Anar Məmmədov ABŞ qəzetində bir gündə 6 məqalə yazdırdı

img

11-12-2013 [14:10]


Mühafizəkarlara bağlı "The Washington Times” qəzeti səfir Elin Süleymanov, senator Rocer Uoker, konqresmen Cin Qrin, keçmiş senator Maykl Maho və Rob Sübhaninin sifarişli məqalələrini dərc edib.

 Bu gün ABŞ-ın Respublikaçılar Partiyasına bağlı "The Washington Times” qəzeti Azərbaycanla bağlı birdən-birə 6 iri məqalə dərc edib. Virtualaz.org qəzetin saytına istinadən xəbər verir ki, məqalələrdən biri Bakıda keçirilən "Bakutel-2013” informasiya və telekommuniasiya sərgisindən bəhs edir. Digər məqalə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov tərəfindən yazılıb. Səfirin "Azərbaycan demokratiya quruculuğu yönündə səylərini cəmləşdirir” başlıqlı məqaləsində prezident İlham Əliyevin yenidən seçilməsinin ABŞ-la tərəfdaşlıq münasibətləri baxımından əhəmiyyəti barədə danışılır. Məqalədə Azərbaycanla ABŞ arasında təhlükəsizlik, terrorla mübarizə və enerji sahəsində əməkdaşlıqdan bəhs edilir. Bildirilir ki, İlham Əliyevin növbəti dəfə seçkilərdə qalib gəlməsi bu tərəfdaşlıq münasibətlərini möhkəmləndirəcək. E.Süleymanov yazır ki, İlham Əliyevin müxalifət üzərində şəksiz qələbə qazanması ölkənin ötən 10 ildə əldə etdyi nailiyyətlərin, sürətli inkişafın nəticəsidir. "Bundan əlavə, müxalifət daxilində ziddiyyətlər özünü "ehtiyat namizəd” adlandıran tarixçi, kifayət qədər məhdud siyasi təsir imkanlarına malik olan Cəmil Həsənlinin prezidentliyə namizəd irəli sürülməsi ilə nəticələndi. Bu da Əliyevin opponentlərinin şansını daha da azaltdı. Azərbaycan müxalifətinin böyük fərqlə uduzacağı gözlənilən idi” - deyə səfir yazır. Məqalədə seçkilərin necə demokratik keçirilməsindən də bəhs edilir. Bildirilir ki, Azərbaycan demokratiya yoluna sadiqdir. Qəzetdə Azərbaycan barədə yer alan növbəti məqalənin müəllifi senator Rocer Uokerdir. Missisipi ştatından olan senator Rocer Uoker yazıb ki, Azərbaycanın dünya siyasətindəki təsirinin tanınması iki ölkənin maraqları nəzərə alındıqda ABŞ üçün xüsusən sərfəlidir. "Biz İranın nüvə məsələsi və Rusiya ilə bağlı narahatlıqları bölüşürük” - deyə yazan senator Azərbaycanı Xəzər regionunda ABŞ-ın stabil müttəfiqi adlandırıb: "Bir çoxları bu postsovet ölkəsində əlavə demokratik islahatların zəruriliyi fikrində həmrəydir. Lakin sevindiricidir ki, Azərbaycan onilliklər boyu hökm sürmüş kommunist idarəçiliyindən iqtisadi inkişaf və azadlıq yoluna keçid edib”. Konqresmen Cin Qrin də qəzetdə Azərbaycanı tərifləyən və onun ABŞ üçün əhəmiyyətini qabardan məqalə yazıb. "Müsəlman əhalisi olan dünyəvi Azərbaycan radikal İslam və terrorçuluq əleyhinə və azadlıq, demokratiya uğrunda mübarizənin ön xəttindədir. İslam terrorizminin yayılması Yaxın Şərq ölkələri və ABŞ üçün təhlükədir” - deyə o yazır. C.Qrinin sözlərinə görə, Azərbaycan xüsusən 11 sentyabr hadisəsindən sonra terrorçuluqla mübarizədə özünü əla tərəfdaş kimi göstərib. Keçmiş respublikaçı senator Maykl Mahonun məqaləsi də təxminən eyni məzmundadır. O, Azərbaycanın ABŞ üçün əhəmiyyətindən bəhs edərək bu ölkəyə qarşı tətbiq edilmiş 907-ci düzəlişin ləğvinə çağırır. Qəzetin digər məqaləsinin müəllif isə İran mənşəli Rob Sübhanidir. O, prezident İlham Əliyevin ötən 10 ildə Azərbaycanda həyata keçirdiyi islahatlar, dünyəvi dövlət quruculuğu və bazar iqtisadiyyatında əldə edilmiş uğurlar haqda bəhs edir. R.Subhani Venesuelanın keçmiş prezidenti Uqo Çaveslə İlham Əliyev arasındakı fərqləri göstərərək yazır ki, Azərbaycan prezidenti Qərbin enerji şirkətlərinə ölkənin qapılarını açıb. Rusiya, İran və Venesuela prezidentlərindən fərqli olaraq İlham Əliyev neftdən Qərbə qarşı silah kimi istifadə etmir: "İran rejiminin dünyanın hər yerində İsrail vətəndaşlarına qarşı terror təşkil etdiyi bir vaxtda cənab Əliyev Bakıda sinaqoq və kilsə tikdirir”. Müəllif bütün bu kimi faktları sadalayaraq yazır ki, ABŞ Azərbaycan hakimiyyətinə münasibətdə siyasətini dəyişməlidir: "Sovet dövründən miras qalmış insan haqları problemləri və korrupsiya ABŞ-la Azərbaycan arasında münasibətləri bir neçə dəfə zərbə vurub. Bununla belə, cənab Əliyevin liderliyi altında Azərbaycan demokratiyaya çətin keçid üçün səylər göstərir. Vaşinqton Bakı ilə bu məsələlərin həlli üçün işləməlidir, lakin eyni zamanda başa düşməlidir ki, Amerikanın özünün azad və ədalətli ölkəyə çevrilməsi üçün uzun illər tələb olunub”. Bəs qəzetin bir gündə Azərbaycana altı iri məqalə həsr etməsinin səbəbi nədir? Təbii ki, puldur. Məsələ ondadır ki, Amerika qəzetlərində neçə vaxtdır bu səpkili məqalələrin dərcini nəqliyyat naziri Ziya Məmmədovun oğlu, Vaşinqtonda Azərbaycan-Amerika Alyansı adlı təşkilat qurub lobbiçiliklə məşğul olan gənc milyarder Anar Məmmədov təşkil edir. Onun təşkilatının sifarişi əsasənda ABŞ-ın lobbi firmaları senatorlara və konqresmenlərə, o cümlədən keçmiş konqresmen və senatorlara, ekspertlərə Azərbaycanı təriflədən iri məqalələr yazdırırlar. Şübhəsiz ki, belə məqalələrin əvəzində müəlliflərə babat qonorar verilir. Üstəlik məqalələrin reklam hüquqi ilə dərci üçün qəzetlərə də pul ödənilir. Belə sifarişli məqalələri adətən aztirajlı və konkret maraq qruplarına bağlı qəzetlər dərc edirlər. Məsələn, "The Washington Times” ABŞ-da aztirajlı qəzetlərdən hesab olunur və əsas gəlir mənbəyi bu cür lobbi xidmətləridir. Xatırladaq ki, Z.Məmmədovun oğlu ötən ay Vaşinqtonda 600-dən çox qonağın iştirakı ilə Azərbaycan gecəsi təşkil etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR