26-11-2013 [11:03]
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə "Jurnalistlərin dostu” seçilib və bu münasibətlə mərasim keçirilib. Mərasimdən sonra mediada və bir çox sosial şəbəkələrdə bu görüş çox müzakirə olunur. Bu xüsusda əsasən qazetlərin problemi ilə bərabər, "Yeni Müsavat"ın baş redakroru Rauf Arifoğlunun çıxışı da gündəmə öz "damğa"sını vurub.
Mia.az bunu nəzərə alaraq, Azertag.com-da dərc olunan görüşdə edilən çıxış və dialoqu olduğu kimi təqdim edir. Beləliklə, Prezidentlə media rəhbərlərinin çıxıçları ilə tanış olun:
- Hörmətli cənab Prezident!
Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə "Jurnalistlərin dostu” mükafatının qalibi kimi çıxışı, Azərbaycan mediasının dünəni, bu günü və sabahı ilə bağlı fikirlərini bölüşməsi hamımız üçün böyük şərəf və hər zaman fərəhlə anılan, unudulmaz xatirədir. İndi 2013-cü ilin qalibini təbrik etdiyim bir gündə 11 il öncəki tarixi də yada salmaqdan böyük məmnunluq duyuruq.
Cənab Prezident, bizim sorğuda ikinci və üçüncü yerləri tutanları da biz qeyd edirik. İkinci və üçüncü yerləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri və "Bakcell” şirkətinin baş icraçı direktoru bölüşüblər. Onların da hər birinə təbrikimizi yetiririk.
Hörmətli mərasim iştirakçıları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ikinci dəfədir ki, jurnalistlərin dostu seçilir. Milli jurnalistikamızın mənsubları ilk seçimlərini 2010-cu ildə ediblər. Seçimi zəruriləşdirən amillərə diqqət çatdırmaq istərdim. Əvvəlcə media ilə bağlı önəmli yaşantıları yada salardım. Milli mətbuatımızın 135 illik yubileyi bütün ölkədə bayram kimi qeyd olundu. Dövlətimizin başçısının imzaladığı Sərəncama əsasən Bakıda və bütün bölgələrdə çoxsaylı tədbirlər həyata keçirildi, 100-dən çox media təmsilçisi "Əməkdar Jurnalist”, "Əməkdar Mədəniyyət İşçisi” fəxri adlarına, "Tərəqqi” medalına layiq görüldü. Ən böyük sevinclərdən biri Mətbuat Şurasında yaşandı.
Çoxsaylı internet, televiziya və radiolar on minlərlə insana yenilikləri çatdırır. Facebook şəbəkəsi ölkənin bir milyondan çox vətəndaşını əhatə edir. Otuz mindən çox bloqqer sərbəst və maneəsiz fikir və mülahizələrini cəmiyyətlə bölüşür. Jurnalist ictimaiyyətimiz bütün bunları, 2013-cü ilin "İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasının məntiqi nəticələrini əyani surətdə görür və dəyərləndirir. Mətbuat Şurası da fəaliyyətini zamanın tələblərinə uyğun şəkildə qurur. Bilavasitə peşəkarlıq prinsiplərinin onlayn medianı da əhatə etməsinə yönələn layihələr reallaşdırır.
Son beş ilin mühüm yeniliklərindən biri də KİV-lərə dövlət dəstəyinin sistemli mexanizminin yaranmasıdır. Bu, özünü mətbuat orqanlarının maddi–texniki bazasının möhkəmlənməsində, jurnalistlərin peşəkarlığının yüksəlməsində göstərməkdədir. Davamlı proseslər ictimai missiya yerinə yetirən jurnalistləri təkcə peşələrinə bağlamır, eyni zamanda, medianın cəmiyyətdəki nüfuzunu yüksəldir, ümumən, demokratik cəmiyyət quruluculuğunda dövlətin jurnalistikaya dəyər verdiyini, etimadını bir daha təsdiqləyir. Hamımız yaxşı bilirik ki, bütün bunların qarantı dövlətimizin başçısıdır, cənab Prezident, Sizsiniz.
Möhtərəm cənab Prezident, jurnalistlər cəmiyyətin düşünən beynidir. Onlar hadisə və proseslərə özlərinə xas yanaşmaları ilə seçilirlər. Bu mənada Azərbaycan jurnalistləri Sizin şəxsinizdə təkcə dövlətin onlara göstərdiyi qayğını deyil, eyni zamanda, yeritdiyiniz daxili və xarici siyasət kursunu yaxından izləyirlər. Söz yox ki, onların Sizi özlərinə ikinci dəfə dost seçmələri, eyni zamanda, yüksək səriştəli dövlət adamı olmağınızdan, prinsipial dəst-xəttinizdən, Azərbaycanın dövlət müstəqilliyini qətiyyətlə qorumağınızdan, Vətənimizi beynəlxalq aləmdə layiqincə təmsil etməyinizdən, son 10 ildə ölkəmizi dinamik iqtisadi inkişaf müstəvisinə çıxarmağınızdan, bir sözlə, Azərbaycanın dünya dövlətləri arasında layiqli yerini tutmasından qaynaqlanır.
Cənab Prezident, Siz "Jurnalistlərin dostu” mükafatının qalibisiniz. Media təmsilçilərimiz Sizi həmişə özlərinin dostu biliblər. Sizi növbəti dəfə bu mükafatın qalibi seçməklə sadiq dostlarına olan ehtiramlarını bir daha nümayiş etdiriblər. Bu dostluq media təmsilçiləri ilə hər görüşünüzdə qaldırılan məsələlərə həssas münasibətinizdən, irəli sürülən təkliflərin real, əməli iş müstəvisinə daşınmasından qaynaqlanır. Bu mərasimin də yaddaşlarda eyni ruhda qalacağına tam əminik.
İlk növbədə yenidən məni "Jurnalistlərin dostu” mükafatına layiq gördüyünüz üçün sizə minnətdaram. Doğrudan da mənim üçün böyük şərəfdir ki, ikinci dəfə bu ada layiq görülürəm. Çalışacağam ki, bundan sonra da "Jurnalistlərin dostu” kimi Azərbaycanda azad mətbuatın inkişafı üçün səylərimi əsirgəməyim.
Bildiyiniz kimi, Azərbaycanda azad jurnalistikanın yaradılması prosesi 1980-ci illərin sonlarına təsadüf edir. Ondan sonra 1990-cı illərin əvvəllərində bu prosesə daha da böyük təkan verilmişdir. Ancaq sirr deyil ki, 1998-ci ilə qədər Azərbaycanda mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar tam şəkildə azad və sərbəst fəaliyyət göstərsin. 1998-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə senzuranın ləğv edilməsi bu sahədə də dönüş yaratdı, bu sahədə də Azərbaycanın siyasətini əks etdirdi. Çünki 1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın inkişaf konsepsiyası icra edilir. Bu konsepsiyanın əsas istiqamətləri bu gün artıq reallıqdır.
Azərbaycanda bütün azadlıqlar vardır. Azərbaycanda demokratik cəmiyyət qurulur. İqtisadi islahatlarla yanaşı, siyasi islahatların aparılması, əlbəttə ki, ölkəmizin gələcəyini müəyyən edəcəkdir. Bu istiqamətdə atılan addımlar, hesab edirəm ki, gözəl bir nümunədir. Çünki bizim bütün istiqamətlər üzrə siyasətimiz açıqdır, aydındır. Dəfələrlə bu barədə mən fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, Azərbaycan müasir dövlət qurur, müstəqil dövlət qurmuşdur və Azərbaycanın gələcək inkişafı iqtisadi və siyasi islahatlardan asılı olacaqdır. Mən hesab edirəm, son illər ərzində bu sahədə əldə edilmiş nailiyyətlər deməyə əsas verir ki, biz gələcəkdə də hər iki istiqamət üzrə inamla irəliyə gedəcəyik. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri artıq tam reallaşıbdır. Gələcək illərdə demokratik inkişafla bağlı aparılacaq islahatlar, hesab edirəm ki, bu sahədə də Azərbaycandakı vəziyyəti ən yüksək səviyyəyə çatdıracaqdır.
Əlbəttə, bütün bu müsbət nəticələrlə, nailiyyətlərlə yanaşı, demokratik inkişafla bağlı irəliləyiş olmalı idi. Biz bunu görürük. Əlbəttə ki, hələ görüləsi işlər çoxdur, nöqsanlar da, çatışmayan cəhətlər də vardır. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın dövlət rəhbərliyində bu məsələlərlə bağlı çox dəqiq təsəvvür və çox güclü siyasi iradə vardır.
Ancaq müstəqillik sadəcə olaraq dövlət atributları deyildir, müstəqil siyasət aparmaq imkanları da olmalıdır. Biz bir sıra müstəqil ölkə tanıyırıq ki, onların müstəqil siyasət aparmaq imkanları məhduddur. Azərbaycan o ölkələrdəndir ki, bütün çətinliklərə baxmayaraq, müstəqillik dövründə bu şansı əldən verməyib, dövlət müstəqilliyini möhkəmləndirə bilibdir, güclü dövlət əsasları qurulubdur, yaradılıbdır. Bu gün Azərbaycanın gələcək inkişafı ilə bağlı nə cəmiyyətdə, nə də ekspert cəmiyyətində heç bir şübhə yoxdur. Biz yalnız inkişaf yolunu gedəcəyik, öz qüdrətimizi artıracağıq, müstəqil xəttimizi bundan sonra da aparacağıq və güclü dövlət yaradacağıq. Bu istiqamətdə artıq bir çox məsələlər öz həllini tapmışdır. Güclü dövlət quruculuğu işində demokratik prinsiplər xüsusi yer tutur.
Onu da qeyd etməliyəm ki, məhz 1990-cı illərin ortalarında Azərbaycanın inkişaf konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada azadlıqlar, demokratik inkişaf məsələləri xüsusi yer tutur. Çünki demokratik cəmiyyət qurulmasa, bizim uğurlarımızın dayanıqlılığı təmin edilə bilməz. Ona görə bir daha demək istəyirəm ki, Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı çox güclü siyasi iradə vardır. Cəmiyyətin dəstəyi, o cümlədən media nümayəndələrinin fəal iştirakı ilə biz bu istiqamətdə daha da böyük uğurlara çatacağıq.
XXI əsr informasiya mübarizəsi əsridir. İnternetin mövcudluğu əlbəttə ki, bu mübarizəni daha da kəskinləşdirir. Biz buna hazır olmalıyıq, biz öz reallıqlarımızı dünya birliyinə çatdırmalıyıq. Burada əlbəttə ki, əsas vəzifəni ilk növbədə dövlət öz üzərinə götürür. Ancaq media nümayəndələri də çalışmalıdırlar ki, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyimizi dünya birliyinə çatdırsınlar. Müxtəlif dillərdə internet resursları yaradılmalıdır. Dağlıq Qarabağla bağlı tarixi həqiqətlər dünya birliyinə çatdırılmalıdır. Belə olan halda biz informasiya mübarizəsində daha da böyük uğurlara nail ola biləcəyik. Hər halda, son illər ərzində Azərbaycan informasiya blokadasından çıxa bilmişdir. Bir çox hallarda erməni lobbisinə çox böyük zərbələr endirə bilmişdir. Ancaq bu mübarizə davam edir və davam edəcəkdir. Ona görə də biz buna hazır olmalıyıq.
Ancaq deyə bilərəm ki, bu mübarizə davam edir və Azərbaycanın müstəqil xətti, xüsusilə xarici siyasət, enerji resurslarının nəqli, daxili siyasət, Qarabağ məsələsi ilə bağlı barışmaz mövqeyi bəzi dairələri hərəkətə gətirir. Belə olan halda ölkəmizin inkişafı ilə bağlı atılan addımlarımız bəzi dairələrdə narahatlıq doğurur. Belə olan halda müxtəlif üsullardan istifadə edilə bilər və istifadə də edirlər - "qara piar” kampaniyası, ölkəmizi ləkələmək cəhdləri. Azərbaycanı qeyri-demokratik ölkə kimi təqdim etməyə çalışırlar, seçkilərlə bağlı hərdənbir, yəni beş ildə bir dəfə fürsət düşdükcə istifadə edirlər. Bütün bu reallıqları Azərbaycan cəmiyyəti bilir və bilməlidir. Belə olan halda biz özümüzü, müstəqil xəttimizi qorumaq üçün, əlbəttə ki, daha da güclü olmalıyıq.
Azərbaycanın problemləri ölkə daxilində müzakirə edilməlidir. Özünə hörmət edən hər bir cəmiyyət və ölkə məhz bu əsaslarla fəaliyyət göstərir. Biz bir çox hallarda inkişaf etmiş ölkələrin təcrübəsini əsas götürməyə çalışırıq. Orada da belədir. Bir neçə qonşu ölkədə də belədir. Azərbaycanda da belə olmalıdır. Daxili problemlər, siyasi mübarizə ilə bağlı olan məsələlər, müxalifət-iqtidar münasibətləri daxildə müzakirə edilməlidir. Bu məsələlər hüdudlarımızın kənarına çıxdıqda, ilk növbədə, Azərbaycan haqqında bir rəy yaranır ki, bu ölkədə bax, onlar özləri öz aralarında münasibətləri həll edə bilmirlər. Bu, ilk növbədədir. Ondan sonra bu, Azərbaycanın uğurlu inkişafını istəməyən qüvvələrə əlavə imkan, əlavə fürsət verir və bu fürsətlərdən istifadə edilir. Biz bunu bilirik. Biz bilirik hansı imkanlardan istifadə edilir ki, Azərbaycanın daxilində proseslər başqa istiqamətdə getsin. Ona görə, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, hesab edirəm ki, bu, cəmiyyətimiz üçün də yaxşı olar.
Bax, bu barədə mən öz əsas fikirlərimi bildirmək istəyirdim. Əvvəlki görüşlərimizdə də biz jurnalistikanın inkişafı ilə bağlı fikir mübadiləsi aparmışıq. Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi – bütün bu məsələlər çox vacibdir. Siz özünüz də bunu hamıdan yaxşı bilirsiniz. Bilirəm ki, bu məsələlər Mətbuat Şurasında mütəmadi qaydada müzakirə edilir. Azərbaycan mediası daim inkişaf etməlidir. Əgər biz keçmiş illərə nəzər salsaq görərik ki, son illərdə Azərbaycan jurnalistikası doğrudan da böyük yol keçmişdir. Bu, sadəcə xoş sözlər deyil, bu, həqiqətdir. Əgər 15 il bundan əvvəlki qəzetləri vərəqləsək görərik ki, orada daha çox böhtan, təhqir, iftira mövzuları üstünlük təşkil edirdi. Bəzi hallarda bu, bu gün də vardır. Ancaq onların miqdarı xeyli azalıbdır. Ona görə məsuliyyət və peşəkarlıq, dəqiq informasiya mütləq hər bir medianın imicini göstərir.
Ümid edirəm ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaqdır. Hər halda biz buna çalışırıq, çalışmalıyıq. Bir daha demək istəyirəm ki, biz müasir dövlət qururuq. Müasir dövlət quruculuğu üçün bizim bütün imkanlarımız vardır. İlk növbədə, biz siyasi iradəmizi, müstəqil siyasətimizi davam etdirməli, eyni zamanda, dünyadakı müsbət praktikanı Azərbaycanda tətbiq etməliyik. Burada mən heç bir problem görmürəm. Bizim şəraitimizə, milli adətlərimizə uyğun ən mütərəqqi təcrübə Azərbaycanda tətbiq edilməlidir. Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik.
Möhtərəm Prezident, mən bir məsələni də qeyd etmək istəyirəm. Əflatun müəllim dedi dünyanın heç bir yerində görünməyib ki, jurnalistləri dövlət evlə təmin etsin. Artıq dünyada belə bir qayda yoxdur ki, kiməsə pulsuz ev versinlər. Yəni, azad iqtisadiyyatı olan bir ölkədə hər kəs özü ev alır. Amma Sizin jurnalistlərə bu qədər diqqət göstərməyiniz, onlarla görüşləriniz, hər görüşdə jurnalistləri daha da ruhlandırmağınız əsas amillərdən biridir.
Möhtərəm Prezident, Siz təkcə jurnalistikaya yox, Azərbaycanın bütün sahələrinə xüsusi diqqət göstərirsiniz. Bir faktı demək istəyirəm. Biz Sizin Sərəncamınızla çəkilmiş "Dolu” filminin Gürcüstanda təqdimatını keçirirdik. Onların məşhur bir rejissoru var, biz onu inandıra bilmədik ki, Azərbaycanda filmlər dövlət hesabına çəkilir. Deyirdi ki, elə bir şey ola bilməz. Onu inandıra bilmədik ki, hər il Azərbaycanda televiziyalara milli serialların çəkilməsi üçün vəsait ayrılır. Dedilər xoşbəxt insanlarsınız ki, sizdə cizgi filmləri, bədii film, sənədli film və milli seriallar çəkilməsi üçün dövlət qayğı göstərir, vəsait ayırır. Bütün sahələrə, ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə dövlət öz qayğısını göstərir. Buna görə də biz Sizə təşəkkür edirik. Əsas odur ki, Azərbaycanı Siz dünyada söz sahibi etmisiniz. Azərbaycanın dünyada yeri var, bayaq özünüz qeyd etdiyiniz kimi, möhtərəm Prezident, Azərbaycan başqalarının sözü ilə oturub-durmur. Bu, bizi sevindirir. Azərbaycan öz sözünü deyir. Başqa dövlətlərin, qonşu dövlətlərin, kiminsə təsiri altında deyildir. Sizin apardığınız bu siyasət bütün xalqın ürəyincədir və biz jurnalistlərin üzərinə nə düşür? Biz jurnalistlər də apardığınız bu uğurlu, müdrik siyasətdə xalqımızla birlikdə Sizə dəstək oluruq. Sizin gördüyünüz işləri, dünyada gedən prosesləri işıqlandırmaq, ölkəmizə qarşı aparılan "qara piarlar”a dərhal cavab vermək biz jurnalistlərin əsas vəzifəsidir. Biz bunu gücümüz daxilində edirik və bu görüşdən sonra yəqin ki, bu proses daha da güclənəcəkdir.
Prezident İlham ƏLİYEV: Çox sağ olun.
- Mən 65 ildir dövlət rəhbərlərinin, rəsmi adamların çıxışlarını eşidirəm. Əksəriyyəti şparqalkadan oxuyanlar olub. Qarşımızda yalnız Prezident şparqalkasız danışdı, qəlbində olanları, düşündüklərini söylədi. Buradakı jurnalistlərə, sözün həqiqi mənasında, Prezident dərs keçdi. Təşəkkür edirəm.
Nə yazsa yaxşıdır? Birinci yazdı ki, gərək hər bir azərbaycanlı, hamı başa düşə ki, bu Vətən də, bu millət də, bu dövlət də bizimdir. Bu dövlətdə, bu Vətəndə ögey övlad yoxdur. Hamı bu Vətənin övladıdır. Bu Vətənin taleyi hamının taleyidir. Jurnalistlərin vəzifələrini müəyyənləşdirəndə dedi ki, bizim qəzetin səhifəsi kimə açıqdır? Vətən abadlığı birinci, millət salamatlığı ikinci, camaat tərəqqisi üçüncü, dövlət intizamı dördüncü, müstəqillik, istiqlal və yenə də istiqlal. Kim bu mövzuda yazırsa, bizim qəzetin səhifələri bir ananın öz doğma övladına açdığı qucaq kimi açıqdır.
Prezident İlham ƏLİYEV: Sağ olun!
Yəni, ona görə mənim Sizə ikinci təşəkkürüm budur. Üçüncü bir xatirəmi danışmaq istəyirəm. Bir kitab çıxıb, Əziz Əliyev haqqında. Tahir Talıblının kitabıdır. O professordur, kafedra müdiridir. Əziz Əliyev haqqına həm Azərbaycan, həm də rus dilində yazıb. Burada bir faktı yazıb. Mən onu öz gündəliyimdə yazmışam. Amma çap etdirməmişəm və heç yanda da bunu danışmamışam, deməmişəm. Bu gün mən istəyirəm onu Sizə deyəm. Deməli, Tahir Talıblı 1957-ci ildə universitetin filologiya fakültəsinin beşinci kurs tələbəsi idi. Mən müsahibə almaq üçün gecə getmişdim Zevin küçəsində Əziz Əliyevgilin evinə. Məqsədim də bu idi ki, Bağırovun məhkəməsi olmuşdu, bu barədə Əziz Əliyevin fikirlərini öyrənim. Şəxsiyyətə pərəstiş, Bağırov dövründə Əziz Əliyevin, bilirsiniz də, başına oyun açmışdılar.
Ona görə də Sizə həm təbrik, həm təşəkkür, həm də tarixi fakt düşür. Mən Sizə müvəffəqiyyət arzulayıram. Ən azı mənim qədər yaşayasınız. Sağ olun!
- Möhtərəm Prezident, fürsətdən istifadə edib mən də Sizi təbrik edirəm. Siz jurnalistlərin təkcə dostu yox, himayədarı və arxasısınız. Sizi ahıl jurnalistlər adından təbrik etmək istəyirəm.
Xahişim nədir?! Bu Məclis 2010-cu ildə təşkil olunub. Ancaq ictimai əsaslarla fəaliyyət göstəririk. Biz istədiyimiz kimi işləyə bilmirik, çünki vəsaitimiz yoxdur, bizə vəsait ayrılmır. Çox xahiş edirəm ki, əlaqədar təşkilatlara göstəriş verəsiniz. O insanları biz gedib evlərində yoxlayırıq, o insanlara anım günü keçiririk, dünyasını dəyişmiş görkəmli jurnalistlərimizin xatirə günlərini keçiririk.
Vaxtınızı almaq istəmirəm, Sizə bir daha təşəkkür edirəm. Bir daha təbrik edirəm ki, növbəti Prezident seçkilərində çox böyük üstünlüklə qalib gəldiniz. Bu, Sizin haqqınızdır, Sizin işinizin nəticəsidir. Bayaq yaxşı dediniz ki, biz yaşlılar müqayisə etməyi bir qədər yaxşı bacarırıq. Çünki o dövrdə də, bu dövrdə də yaşamışıq. Sizinlə görüşə gələrkən yoldaşlara deyirdim ki, təkcə bu prospekti salmaq üçün sovet dövründə yüz il vaxt lazım idi. Bu gün bütün Azərbaycan çox sürətlə inkişaf edir, bu prospektdən də gözəlləri yaradılıbdır.
- Hörmətli cənab Prezident.
Dövlətin dəstəyini hiss etmək çox gözəl bir şeydir. Onu almaq daha da gözəldir. Biz neçə ildir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan Azərbaycanın yazılı mətbuatı olaraq dəstək alırıq. Açığı Sizə deyim ki, hazırda Azərbaycanın yazılı mətbuatının mövcudluğunun, yaşamının və inkişafının iki qaynağı vardır: birincisi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondundan, onun layihələrinin maliyyələşdirilməsi nəticəsində əldə olunan qaynaqdır. Digəri isə satış – qəzetimizin tirajının satışı nəticəsində əldə etdiyimiz qaynaqdır.
Eyni zamanda, bu imkanlardan istifadə edib rus dilində də bir portal yaratmışıq. Bu da Sizin bayaq dediyiniz kimi, informasiya mübarizəsi prosesində bizim rus dilində və rusdilli məkanda dövlətimizə, onun kursuna strateji məsələlərdə, müstəqilliklə, Dağlıq Qarabağla bağlı məsələlərdə verə biləcəyimiz bir dəstəkdir.
