“Tansu” şadlıq sarayı qapadıldı - Antisanitariyaya görə

10-07-2019 [17:51]
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Oğuz şəhərində fəaliyyət göstərən, fiziki şəxs Aydınov Azər Mehrab oğluna məxsus "Tansu” şadlıq sarayında monitorinq keçirilib. 

Mia.az xəbər verir ki, agentliyin Şəki regional bölməsinin həyata keçirdiyi monitorinq nəticəsində şadlıq sarayında qida təhlükəsizliyi sahəsində texniki-normativ hüquqi aktların tələblərinə, eləcə də sanitariya norma və qaydalarına, gigiyena normativlərinə əməl olunmadığı aşkarlanıb.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, monitorinq zamanı restoranda isti və manqal yeməklərinin, soyuq qəlyənaltıların hazırlanması, qabların yuyulma prosesi bir bölmədə həyata keçirildiyi, manqal yeməklərinin hazırlanmasında istifadə olunan ət məhsullarının üzəri açıq şəkildə masada saxlanıldığı, istifadə edilən qazançaların yararsız olduğu, ətin doğranması üçün ayrılmış kötüklərin baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab vermədiyi müəyyən olunub.

Yoxlama zamanı zibil tullantılarının atıldığı qabların ağzı açıq şəkildə mətbəxdə saxlanıldığı, restoranda çalışan işçi personalın tibbi müayinədən keçmədiyi, işə başlamazdan əvvəl işçilərin istifadə etməyi üçün soyunub-geyinmə, yuyunma otağının olmadığı aşkar edilib.

Monitorinq zamanı şadlıq sarayında qida məhsullarının saxlanılması üçün yalnız bir soyuducunun olduğu, mətbəxdə isə havanlandırma sisteminin olmamamsı da mövsud normativlərin pozulması faktı kimi qeydə alınıb.

Aşkar edilmiş nöqsanlar əsasında qanunvericiliyə əsasən protokol tərtib edilib və şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb.


SON XƏBƏRLƏR