MHP lideri Dövlət Baxçalının "Ərdoğanın geri çəkilməyə haqqı yoxdur. O, yenidən Prezident olmalıdır" bəyanatı Türkiyə siyasətində böyük rezonans doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırkı Konstitusiyaya əsasən, növbəti dəfə namizəd olması şübhəli olan Ərdoğanın yenidən ölkə başçısı postuna iddalı olması müxalifləri ayağa qaldırıb.

Prezident Ərdoğan isə "Mənim elə bir dərdim yoxdur" desə də, bu, müzakirələri səngitməyib, əksinə Baxçalının çıxışından sonra daha da "alovlanıb".

Məsələyə Ərdoğanın lideri olduğu AK Partiya sözçüsü Ömər Çelik də izah verib. O, bildirib ki, Baxçalının "Prezidentin yolundan geri çəkilməyə haqqı yoxdur" mesajını təqdir edir və ona xüsusi minnətdarlıq edirlər: "Millətimiz nə deyirsə, o da olacaq. İndi bəziləri ancaq prezidentimizə qarşı çıxmaqla bu məsələni gündəmə gətirirlər. Təbii ki, prezidentimizin yenidən seçilməsini birinci prioritetimiz kimi istəyirik. Prezidentimizin təcrübəsi, bacarığı, liderlik statusui dövlətimiz və milli həyatımız baxımından xəzinə kimi dəyərlidir".

Samir MUSAYEV
MİA.AZ