Digər tərəfdən də son vaxtlar metro stansiyalarında qəzet satışının yığışdırılması ilə bağlı çox ciddi bir problem yaşamaqdayıq. Əlbəttə, biz də başa düşürük ki, metro stansiyaları və metro insanların gediş-gəlişi üçündür və orada heç də hər şeyin satılması doğru deyildir. Lakin burada da bir qayda yaratmaq olar. İnsanlar hər gün işə və evə əsasən metro ilə gəlib-getdiklərinə görə bizim üçün çox maraqlıdır ki, orada satış nöqtələrimiz olsun. Mən çox xahiş edərdim, - bununla bağlı mənim Sizə rəsmi müraciətim də olub, - nəzərə alın ki, dövlət dəstəyindən başqa Azərbaycanda qəzetlər özləri də ayaq üstə durmaq, güclənmək istəyirlər. Azərbaycan vətəndaşlarına iş yeri açıb vergi ödəmə prosesini sürətləndirmək istəyirlər. Ona görə də Sizin verdiyiniz mesajlardan da əminliyimi bildirirəm və ümid edirəm ki, bu məsələlər öz həllini tapacaqdır.
Diqqətiniz üçün təşəkkür edirəm.
- Hörmətli cənab Prezident.
Sizin mətbuatla bağlı fikirlərinizə hər zaman diqqət yetiririk. İndi də çox dəyərli fikirlər dediniz. Bundan öncə Sizin Bakıda keçirilən sonuncu Humanitar Forumda dediyiniz fikirlər həm Forum iştirakçıları, həm media tərəfindən çox rəğbətlə qarşılanmışdı. Bir balaca öz gileyinizi bildirdiniz, medianın ancaq mənfi məsələləri daha çox qabartdığını vurğuladınız. Təəssüf ki, bəzi media orqanları ancaq kin-küdurət yaymaqla daha çox diqqət cəlb etmək, populyarlıq qazanmaq niyyəti güdürlər. Hətta belə olur ki, pis bir ənənə yaranır. Bizim gənc, yeni fəaliyyətə başlayan jurnalistlər bu yolu tanınmağın yolu kimi qəbul edirlər. Mənim yadımdadır ki, iki il öncə jurnalistika fakültəsinin tələbələri bir sayt açmışdılar. Həmin saytın ilk xəbərlərindən biri də ekskluziv bir xəbər kimi bir az da çox qürurla ki, bu xəbəri ilk dəfə biz verdik, yaşlı bir şairin ölümü barədə yazmışdılar. İndi aradan iki il keçib, şair Allaha şükür, sağ-salamatdır. Onda mən onları aradım və dedim ki, bəd xəbəri tez verməyə heç vaxt tələsməyin. İllah da ki, o bəd xəbər yalan ola. Amma bu ənənə hesab edirəm ki, çox pis ənənədir. Mətbuat insanları artıq elə bil ki, xəstə salır, onların təzyiqini qaldırır. Bu barədə Sizin dediyiniz fikirlər çox aktualdır. Mən başqa ölkələrdən də dediyim kimi, Forum iştirakçılarının bu narahatçılığını gördüm. Arzu edirəm ki, bizim sənətimiz, bizim peşəmiz ancaq xoş müjdələri yayan bir sənət kimi tanınsın, insanlarda mənfi məqamlar qoymasın.
Sonra Mətbuat Şurası binasının açılışında Sizin həm vətənpərvərliklə, həm mətbuata xarici təsirlə bağlı dediyiniz fikirləriniz, bu gün də bizim mediamızın xarici təsirdən uzaq olmasını arzulamağınız barədə biz həmişə düşünürük. Biz bilirik ki, illərlə müstəqilliyin xiffətini çəkmiş, arzulamış bir ölkəni sağdan, soldan, şimaldan, cənubdan çoxlu istəməyənlər, paxıllar, gözü götürməyən ölkələrin olduğu bir vaxtda müstəqilliyini qorumaq, saxlamaq, heç kimə əyilməmək, eyni zamanda da inkişaf etdirmək, gözəlləşdirmək çox çətin, ağır bir prosesdir.
Bu prosesdə əlbəttə, xarici qüvvələrin marağı vardır ki, Azərbaycanda hansısa narazılıqlar, narahatlıqlar olsun. Əgər bizim hansısa mediamız bu niyyətlərin güdazına gedirsə, buna dəstək verirsə, bəzən özgə, düşmən dəyirmanına su tökürsə əlbəttə ki, bu, bağışlanmazdır. Sizin bu narahatlığınızı başa düşürük və inanıram ki, bütün mediamız bu məsələdə Sizin fikirlərinizlə, dediyiniz vətənpərvərlik məqamları ilə həmrəy olacaqdır.
Əvvəla onu deyim ki, həmin beynəlxalq konfransda bir sıra ölkələrdən alimlər iştirak edirdilər. Onlar Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumdan qayıtmışdılar. Onlar Azərbaycan, Bakı, Sizin haqqınızda çox ürəklə danışırdılar. Bəziləri Forum çərçivəsində Naxçıvanda, Qəbələdə olmuşdular, çox heyranlıqla, ağızdolusu bəyəndiklərini bildirirdilər.
Mən təyyarədə dostluq barədə düşündüm, müdriklərin fikirlərini xatırladım ki, dostluq nədir, necə olmalıdır. Düşündüm ki, dostluq insanın gözləmədiyi çətin bir məqamda hayına yetmək, qeybdən var olan kimi onun hansısa bir problemini həll etməkdir. Bu mənada 7-8 il öncə Azərbaycan yazılı mətbuatı yenə bir çətinlik yaşayırdı. Onu da deyim ki, ilk dəfə 2001-ci ilin dekabrında yazılı mətbuat üçün çox böyük, ağır bir proses olanda ümummilli lider Heydər Əliyev o vaxt mətbuatı, yazılı mətbuatı, qəzetləri məhv olmaqdan xilas etmişdi. Belə bir proses isə yeni medianın ortaya çıxması, qəzet satışında, reklam bazarında olan problemlərlə bağlı yarananda biz düşünürdük ki, bizim işimiz, məsləkimiz, ömrümüzü həsr etdiyimiz və zövq aldığımız bu sənəti davam etdirə biləcəyikmi? Qəzetlər bağlanmaq təhlükəsindədir, qəzetlərin iqtisadi imkanları məhduddur. Belə bir vaxtda qeybdən böyük dost əli çiynimizə qonub və fond yaranıb. O Fondun sayəsində biz rahat nəfəs alırıq və qəzetlərimizin fəaliyyətindən əmin oluruq.
