, Pərviz Həşimli artıq məhkəməyə gətirilib. O, məhkəməyə gətirilərkən bildirib ki, ona içəridə işgəncə verilir.

Məhkəmə binasının qarşısında coxsaylı polis əməkdaşları olub. Polislər P.Həşimlinin yaxınlarının və jurnalistlərin ona yaxınlaşmasına imkan verməyiblər. Prosesdə P.Həşimlinin işgəncələrlə bağlı qeydlərini məhkəməyə gətirməyə icazə vermədikləri üçün vəkil E.Sadıqov etiraz edərək məhkəmə zalını tərk edib. Daha sonra o yenidən prosesə dəvət olunub. Prosesdə P.Həşimli də qeydlərinin gətirilməsinə icazə vermədikləri üçün hakimə etiraz edərək arxasını ona çevirib.

Vəkil E.Sadıqov bildirib ki, çox güman ki iddia təmin edilməyəcək. Onu da əlavə edib ki, P.Həşimli ona edilən fiziki və psixoloji təzyiqlərə görə özünə qəsd etmək istəyib, lakin MTN-in istintaq təcridxanasının əməkdaşları buna imkan verməyiblər. 

Pərviz Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahın və döyüş sursatının qaçaqmalçılığı- beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldə etmə, saxlama, daşıma - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) maddələri üzrə ittiham irəli sürülüb və barəsində Səbail rayon məhkəməsi tərəfindən 2 aylıq həbs-qətimkan tədbiri seçilib. Noyabrın 7-də həbs-qətimkan tədbirinin müddəti 3 ay artırılıb.
Pərviz Həşimli ittihamları qəbul etmir, hüquq müdafiəçiliyi və jurnalist fəaliyyətinə görə saxta ittihamla həbs edildiyini bəyan edir. Amnesty İnternational təşkilatı Pərviz Həşimlini "vicdan məhbusu” kimi tanıyıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR