Çoxdan idi ki, Azərbaycan mühitində bəzilərinin az qala dəyişilməz kimi gördüyü daşlaşmış bir stereotip dolaşırdı. Əks, ya rəqib düşərgələrdə olanlar bir-birinin hətta mübahisəsiz birmənalı görüntüsü olan pozitiv hərəkətlərini siyasi, ya psixoloji komplekslər üzündən qəbul, etiraf edə bilmirdi. Ötən bazar günü cənab Prezidentin media rəhbərləri ilə görüşündən sonra aldığımız ilk təəssürat bu oldu. "Daşlaşmış kimi görünən stereotip yox olur". Prezidentin redaktorlarla görüşü hətta ən radikal müxalif düşüncəli şəxslərin də birmənalı qəbul etdiyi və ya edəcəyi pozitiv hadisədir. Prezidentlə medianın dostluğu bir az da möhkəmləndi. Dostluğun kimə az, kimə çox lazım olması kimi bəzi dairələrin yaymaq istədiyi mənasız mübahisəni kənara qoyub demək gərəkdir: "Dostluq hər ikisinə, hamıya lazımdır". Adi bir kəlmə sözü ilə hansısa qəzetə, jurnalistə dişini qıcamış məmurun (?) hikkəsini içində boğan, bircə qərarı ilə mediaya uzun illər üçün onun çox ehtiyac hiss etdiyi nəfəslik açan Prezident kimi qüdrətli səlahiyyət sahibi ilə dostluğun media üçün ancaq faydalı ola biləcəyindən başqa nə düşünmək olar? Əvəzində bu qüdrətli səlahiyyət sahibinin istədiyi, umduğu nədir? Ümummilli məsələlərdə, dövlətçilik təəssübündə dövlətin yanında olmaq, hamımıza əziz olan bu dəyərlərin daşıyıcısı olan hakimiyyətə açıq və səmimi dəstək vermək, iç məsələlərimizi özgə qapılarına düşmədən öz içimizdə, öz Prezidentimizlə, öz parlamentimizlə həll etmək, yüz cür məkrli niyyətlərə bürünmüş yad barmaqların içimizə uzanmasına imkan verməmək, dürüst düşünmək, dürüst yazmaq, hətta ən sərt tənqid mövqeyində durmaq məcburiyyətində qalanda belə, qərəzdən uzaq durmaq, dövlətçiliyimizə aid olan bütün simvolları, "Prezident İnstitutu" da bura daxil olmaqla, kimsənin ayağına verməmək! Mətbuatın ikinci dəfə təklif etdiyi dostluğu məmnuniyyətlə qəbul edən qüdrətli səlahiyyət sahibinin istədikləri budur. Zatən bunlar həm də hər bir media rəhbərinin, hər bir jurnalistin peşə borcu, vətəndaşlıq borcudur. Prezident az əvvəl-iyulda da jurnalistlərlə görüşmüşdü. Ancaq bu görüşləri eyniləşdirmək olmaz. İyulda və indiki görüşlərin arasında format və məzmun fərqləri var. Həm də bu fərqlər o zaman Prezident jurnalistlərə, indi isə jurnalistlər Prezidentə hədiyyə etdilər kimi sadə deyil. Müstəqillik tariximizdə Prezidentlərimizin media ilə geniş tərkibdə iki görüşü olub. Bu ikinci idi, tale elə gətirdi ki, bu sətirlərin müəllifi 2001-ci ildə olmuş ilk görüşdə iştirak edə bilmədi. Ancaq bu önəmli deyil. Önəmli olan odur ki, hər iki görüşün ümumi olan bir cəhəti var. Hər iki görüşdən sonra dövlətin potensialları media üçün nisbətən çox açıldı, medianın ən azı bir neçə illik inkişafı və stabilləşməsinə təminat verən perspektiv göründü. İkinci görüşdə İlham Əliyevin dediyi bu sözlər əsl vətəndaş, əsl dövlətçi və əsl peşəkar medianın hələ uzun illər bundan sonra da dövlətin himayəsi altında inkişaf edəcəyinə "Prezident təminatı" kimi qəbul oluna bilər. Prezidentdən sitat: "Azərbaycan dövlət strategiyasının uğurla həyata keçirilməsində medianın roluna həmişə böyük ehtiyac olacaq". Bəzilərinin yekəxanalıqla, əttökən bir əda ilə guya dövlət başçısının demokratik qüvvələrə jest etdiyini, guya ancaq onun hələ seçkidən qabaq "böyük dahiliklə" söylədiyi daxili dialoq çağırışlarının qəbul olunduğunu deməsinə baxmayaraq, Prezident nə jest etdi, nə də "dahi bir müxalifətçinin" seçkidən qabaq guya tək onun ağlına gəlmiş dialoq təklifini qəbul etdi. Bəlkə də Prezident bunlardan, o "dahi müxalifətçidən", onun "bu təkcə mənim ağlıma gəlmişdi" kimi özündən müştəbehliyindən xəbərsizdir. Prezident sadəcə olaraq özünün gərəkli bildiyini etdi. Əgər 