Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez ölkə prezidenti və onun xanımını qaçıraraq mühakiməyə çıxaran ABŞ-ı "əsas dost və strateji tərəfdaş" adlandırıb və Donald Trampa publik xahiş edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, xahişində illərdir Venesuelaya tətbiq edilən sanksiyalarla yanaşı, hazırkı blokadaların dərhal ləğv olunmasını istəyib: "Prezident Tramp, bir dost və tərəfdaş olaraq, ABŞ ilə yeni əməkdaşlıq gündəliyini başlatdığımız bir vaxtda, ölkəmizə qarşı bütün sanksiya və blokadalara dərhal son qoyun, çünki bu blokadalar həm də Venesuela gənclərinə qarşıdır".

Venesuela ilə bağlı xoş sözlərinə görə Trampa xüsusi təşəkkür edən Rodrigez sözünə belə davam edib: "Venesuela heç vaxt ABŞ-ı və ya dünyanın heç bir ölkəsini təhdid edən bir ölkə olmayıb. Biz həmişə ABŞ-la dostluq və əməkdaşlığa əsaslanan geosiyasi anlaşmanın tərəfdarı olmuşuq".

Rodrigez daha sonra 3 yanvarda ABŞ tərəfindən prezident Nikolas Maduro və həyat yoldaşı Cilia Floresin qaçırılması hadisəsini "pis hadisə" saysa da, olayı əvvəlkitək qınamayıb.

Samir Musayev

MİA.AZ