Sonra biz fikirləşirik ki, əməkdaşlarımız, uzun illər mediada çalışan işçilərimiz artıq vaxt keçir, yaşlaşırlar, bəzilərinin artıq övladları böyüyüb, kirayədə qalırlar. Belə bir vaxtda da yenə bizim böyük dostumuzun əli köməyə çatır və Siz 156 jurnalisti mənzillə mükafatlandırırsınız.
Buna görə də Sizə hədsiz təşəkkürümü bildirirəm. Azərbaycan mətbuatına verdiyiniz dəyərə və bizim jurnalistlərə bu cür ürək qızdırdığınıza görə çox minnətdaram, çox təşəkkür edirəm.
Seriallarla bağlı Aqil müəllim öz fikirlərini bildirdi ki, Azərbaycanda televiziya seriallarına dövlət öz dəstəyini verir. Doğrudan da belədir. Bilirsiniz, bunun səbəbi ondan ibarət idi ki, Azərbaycan telekanallarında daha çox xarici seriallar nümayiş etdirilirdi. Bir çox hallarda bu seriallar xarici ölkələrin həyat tərzini, məişət münasibətlərini əks etdirirdi. Seriallar əslində milli seriallar olmalıdır ki, Azərbaycan vətəndaşlarının maraqlarını təmin etsin. Ona görə qərar qəbul edildi ki, xarici seriallar müvəqqəti olaraq Azərbaycan televiziyalarından çıxarılsın. Belə olan halda məsələ qalxdı ki, bəs yerli serialları çəkmək üçün imkan yoxdur. Ona görə də biz belə qərar qəbul etdik. Bu gün görürəm ki, müəyyən çətinliklər olsa da, hər halda artıq yerli seriallar maraq doğurur və burada bir neçə məqsəd güdülür. İlk növbədə biz öz mövzularımız ətrafında tamaşaçılara məlumat veririk. Eyni zamanda, serialların çəkilişi, xüsusilə dövlət vəsaiti hesabına olanda iş yerlərinin yaradılmasına gətirib çıxarır ki, bu da aktyorlar, rejissorlar, ssenari müəllifləri və bu işlərlə məşğul olanlar üçün əlavə qazanc mənbəyidir. Əlbəttə ki, Azərbaycanda bundan sonra da həm kino, həm də seriallar çəkiləcəkdir. Azərbaycan dövləti bu sahəyə öz dəstəyini bundan sonra da əsirgəməyəcəkdir.
Şirməmməd müəllimin çıxışı mənim üçün çox böyük maraq doğurdu. Doğrudan da bu, bir qədər gözlənilməz oldu. Sözün düzü, mən bilmirdim ki, siz babam Əziz Əliyevlə təmasda olmusunuz. Bu, mənim üçün də çox maraqlı, əziz xatirələrdir. Doğrudan da 1950-ci illərdə babamla görüşmüsünüz.
Sizə öz hörmətimi bildirmək istəyirəm. Mən sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm. Yadımdadır ki, 1970-ci illərdə siz Azərbaycan televiziyasında siyasi icmal verilişi aparırdınız. Mən o vaxt sizin verilişinizi maraqla izləyirdim. O vaxt sovet televiziyasında belə bir veriliş var idi - "Politiçeskoye obozreniye”. Onu Zorin aparırdı, ondan sonra başqaları aparırdı, bizdə isə siz aparırdınız. O vaxt xarici siyasətlə, başqa ölkələrdə baş verən hadisələrlə bağlı bizim məlumatımız yox idi. Çünki qəzetlərdə bu məlumatlar çox az verilirdi. Ona görə bu icmaldan biz məlumat əldə edirdik və o vaxtdan sizi mən qiyabi tanıyıram, sizin fəaliyyətinizi çox yüksək qiymətləndirirəm.
Azərbaycan xalqı, xüsusilə, Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı sizin işinizə çox yüksək qiymət veribdir. Bu, doğrudan da bizim tariximizin şanlı səhifəsidir, müsəlman aləmində ilk demokratik respublika olmuşdur. Respublikanın baniləri Azərbaycan xalqı qarşısında çox böyük xidmətlər göstərmişlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, digər rəhbərlər, onların dünyagörüşü, cəsarəti, xalqa olan bağlılığı hər bir azərbaycanlı üçün bir nümunədir. Ona görə onların əziz xatirəsi bizim üçün daim qürur mənbəyidir. Müstəqillik mövzularında araşdırmalar nəticəsində yaradılan əsərlərə böyük ehtiyac vardır. Çünki bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və bizim əsas müstəqillik bayramımız da 28 May bayramıdır. Çünki o vaxt Azərbaycanın dövlətçilik əsasları qoyulmuşdur.
Ancaq biz yaxşı bilirik, siz də hamıdan yaxşı bilirsiniz, o vaxt ölkə ətrafında və hətta ölkə daxilində gedən proseslər imkan vermədi ki, bu müstəqillik qorunsun. Cəmi 2 ildən sonra müstəqillik əlimizdən alınmışdır. O vaxt bolşeviklərin böyük yalanlarından biri də məhz bu olmuşdur. Çünki biz yaxşı bilirik ki, bolşeviklər bir neçə əsas şüarla hakimiyyətə gəlmişdilər - torpaq kəndlilərə, fabriklər fəhlələrə, xalqlara müstəqillik, özgürlük, hürriyyət. Heç birini də etmədilər. Axırıncını da, müstəqilliyi də əlimizdən aldılar. Amma tarixi şans elə gətirdi ki, bu xoşbəxtlik Azərbaycana bir daha nəsib oldu. Olmaya da bilərdi. Çünki o vaxt Sovet İttifaqı əlbəttə ağır vəziyyətdə idi, amma çökməyə də bilərdi. O vaxt çökməsəydi ola bilsin ki, bu gün də, necə deyərlər, ölkə hələ yaşaya bilərdi. Hər halda belə ehtimal da olmuşdur. Ona görə də bu tarixi şans idi. Azərbaycanda xalq hərəkatı, müstəqillik uğrunda gedən mübarizə, digər bəzi postsovet ölkələrində gedən mübarizə əlbəttə ki, Sovet İttifaqının süqutunu şərtləndirmişdir.