2006-cı ildən etibarən media ilə hakimiyyətin münasibətlərində şəxsən Prezidentin öz müəllifliyi ilə yeni münasibətlər kursu başlayıbsa, KİV-lərə dövlət büdcəsindən pul ayrılırsa, jurnalistlərə ev verilirsə, hakimiyyət və media bir-birinin üzünə daha çox açılırsa, xəstə jurnalistə əl tutulursa, bunlar jest yox, sistemli fəaliyyət kursudur. Prezident kimə jest edəcək ki? 2006-cı ildən bəri ardıcıl himayə etdiyi mediaya, ya öz ambisiyalarının ucbatından düşdüyü nokaut məğlubiyyətlə səhnədən silinib gedəcəyinə az adamın şübhə etdiyi radikallara? Prezidentin redaktorlarla görüşünün özəllikləri çoxdur. Birini də deyək. İllər öncə redaktorların arsenalında hökumətin media siyasətini tənqid etmək üçün zəif yerlər daha çox idi. Məsələn, deyirdik ki, hökumət qəzetlərə niyə maliyyə dəstəyi vermir? Bir çoxları uzun illər bu sualı verə-verə özünü də yanlış olaraq inandıra bilmişdi ki, hakimiyyət bunu etmək istəmir. Ancaq mediaya dövlət dəstəyi mexanizmi real işə düşəndə hamı gördü ki, "armudu vaxtından əvvəl yetişdirmək olmaz". Hökumətin mediaya maddi dəstək vermək iradəsi lap əvvəldən var imiş, sadəcə bunu etməyə imkan verən potensial yuxarıda dediyim tənqidlər baş alıb gedəndə yox idi. Dövlət varlandıqca, hökumətin mediaya maddi dəstəyi məsələsində tənqidi düşərgənin səsləndirdiyi fikirlər mifə çevrilirdi. Prezidentin redaktorlarla geniş görüşü bir neçə il əvvəl keçirilmiş olsaydı, bəlkə də dövlət başçısından umulacaqlar, hətta tənqidlər, iradlar çox olacaqdı. Ancaq redaktorlar bu görüşə yaxşı mənada tərksilah olunaraq getdilər, Prezident açıq və səmimi müzakirə formatı təklif etdi, buna şərait də yaratdı, ancaq görüşdə medianın inkişafı baxımından Prezidentin şəxsi müdaxiləsi tələb olunduğu tək bir məsələ qaldırıldı. "Əgər metro stansiyaları qəzet satışı üçün münasib yer sayılmırsa, yayımda qəzetlərin üzləşdiyi itkini kompensasiya edə bilən əlavə satış imkanları təklif edilsin". Vəssalam! Təsəvvür edirsinizmi, bir vaxtlar "jurnalistlər döyüldü, asıldı, kəsildi, məmur qəzetləri boğdu" kimi hayqırtıların vətəni olmuş bir ölkədə indi redaktorlar Prezidentdən adi bir məsələnin, bəlkə də hansısa bir məmurun ehtiyatsız göstərişinin nəticəsi kimi ortaya çıxmış xoşagəlməz təzahürün aradan qaldırılmasını xahiş edir, Prezident isə təşəbbüsə elə yerindəcə ümidverici reaksiya göstərir. Razılaşaq ki, böyük intibahdır. Prezidentin geniş çıxışındakı bəzi məqamları Azərbaycanın daha güclü və daha stabil ölkəyə çevrilməsi istiqamətində yeni layihələr açmaq niyyətlərinin anonsu kimi də qəbul etmək olar. O, bir neçə həftə əvvəl Bakıdakı Beynəlxalq Humanitar Forumda söylədiyi yaddaqalan fikri yenidən təkrarladı: "Mətbuat ikinci hakimiyyət statusuna yiyələnir". Sadə görünən bu fikir əslində həm medianın gücünə verilən sərrast dəyər, həm də onun məsuliyyətini neçə qat artırmağa yönəlmiş çağırış kimi dərin məzmuna malikdir. Prezident yaxşı bilir ki, hakimiyyət geniş səlahiyyətlərin və dərin sosial məsuliyyətin möhkəm vəhdəti deməkdir. Medianı ikinci hakimiyyət kimi səciyyələndirməklə ona məsuliyyətsiz səlahiyyətlərin böyük təhlükə olduğunu, əksinə, səlahiyyətsiz məsuliyyətin isə böyük mənasızlıq olduğunu xatırlatdı. Prezident demək istədi ki, media sosial məsuliyyətlər məsələsinə nə qədər həssas yanaşacaqsa, onun səlahiyyətlərinin daha geniş olması üçün dövlət hər cür dəstəyini verəcək. Fikrimcə, medianın bu görüşdə aldığı ən ümdə "Prezident təminatlarından" biri də bu idi. İlham Əliyev görüş çıxışında partiyalı və partiyasız mətbuat məsələsinə də formaca çox yumşaq,ancaq olduqca məzmunlu şəkildə toxundu: "Təəssüf ki, Azərbaycanda hələ də siyasi partiyaların cazibəsində fəaliyyət göstərən media