Bu gün "Qarabağ" Futbol Klubu (FK) öz meydanında, Azərsun Arenada "Neftçi" FK-nı qəbul edib.
Mia.az xəbər verir ki, 7-ci tur çərçivəsində keçirilən oyunda qonaqların qapısına 4 cavabsız qol vurulub. Beləliklə, "Neftçi" özünün məğlubiyyətlər sırasına daha birini əlavə edib.
"Neftçi"nin bu mövsümə uğursuz başlamasının səbəbləri artıq ciddi müzakirələrə səbəb olur.
Komandasını xilas etməyə çalışan baş məşqçi Roman Qriqorçuk isə hələ də nikbin notlarda danışır.
Oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi"min baş məşqçisinin sözlərinə görə, bu gün həm də neftçilərin peşə bayramı olduğundan böyük hesablı məğlubiyyətə görə kədərlidi: "Çünki biz azarkeşləri bayram münasibətilə sevindirə bilmədik". Onun fikrincə, məğlubiyyətin səbəbi həm də ondan ibarətdi ki, rəqib güclüdü: "Bu, təkcə bizim günahımız deyil. Rəqibin güclü olduğunu da nəzərə almaq lazımdı. Düşünürdük ki, oyunda əsas diqqəti rəqibə pressinqə yönəldəcəyik, amma alınmadı".
Qriqorçuk yenə vəd etməkdən qalmadı, dedi ki, biz tezliklə "Neftçi "də həqiqi futbolu görə biləcəyik: "İndi dilim gəlmir çox şeyləri vəd etməyə, amma bunun üçün biz çox çalışırıq".
Yeri gəlmişkən, dünəndən etibarən "Neftçi "də kapitanların təyini ilə bağlı yenilik olub. Baş məşqçinin verdiyi məlumata görə, artıq komandada birinci kapitan Ramil Şeydayev, ikinci kapitan Yuri Matias, üçüncüsü isə Robert Bauerdi.
Daha sonra jurnalistlərin suallarını "Qarabağ" FK-nın baş məşqçisi Qurban Qurbanov cavablandırıb.
Rəqibin məğlubiyyətinə dair fikirlərini açıqlayan Qurbanov dedi ki, belə hallar istənilən komanda ilə baş verə bilər. Bu günlərdə "Neftçi" ilə yolları ayrılan və "Qarabağ"ın keçmiş oyunçusu Qara Qarayevlə bağlı sualları cavablandıran Qurbanov bildirdi ki, Qarayevin onun rəhbərlik etdiyi komandaya yenidən qayıtma ehtimalı yoxdu və bu, məsələ heç müzakirə mövzusu olmayıb.
Qarşıda "Tottenham"la görüşə hazırlıqları dilə gətirən baş məşqçidən onu da öyrəndik ki, onun Londona getməsi və rəqib komandanın daxili oyunlarını izləməsi niyyəti baş tutmayıb.
Qeyd edək ki, Avropa miqyasında oyunlar zamanı Qurbanov mümkün olduqca rəqib komandaların daxili oyunları izləməyə üstünlük verir.
Zülfiyyə Mustafayeva
MİA.AZ