AMİP rəhbərliyi və Avropa.info saytı arasında qovğa

img

29-11-2013 [19:37]


AMİP-lə Avropa.info saytı arasında qovğa baş verib. Buna səbəb dünən adı çəkilən saytda "Akif Muradverdiyevin həbsində Etibar Məmmədov izi" başlıqlı yazıdır. Bu yazıdan sonra dərhal sayta açıqlama verən AMİP Siyasi Şurasının üzvü Əli Orucov yazılan məlumatları təkzib edib.
Bu gün isə məsələ yenidən böyüyüb. Avropa.info-nun rəhbəri Ruslan Bəşirlinin dediyinə görə, Əli Orucov bəzi saytlara Avropa.info və onun rəhbəri Ruslan Bəşirli haqqında təhqiramiz fikirlərlə dolu açıqlama göndərib. Həmin yazıda aşağıdakı fikirlər var: "Çox təəssüflər ki, AMİP və onun lideri Etibar Məmmədov barədə haqqı olmayanlar danışır. Hansılar ki, onların bir çoxları qaranlıq keçmişləri, şübhəli əməlləri və min cür hoqqabazlıqları ilə tanınırlar. Onların içərsində, hətta, ermənilərdən aldığı qəpik-quruşa hər şeyini satmağa hazır olan satqınlar da var".
Azvizion.az saytına danışan Etibar Məmmədov isə iddiaların əsassız olduğunu deyərək bu xəbərləri yayan şəxslərin satqın olduğunu bildirib.
"Bu iddialar tamamilə əsassızdır. Onu yazan satqının biridir. Başqa heç nə deyə bilmərəm, bu xəbərləri yazanlar özləri satqın insanlardılar”.
Müsavat.com saytına açıqlama verən Ruslan Bəşirli isə AMİP rəsmilərinin mövqeyindən təssüfləndiyini bildirib. "Əslində həmin yazıda Rusiyanın Azərbaycana qarşı seçki öncəsi planlarının açılmasında və bu planda iştirak edən şəxslərin üzə çıxmasında Etibar Məmmədovun rolu olduğu haqqında yazmışıq. Həmin yazıdan az sonra isə onların mövqeyini də dərc etmişik."
Ruslan Bəşirli Əli Orucovun və onun lideri Etibar Məmmədovun təhqiramiz ifadələrinə də aydınlıq gətirib. "20 ildən çoxdur ki, hamı Etibar Məmmədovun milli azadlıq hərəkatına xəyanət etməsindən, həbsxanadan çıxdıqdan sonra xalq hərəkatında parçalayıcı addımlarından danışır. Onun sözçüsü Əli Orucov deyir ki, Etibar Məmmədovdan qorxduqları üçün belə yazılar yazırlar. Etibar Məmmədov siyasi karyerası tükənmiş, siyasətdə yox olan bir şəxsdir. Kimin nəyinə lazımdır Etibar Məmmədov? Sadəcə, məlumat daxil olub, vermişik. Həm Etibar Məmmədovun, həm də Əli Orucovun mənim 2005-ci ildə saxta ittihamlarla həbs olunmağımı bəhanə kimi gətirmələrinə, mənə satqın demələrinə gəlincə, hesab edirəm ki, ağlı başında olan adam mənim haqqımda vaxtilə irəli sürülən ittihamlara inanmaz".

Digər xəbərlər
SON XƏBƏRLƏR