orqanlarına rast gəlmək olur". Təxminən belə dedi. Təmayüllü siyasiləşmə, partiyalaşma, siyasi partiya ambisiyalarının daşıyıcısı olmaq həqiqətən mətbuatımızın ciddi problemlərindən biridir. Ona görə problemdir ki, media təmayülsüz, tərəfsiz informasiya daşıyıcısı ola bilmir, hansısa siyasi partiyanın Leninsayağı arxaik üslubda kütləvi təbliğatçısına, təşviqatçısına, təşkilatçısına çevrilir, əhalinin hansısa sosial-siyasi qrupları üçün hədəf olur, qəzetlə partiya, qəzet redaktoru ilə partiya sədri eyniləşir. Hətta elə olur ki, konkret hallarda hakimiyyət uğrunda kimin: partiya rəhbərinin, ya qəzet redaktorunun mübarizə apardığını təyin etmək olmur. Bu əcaib görüntünün yaranmasının səbəbi isə odur ki, partiya sədri (?) öz siyasi ambisiyasını redaktorun fəaliyyətinə calaq edir, ya da redaktor özü bu ambisiyanı qəbul edir, beləliklə də özünün jurnalist peşə dəyərlərini və prinsiplərini ayaq altına atıb ayaqlayır. Halbuki, hər bir media rəhbərinin siyasi ambisiyaları yox, vətəndaşlıq və peşəkarlıq ambisiyaları olmalıdır. Prezident cənabları məhz bu mətləbə işarə edərək partiyasız(laşmış) media qurumlarının digərləri ilə müqayisədə peşəkar inkişaf yollarında daha uzaqlara gedə biləcəklərini söylədi. Prezidentin maraqlı mesajlarının mühüm hissəsi Azərbaycan dövlətçiliyinin bütöv və stabil inkişaf yollarına badalaqçı kimi çıxmaq istəyən beynəlxalq qüvvələrə ünvanlandı. Özü də bunu bir anlığa nazirlərin, icra başçılarının, dövlət fəallarının əhatəsində yox, məhz media rəhbərlərinin sırasında dayanaraq etdi. Söhbət ərazi bütövlüyümüzün bərpası, müxtəlif regional, enerji, inteqrasiya layihələrində Azərbaycanın iştirakını güc, hədə, şantaj üsulu ilə təmin etmək istəyənlərə verilən cavabdan gedir. Prezident media rəhbərlərinin sırasında Azərbaycanın xarici siyasəti məsələlərinin məhz milli dövlət maraqları ilə müəyyənləşdirilməsini bundan sonra da davam etdirəcəyini söyləməklə bu şərəfli yolda medianı özünün əsas qüvvələrindən biri kimi görmək istədiyini büruzə verdi. Media üçün çox şeylər etmiş rəsmi şəxs olaraq onun bu istəyinin böyük mənəvi - siyasi əsasları var. İlham Əliyev Qarabağ üzrə status-kvonu uzatmaq istəyənlərə, problemi Azərbaycan üçün aldadıcı formullarla həll etmək istəyənlərə, apardığı neftlə-qazla öz əhalisini rahat yaşadaraq yüz minlərlə "Qarabağ qaçqınını" taleyin ixtiyarına tullamaq istəyənlərə hətta super dövlətlərin başçılarından da cəsarətli və qətiyyətli dərəcədə xarakter diktə edirsə, media niyə onun yanında olmasın? Daşıdığı bu missiyalarla Prezident əslində dövlətçilik mövqeyində ardıcıl və fədai bir zəvvar deyilmi? Bu kontekstdə onun görüşdə mediaya dövlətçilik mənafeləri ətrafında birlik çağırışı etməsi hamı tərəfindən anlayışla qarşılandı. "Müxtəlif məsələlərə yanaşmalarımız fərqli ola bilər. Ancaq dövlətçilik məsələsində birgə olmalıyıq". Bu da Prezidentin mübahisəsiz anlaşılan çağırışlarından biridir. 2001-ci ildə Nardaran hadisələri vaxtı güc nazirlərindən birinin kabinetində baş prokuror və nazirlərlə keçirdiyimiz görüşü xatırladım. Görüşə o dövrün 5-6 ən populyar, əsasən də tənqidçi qəzetlərinin rəhbərləri dəvət olunmuşdu. Çox açıq, geniş, işgüzar söhbət apardıq. Məsələ konkret idi. "Dövlətçilik mənafelərinin xəritə üstünə çıxarıldığı bir vaxtda iqtidarçılıq-müxalifətçilik olmaz". Mən o zaman da, Prezidentlə indiki görüşdə də medianın dövlətçilik sistemindəki təəssübkeşlik rolu barədə çağırışlara anlayışlı münasibət gördüm. Bu hər zaman belə olmalıdır. O ki, qaldı media üçün Prezidentin bundan sonra nələr edəcəklərinə, bu məsələdə də o öz sözünü dedi, necə deyərlər, "Prezident təminatını" verdi: "Mən dostluğa həmişə sadiqəm".
Aydın QULİYEV