ABŞ Prezidenti Donald Tramp Macarıstana iqtisadi inkişaf yolundakı istənilən maneələrin aradan qaldırılmasında və sabitliyin təmin edilməsində hərtərəfli dəstək göstərməyə hazırdır.
Bu barədə ABŞ dövlət katibi Marko Rubio Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanla birgə mətbuat konfransında bəyan edib.
Onun sözlərinə görə, Macarıstanın, xüsusilə ölkəyə Viktor Orbanın rəhbərlik etdiyi dövrdə əldə etdiyi uğurlar birbaşa olaraq ABŞ-nin milli maraqlarına uyğundur.
"Mən əminliklə deyə bilərəm ki, Prezident Tramp sizin uğurunuza dərindən sadiqdir. Çünki sizin uğurunuz bizim uğurumuzdur. Əgər siz maliyyə çətinlikləri, iqtisadi inkişafa maneələr və ya sabitliyə təhdidlərlə üzləşsəniz Donald Tramp şəxsi münasibətlərinizi və Macarıstanın ABŞ üçün əhəmiyyətini nəzərə alaraq, yardım yolları tapmaqda böyük maraq göstərəcək", - M.Rubio vurğulayıb.
ABŞ dövlət katibi, həmçinin Donald Tramp tərəfindən təşəbbüs edilmiş Qəzza üzrə Sülh Şurasında iştirakına görə Macarıstana minnətdarlığını ifadə edib: "Biz həmçinin Sülh Şurasındakı əvəzolunmaz rolunuza görə sizə təşəkkür etmək istəyirik. Bu Şuraya müxtəlif səbəblərə görə bütün ölkələr daxil deyil. Bəziləri iştirak edə bilər, bəziləri isə yox. Amma siz iştirak edirsiniz".