Bir daha demək istəyirəm ki, biz bu şansı əldən verə bilmərik. Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində proseslər narahatedici idi. Bu gün isə bizim dövlət müstəqilliyimiz artıq sarsılmazdır. Müstəqillik mövzuları daim gündəlikdə olmalıdır və tarixi paralellər aparılmalıdır. Buna da böyük ehtiyac vardır. Müstəqilliyin üstünlükləri, - mən həmişə bu barədə danışıram, - nədən ibarətdir. Bu gün Azərbaycan heç vaxt tarixdə olmadığı kimi güclü bir ölkədir. Bugünkü Azərbaycan dünya miqyasında böyük hörmətə malik olan ölkədir. Bizim incəsənətimiz, idmanımız tarixdə ən yüksək səviyyəyə qalxmışdır. Bir neçə gün bundan əvvəl mən şahmat komandamızın nümayəndələrini qəbul etdim. Avropa çempionu olmuş Azərbaycan şahmat komandası yenə də Avropa çempionudur. Sovet dövründə bunu heç təsəvvür etmək mümkün deyildi. Bir-iki şahmatçımız var idi. Onlar da şahmat cədvəlində təqribən 10-cu, 15-ci yerlərdə idilər. Bax, budur müstəqilliyin üstünlükləri - müstəqil siyasət, güclü iqtisadiyyat, cəmiyyətdə hökm sürən ab-hava, milli həmrəylik. Bütün bunlar müstəqilliyimizin üstünlükləridir. Hesab edirəm ki, jurnalistlər də bu mövzular ətrafında bundan sonra da öz sözünü deyəcəklər.
Burada medianın problemləri ilə bağlı qaldırılan digər məsələlərə də toxunmaq istərdim. Satışla bağlı. Hesab edirəm ki, burada da əlbəttə ciddi düzəlişlərə ehtiyac vardır. Deyə bilərəm ki, Bakıya yeni köşklərin gətirilməsi təşəbbüsü də məndən gəlmişdir. Çünki şəhərimizin hər bir tərəfi gözəlləşir, abadlaşır və gördüm ki, köhnə, sınıq-salxaq köşklər bizim şəhərimizə yaraşmır. Ona görə dövlət hesabına yeni köşklər alınmış və fəaliyyətə başlamışdır. Amma ondan bir müddət sonra şəhərdə, şəhərin müxtəlif yerlərində olarkən görürdüm ki, bu köşklər bir növ kiçik bazarlara çevrilir, onun ətrafında meyvə-tərəvəz, ət məhsulları və s. satılır. Ciddi irad tutdum ki, bunu yığışdırın. Köşkün daxili o qədər rahat qurulub ki, orada qəzetlər, şokolad, əşyalar, hər şey satıla bilər. Amma biz köşkün ətrafını bazara çevirməməliyik.
Eyni zamanda, mən hər zaman orada qəzetlərin də asıldığını görürdüm. Əgər indi məsələ qaldırılır ki, orada qəzetlər satılmır, mən bu məsələni aydınlaşdıracağam. Əgər belədirsə, göstəriş veriləcəkdir ki, bu köşklərdə ilk növbədə qəzetlər satılsın, heç bir məhdudiyyət olmasın. Əli Həsənov bu barədə mənə məlumat verdi ki, bəzi hallarda qəzetlər asılır, ancaq məhdud sayda. Vətəndaşlar istədikləri qədər qəzet ala bilmirlər. Biz bu məsələni yoluna qoyacağıq. Burada heç bir məhdudiyyət ola bilməz. Qəzet satışı ilə bağlı heç bir məhdudiyyət yoxdur və olmamalıdır.
Onu da qeyd etməliyəm, bəzi hallarda bizi bəzi beynəlxalq, xüsusilə qeyri-hökumət təşkilatları əsassız tənqid etməyə çalışırlar ki, Azərbaycanda mediaya qarşı siyasət düzgün deyildir, media boğulur, medianın problemləri vardır. Mən həmişə cavab olaraq deyirəm ki, Azərbaycanda azad internet vardır və internet istifadəçilərinin sayı 70 faizdən yuxarıdır. Bu gün Azərbaycan dövləti hər bir şəhərə dövlət hesabına genişzolaqlı internet çəkir. Bu layihə dövlət tərəfindən icra ediləcəkdir. Əminəm ki, yaxın bir neçə il ərzində hər bir şəhərə genişzolaqlı internet çəkiləcəkdir. Eyni zamanda, indi kəndlərdə də internet vardır. Mənim göstərişimlə nazirlərin bölgələrə səfərləri əsnasında, o cümlədən əhalidən gələn təkliflər də təhlil edilir. Onların içində bir təklif də ondan ibarətdir ki, qəbula gələn bir kənd sakini demişdi ki, bizim kənddə internet pis, fasilələrlə işləyir, mən işləyə bilmirəm. Yəni, dövlət bu işi öz üzərinə götürmüşdür.
Azad internet olan halda heç bir məhdudiyyətdən söhbət gedə bilməz. Əgər kimsə qəzet satışını qadağan edirsə, yaxud da ki, məhdudiyyət qoyursa, bu, dözülməzdir. Buna yol vermək olmaz. Bax, yəqin ki, indi məni eşidəcəklər. Əlavə göstərişlər də verəcəyəm ki, heç bir məhdudiyyət olmasın.
Xalqımız çox qonaqpərvər, tolerant xalqdır. Eyni zamanda, Azərbaycanda ictimai asayiş qorunur, təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Başqa ölkələrlə müqayisədə cinayətkarlıq çox aşağı səviyyədədir. Gün ərzində ölkə üzrə təxminən 30-40 cinayət baş verir, onların böyük əksəriyyəti məişət xarakteri daşıyır. Ona görə əlbəttə ki, mən bu barədə hər hansı göstəriş vermək istəməzdim. Amma hesab edirəm ki, müsbət və necə deyərlər, digər xəbərlərin balansı gözlənilərsə pis olmaz.
