İraqın Milli Təhlükəsizlik Şurası anti-İran qüvvələrin ölkə ərazisində istənilən fəaliyyətinin qadağan olunmasına dair qərar qəbul edib.
Məlumatı “almutalee.com” saytı yayıb.
Bildirilib ki, bu qərar Bağdadın sərhəd təhlükəsizliyini və İran İslam Respublikası ilə ikitərəfli münasibətləri gücləndirmək öhdəliklərinin bir hissəsidir.
Məlumata görə, İraq hökumətinin ofisi və Milli Təhlükəsizlik Şurası tərəfindən verilmiş rəsmi sənədə əsasən, təhlükəsizlik, hərbi qurumlara, sərhəd limanları İdarəsinə, regional hökumətə (İraqın şimalındakı hökumət nəzərdə tutur) bu qərarın həyata keçirilməsi üçün zəruri aşağıdakı tədbirləri görmək əmri verilib:
- Bu qrupların qərargahlarını bağlamaq və onların istənilən siyasi, media və ya hərbi fəaliyyətini dayandırmaq;
- İraq ərazisindən İrana qarşı təxribat və ya hücumlar üçün platforma kimi istifadəsinin qarşısını almaq;
-Əvvəllər bəzi qruplar tərəfindən istifadə edilən ümumi sərhəd əraziləri, xüsusilə dağlıq bölgələr üzərində nəzarətin gücləndirilməsi;
-Qətnamənin hərtərəfli həyata keçirilməsini təmin etmək üçün Bağdad və Ərbil arasında təhlükəsizlik sahəsində koordinasiyanın gücləndirilməsi.
İraq ərazisində əsasən, terrorçu PKK qruplaşması və onun müxtəlif qolları, İran Kürdüstan Demokrat Partiyası fəaliyyət göstərir.
İraqdan İran ərazisinə müxtəlif silahlı qruplar hücum edir. Tehran hakimiyyəti 2024-cü ilin yayında Bağdad və İraqın şimalındakı yerli hökumətə bunların qarşısını almağa çağırıb. İran əks halda İraqı raket atəşinə tutacağı ilə xəbərdar etmişdi./Report