"Almaniya ABŞ və İsrailin İran qarşı hərbi hücumlarında iştirak etməyəcək".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius ölkə parlamentindəki çıxışında deyib.
Onun sözlərinə görə, münaqişəyə diplomatik həll yolu tapılmalıdır: "Almaniya bu müharibənin tərəfi deyil. Almaniya Silahlı Qüvvələri bu müharibədə iştirak etməyəcək. Biz regionda gərginliyin azaldılmasına və zorakılığın daha da yayılmasının qarşısının alınmasına töhfə vermək üçün əlimizdən gələni edirik. Əslində, ABŞ və İsrailin hərəkətlərinin beynəlxalq hüquqa uyğun olub-olmadığı müzakirə olmalıdır. Bu, vacibdir. Hesab edirik ki, beynəlxalq nizam və sabitlik yalnız ölkələr qanuna əməl etdikdə uzunmüddətli qoruna bilər".
Nazir İran rejiminin də uzun illərdir beynəlxalq hüququ dəfələrlə pozduğunu xatırladıb: "İsrail-Amerika hücumları İsraili məhv etmək istəyən bir rejimə qarşı yönəlib. Bu rejim illərdir, hətta onilliklərdir həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə zülm və terror tətbiq edir".
Samir Musayev
MİA.AZ