Bizim görüşümüzün bazar gününə təsadüf etməsi də mənim üçün adi iş cədvəlidir. Mənim üçün bazar günləri də iş günüdür. Bu gün hələ bir görüşüm də olacaqdır. Dünən də olubdur. Elə olur ki, mən həftələr ərzində bazar günlərində də işləyirəm. Elə olur ki, istirahət üçün daha çox vaxt olur. Prezidentlərin işi belədir ki, heç bir cədvələ sığmır. Mən ötən bazar gününü Kiyevdə keçirmişəm, ondan sonra Avstriyada. Bakıda qonaqlar olub. Dünən, bu gün, sabah. Həyat davam edir. İş çoxdur. Əgər biz doğrudan da böyük nailiyyətlərə çatmaq istəyiriksə, gərək hamımız fəal işləyək. Əminəm ki, işin nəticələrini görəndə hər bir vətəndaş sevinir. O cümlədən, görəndə ki, media cəmiyyətində də xoş əhval-ruhiyyə var, bu, məni doğrudan da çox sevindirir. Belə də olmalıdır.
Bir daha demək istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə aparılır, aparılmalıdır. Əlbəttə, mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada aparılsın. Son prezident seçkiləri və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda siyasi mədəniyyət artır.
Media nümayəndələri, iqtidar-müxalifət nümayəndələri də öz aralarında məsələlərini həll etməlidirlər. Biz hamımız Azərbaycan vətəndaşlarıyıq. Hamımızın bir Vətəni vardır – Azərbaycan. Hamımız vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu göstərir. Media məsələlərinin, digər məsələlərin həlli ilə bağlı Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz. Jurnalistlər üçün mənzillərin verilməsi bir daha bunu göstərdi. O tədbirdən gedəndən sonra mənə dedilər ki, açıq, şəffaf şəkildə püşkatma da oldu. Belə də olmalıdır.
Mən hesab edirəm ki, bizim belə görüşlərimiz böyük məna daşıyır. Biz görüşürük. Deyə bilmərəm ki, tez-tez görüşürük, amma vaxtaşırı görüşürük. Əminəm ki, bundan sonra da belə görüşlərimiz olacaqdır. Ancaq burada bir problem ola bilər. Gələcəkdə, əgər bundan sonra da mən mediaya dəstəyimi verəcəyəmsə və bunu artıracağamsa istisna edilmir ki, siz məni üçüncü dəfə "Jurnalistlərin dostu” seçəcəksiniz. Bir daha bu mükafata görə Sizə minnətdaram. Sizə cansağlığı, uğurlar arzulayıram. Sağ olun.
"Burda ən çox qazanan məhz Azərbaycan oldu" - "Rusiya demək istəyir ki, bölgədən sakitcə getməyəcək, İran isə..." (MÜSAHİBƏ)
Bu gün ali məktəblərə ixtisas seçimi başlayıb - DİM-dən xəbərdarlıq
Zəngilanda yanğın törədən şəxs saxlanılıb
Qəzzada humanitar yardım almaq istəyən 22 nəfər öldürülüb
Ərdoğan: "Allah ölkəmizi hər cür bəlalardan qorusun”
İsrail ordusu İordan çayının qərb sahilinə basqın edib - Həbslər var
İmdat Avşar – Türk dünyasının parlayan ədəbi siması
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ baş verib - 6,1 bal gücündə
Ağdərədə meşə yanğını davam edir - VİDEO
Bakı - Xırdalan - Sumqayıt sürət qatarının qrafiki dəyişib - CƏDVƏL
"Bu, əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacaq" - Əliyevlə Zelenski müzakirə aparıb
Qazaxıstan prezidenti İlham Əliyevə zəng edib
Prezident İlham Əliyev Berdiməhəmmədova zəng edib: "ABŞ prezidentinin şahidliyi ilə..."
Rezidenturaya qəbul imtahanı keçirilib
Sabah Bakıda və rayonlarda yağış yağacaq
Ağdam və Xocavənddəki yanğın söndürülüb (Yenilənib)
"Hamınız barışıq və ortaq rifahın yeni dövründən zövq alın” - İsrail prezidenti və Netanyahu Əliyevlə Paşinyana mesaj verdi
İlham Əliyev Şavkat Mirziyoyevə zəng edib: "Bu nəticələrin əldə olunmasında Trampın xüsusi rolu var"
İlham Əliyev Ərdoğana zəng edib - Nələr müzakirə olunub?
Cənubi Qafqazın ardınca növbəti geopolitik sövdələşmə məkanı: 15 avqust, Alyaska - Elxan ŞÜKÜRLÜ YAZIR
"Ölkəmiz qarşısında böyük imkanlar açılır..." - İlham Əliyev Baydeni ittiham etdi, Trampla şəxsi münasibətlərindən danışdı (MÜSAHİBƏNİN TAM MƏTNİ, VİDEO)
Gürcüstandan ABŞ-dakı tarixi anlaşmaya - Reaksiya
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın hava proqnozu
ATV-nin süjeti: "Əgər bizim məktəbə 1-ci sinfə qəbul olmayacaqdısa..." - 70 şagirdə bildiriş gəldi, nazirlik isə sonradan... (VİDEO)
ABŞ-da ÜÇTƏRƏFLİ TARİXİ ANLAŞMA: diqqət çəkən məqamlar... - TƏHLİL
Göyçayda zəlzələ oldu
"Hərdən deyirəm ki, kaş sənətə də gəlməzdim" - Afət Fərmanqızı
Paşinyan: "Artıq bir neçə aydır deyirəm ki..."
Ağdərədə yanğın törədən şəxs saxlanılıb
Mehriban Əliyeva: "Sülh sazişi istiqamətində mühüm addım atılıb"
Azərbaycan nefti bahalaşdı
"Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız" - Əliyevlə Tramp arasında maraqlı dialoq + FOTOLAR
ABŞ, Azərbaycan və Ermənistan liderləri bir arada: mühüm sənədlər və bəyannamə imzalandı, mesajlar verildi - VİDEO, FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəzzada daha 17 nəfər öldürülüb
Ərdoğan: "Milli gəlirimiz ilk dəfə 1 trilyon dolları keçdi"
Prezidentin köməkçisi: “Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı!!!"
Naxçıvan İpoteka Fondu yenidən formalaşacaq
AzTV Su Ehtiyatları Agentliyinin fəaliyyətini tənqid etdi - VİDEO