Qazaxıstan Respublikasının Konstitusiya Məhkəməsi yeni Konstitusiya layihəsinin mətnini dərc edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 11 fəsil və 95 maddədən ibarət yeni konstitusiya layihəsində Qazax dili dövlət dili statusunu qoruyub.
Yeni konstitusiya suverenliyi, müstəqilliyi, unitar quruluşu, ərazi bütövlüyünü və idarəetmə formasını dəyişməz dəyərlər kimi müəyyən edəcək: "Bundan əlavə, insan kapitalının, təhsilin, elmin və innovasiyanın inkişafı dövlət fəaliyyətinin strateji sahələri sayılıb"
Xarici siyasətə gəldikdə isə, Qazaxıstan sülh, əməkdaşlıq, daxili işlərə qarışmamaq və beynəlxalq mübahisələrin sülh yolu ilə həlli prinsiplərinə sadiqlyini qoruyacaq.
Bundan başqa, ölkədə kimlərin prezident ola biləcəyinin sərhədi cızılıb: "Qazaxıstanda anadan olmuş, ən azı 40 yaşında, dövlət dilində sərbəst danışan, son 15 ildə Qazaxıstanda yaşamış, ali təhsil almış və dövlət qulluğunda və ya seçkili vəzifələrdə ən azı 5 illik təcrübəyə malik şəxs prezidentliyə namizəd ola bilər. Prezidentin vaxtından əvvəl istefa verməsi halında, vəzifə müvəqqəti olaraq vitse-prezidentə, qurultayın (parlamentin) sədrinə və ya baş nazirə veriləcək".
Qazaxıstanın dövlət katibi Yerlan Karin bildirib ki, yeni konstitusiya suverenliyin və müstəqilliyin qorunması, insan hüquq və azadlıqlarına hörmət, qanunun aliliyi, milli birliyin möhkəmləndirilməsi, xalqın rifahının artırılması, sosial dialoq, yüksək ekoloji maarifləndirmə, tarixi və mədəni irsin qorunması və milli mədəniyyətin dəstəklənməsi kimi fundamental prinsiplərə əsaslanır.
Firudin Səfərli
MİA.AZ